Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:15

«Yeni Azərbaycan»: «Metroda qiymətlərin artırılması nəzərdən keçirilir»


«Yeni Azərbaycan» qəzetindəki «Metroda qiymətlərin artırılması nəzərdən keçirilir» başlıqlı məqalədə bildirilir ki, Bakı Metropoliteninin və «Azəriqaz» Səhmdar Cəmiyyətinin rəhbərliyi metrodakı qiymətlərin və təbii qazın tariflərinin artırılması üçün Tarif Şurasına müraciət edib. Metropoliten hazırda sərnişin daşınması xidməti üçün tətbiq olunan tariflərin çəkilən xərclərdən beş dəfə aşağı olduğunu əsas gətirərək, qiymətlərin ən azı 500 manat (10 qəpik) olmasını istəyir. Hətta bu idarənin Tarif Şurasına göndərdiyi təkliflərdə qiymətlərin 1000 manata kimi artırılması öz əksini tapıb. Tarif Şurası hələlik metrodakı qiymət siyasəti ilə əlaqədar qərar qəbul etməyib. Təbii qazın qiymətinin artırılması barədə «Azəriqaz»ın təklifləri isə Tarif Şurası tərəfindən ümumiyyətlə, gələcəkdə müzakirə olunmayan mövzu kimi qapadılıb və qəbul olunmayıb.


«Yeni Müsavat» qəzetindəki «Papanın bəyanatına etirazlar səngimir» başlıqlı məqalədə bildirilir ki, Roma Papası XVI Benediktin Məhəmməd Peyğəmbər (s.ə.s.) və islam dini barədə xoşagəlməz ifadələr söyləməsi müsəlman dünyasında kəskin reaksiya doğurub. Ayrı-ayrı ölkələrdə başlayan etiraz aksiyaları tədricən xristian ibadətgahlarının yandırılması ilə müşayiət olunur ki, bu da sivilizasiyalararası ziddiyyətlərin daha da dərinləşməsinə səbəb ola bilər. Müsavat Partiyası başqanının müavini Qabil Hüseynliyə görə, bu bəyanat Papa kimi nüfuzlu bir şəxsin siyasətdə «axsadığını», bütövlükdə tarixə, siyasi proseslərə kamil bələd olmadığını nümayiş etdirir. «Təbliğ» İslam Xeyriyyə Vəqfinin rəhbəri Seyid Camal Əzimbəylinin fikrincə isə, Roma Papasının islam və onun sevimli peyğəmbəri haqqında səsləndirdiyi təhqir dolu fikirləri müsəlman dünyası üçün təxribat kimi qiymətləndirmək olar.


«Üç nöqtə» qəzetinin əməkdaşı yazır ki, Qacqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Sənan Hüseynovun sözlərinə görə, havaların gözləndiyindən daha tez soyuması çadır şəhərciklərində məskunlaşan məcburi köçkünlərin yeni salınan qəsəbələrə köçürülməsi prosesini sürətləndirib. İmişli, Saatlı və Sabirabad rayonlarında yük vaqonlarında müvəqqəti məskunlaşan ailələr də gələn ilin birinci yarısına qədər yeni salınan qəsəbələrə köçürüləcək. Cənab Hüseynov son zamanlar mətbuat orqanlarında payız-qış mövsümündə məcburi köçkünlərə verilən ağ neftin pul vəsaiti ilə əvəz olunacağı barədə yayılan məlumatlara da münasibət bildirib. Onun dediyinə görə, bu, həqiqətə uyğun deyil və hər il olduğu kimi, qaçqın və məcburi köçkünlərin yanacaqla təmin edilməsi prosesi dəyişməz olaraq qalıb.


«Gündəlik Azərbaycan» qəzetindəki «Xətai bələdiyyəsində görünməmiş maxinasiyalar» başlıqlı məqalədə müəllif yazır ki, aparılan yoxlamalar nəticəsində elə təkcə ötən il ərzində bələdiyyələrdə 2,6 milyon AZN məbləğində mənimsəmə faktı aşkar olunub. Buna görə hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Mənimsəmə hallarından biri də paytaxtın Xətai bələdiyyəsində baş verib. Hesablama Palatasının aprelin 27-də apardığı audit yoxlamaları nəticəsində xeyli mənimsəmə, əhalidən toplanmış vergilərin büdcəyə daxil edilməməsi və digər qanun pozuntuları aşkar olunub. Mütəxəssislərin fikrincə, illik büdcəsi təxminən 300 min AZN olan bu qurumda doğru-dürüst yoxlama aparılsa, mənimsəmə halları il ərzində 10-15 milyon AZN-i keçər. Bu isə o deməkdir ki, bələdiyyə büdcəsi qəsdən düzgün hesablanmır.


XS
SM
MD
LG