Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:25

Susuzluq əlilləri dilə gətirdi...


Arxiv fotosu
Arxiv fotosu

“Türkiyənin “Gəlişim” şirkəti rayonun məmurları ilə əlbir olub 22 milyonu basıb yedi. İndi Lerik müharibədən sonrakı Stalinqradı xatırlardır”.

Lerikdə Camal Şahiyev küçəsində Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş iki yanaşı binanın sakinləri susuzluqdan dad çəkir. Bu iki binada ümumilikdə 32 ailə yaşayır. Və bu 32 ailəyə həftədə bir dəfə 1 ya 2 maşın (8 ton tutumlu) su verilir.

LERİKDƏ KÜÇƏYƏ ÇIXMAYANA SU YOXDUR

İkinci qrup Qarabağ əlili Bulud Əliyev:

“Bu suyu da bizə hay-küydən sonra verirlər. Pulsuzdur deyə, küçəyə çıxıb səsimizi çıxarmasaq, gətirmirlər. Hər binada 200 tonluq su çəni var. 8 ton suyu çənə buraxanda dibində qalır. İş orasındadır ki, heç o suyu da işlədə bilmirik. Çünki suyu mənzillərə vurmaq üçün motor işləmir”.

Xülasə, əlillər suyu şəhərə yaxın kəndlərdəki bulaqlardan daşımalı olurlar:

Ancaq 3 il əvvələ qədər leriklilər rayonda su probleminin kökündən həll olunacağına ümid etmişdilər. Bu ümidi onlarda qazılan xəndəklər, ortalığa atılan su boruları, bir neçə güç səs-küyü beyinə işləyən texnikalar yaratmışdı. Elə bilirdilər su olacaq...

Türkiyə malı adıyla Sumqayıt boruları...

“Rayonda Avropa standartlarına uyğun su və kanalizasiya sisteminin qurulması üçün 22 milyon manat ayrılmışdı. Tenderi də “Gelişim Group” adında bir Türkiyə şirkəti udmuşdu. Əvvəl yaxşı başladılar – qazdılar tökdülər, fəhlələrin əlindən küçələrdə tərpənmək olmurdu. 550 günə - hardasa keçən ilin mart ayında işi bitirməliydilər. Heç işin 50 faizi görülməmiş dedilər pul tükəndi. Sonra da qəflətən yoxa çıxdılar. Fəhlələrin pulu da verilməyib. adını qoydular ki, guya avadanlıqlar Türkiyədən gətirilib. Sonradan bəlli oldu ki, Sumqayıtdan alınıbmış, keyfiyyətsiz borularmış. Bizə qalansa xəndəklər oldu. Yollarda maşın sürmək mümkün deyil”.

Bulud Əliyev deyir, indi əllərinə verdə götürüb su idarəsinə gedib su tələb edəndə onlara “şirkət aradan çıxıb, bizlik bir iş yoxdur” cavabı verilir. İndi rayon sakinlərinə gözləmək məsləhət görülür, deyilir ki, səbrli olun, başqa bir şirkət gələcək, işi davam edəcək. Acaq adamlar bilmirlər ki, o gələn şirkət hansı işi davam etdirəcək – dələduzluğu, yoxsa rayonun su və kanalizasiya sistemini qurmağı...

“Rayon qaymaqları”nın evinə su necə “yol tapır”?

Lerik sakinləri iddia edirlər ki, “rayonun qaymaqları” – yəni vəzifəliləri bircə an da susuz qalmır. Deyəsən, şirkət olan-qalan nə iş görübsə elə həmin vəzifəlilər üçün görüb. Məsələn, iki yanaşı mənzildən birində vəzifəli, digərində sadə insan yaşayır – bu evlərdən biri su görür, digəri yox...

LERİKDƏ SU DƏLLALI KİMDİR?

Sakinlər iddia edirlər ki, elə rayonun su idarəsinin rəhbərliyi. Qarabağ əlili İmran Atayev:

“Rayonda iki su maşını var, hərəsi 8 ton tutumluqdur. İki su maşını da guya yardım üçün ayrılıb. Bu 4 su maşını gecə və gündüz evlərə su daşımaqla məşğuldur. Bir maşın su 40 manata satılır. Hər gün azı 100 maşın su satılır. Yəni vəziyyətin belə olması rayonun məmurlarına sərf edir. Çünki kişilər pul qırırlar. Ona görə də bu rayonda su sarıdan vəziyyət heç vaxt düəzlməyəcək. Kişilər öz bazarlarını bağlaya bilməzlər ki...”

İcra hakimiyyətinin başçısı deyir, hər şey əladır

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı rayonun icra hakimiyyətinə şikayətə gedəndə onlara bildirilir ki, su idarəsinin rəisi Asif İmanova gücləri çatmr. Bəlkə də elə buna görədir ki, icra başçısı Rövşən Bağırov ötən ilin yekunlarına dair toplantıda su sarıdan hər şeyin yaxşı olduğunu bildirib: “Melorasiya və Su təsərrüfatı” ASC-nin sifarişi ilə həyata keçirilən “Lerik şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması” ilə bağlı Qosmalian-Lerik və şəhərdaxili yüksək təzyiqli su xətləri çəkilmiş, məhəllələrdə kanalizasiya sistemi quraşdırılmış, bir neçə məhəllədə su anbarlarının tikintisi, yaşayış evlərinin su və kanalizasiya xətlərinə qoşulması istiqamətində müəyyən işlər həyata keçirilmişdir. Məlum olmayan səbəblərdən son aylarda tikinti işləri tam dayandırılmış, dağılmış küçə və meydanlar bərpa edilməmişdir. Rayonumuz üçün həyati əhəmiyyət daşıyan belə bir layihənin tələb olunan keyfiyyətdə və vaxtında icra edilməməsi əhalinin haqlı narazılığına səbəb olmuşdur”, - icra başçısının illik hesabatında qeyd edilir.

XS
SM
MD
LG