Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:14

«Yeni Müsavat»: «Əli İnsanovla Cəlal Əliyev Elmar Hüseynova əməkdaşlıq təklif edibmiş»


«Ayna» qəzetindəki «Orduda sovet standartlarının sonu çatdı» başlıqlı məqalədə müəllif Cəsur Sümərinli yazır ki, bugünlərdə Azərbaycanın müdafiə sistemində çoxdan gözlənilən bir hadisə baş verib. NATO-nun 12 illik istəyi gerçəkliyə çevrilib. Rəsmi Bakı Azərbaycan Silahlı Qüvvələrinin tam olaraq NATO standartlarına uyğunlaşdırılmasına razılıq verib. Qəzet yazır ki, bu məlumat «Ayna»ya hərbi mənbələrdən daxil olub: «İndiyədək Azərbaycan hakimiyyəti Silahlı Qüvvələrin tam olaraq NATO standartlarına uyğunlaşdırılmasında tərəddüd edirdi. Hakimiyyətdə köhnə sovet standartlarının saxlanılmasının tərəfdarları çox idi. Amma indi vəziyyət dəyişib». «Ayna» qəzetinə görə, rəsmi Bakının geri çəkilməsi Brüsselin uzunmüddətli siyasi təzyiqlərindən sonra baş tutub.


«Yeni Müsavat» qəzetində Hacı Məmmədov və onun başçılıq etdiyi dəstənin məhkəmə prosesi ilə bağlı məqalə dərc edilib. Qəzet yazır ki, məhkəmədə «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı verilən sensasion asıqlama cəmiyyətdə birmənlı qarşılanmayıb. Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyyə Hüseynova da keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin qətlin sifarişçiləri arasında olmasını ən sonuncu versiya hesab edir: «Bu qətldən bir neçə ay əvvəl Fərhad Əliyevin qardaşı Rafiqlə Elmarın görüşü olub. Hansı ağıllı adam açıq-aşkar kiminləsə görüşər, sonra da onun qətlini sifariş verər. Mən dəfələrlə başqa bir qrupun Elmara görüş təklif etdiyini, lakin onun bundan imtina etdiyini bildirmişəm. Söhbət Əli İnsanovla Cəlal Əliyevdən gedir. Hakimiyyət bu versiyanı yoxlasa, daha yaxşı olar», - deyə Ruşaniyyə Hüseynova bildirib.


«Azərbaycan» qəzeti prezident İlham Əliyevin Bakıda işinə başlayan diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsindəki nitqinə geniş yer ayırıb. Cənab Əliyev bildirib ki, son iki ildə Azərbaycanın qonşu ölkələrlə münasibətləri daha da möhkəmlənib: «Biz hələ gənc dövlətik. Biz özümüzü tanıtmalı, təqdim etməliyik. Azərbaycan haqqında dünyada informasiya artır. Ancaq bu, hələ kifayət qədər deyil». Prezident bildirib ki, diplomatlarımız çox çevik olmalıdır: «Biz bölgədə və dünyada baş verən proseslərə çox operativ şəkildə reaksiya verməliyik. Artıq bölgədə Azərbaycanın mövqeyindən çox şey asılıdır. Azərbaycanın iştirakı olmadan heç bir layihə - nə siyasi, nə də iqtisadi həyata keçirilə bilməz».


«Mərkəz» qəzetində «Qəliz imtahanlarda qəliz suallar» adlı yazı dərc edilib. Qəzet yazır ki, ötən şənbə günü respublikanın ali məktəblərinə 4-cü ixtisas qrupu üzrə sonuncu qəbul imtahanında da qəliz suallar olub. Bakı məktəblərinin müəllimlərindən biri Məlahət Abdullayeva qəzetə müsahibəsində deyib ki, testə Nyuton binomuna aid sual salınıb ki, həmin dərs bütün siniflərdə keçilməyib. Bu mövzu ancaq seçmə siniflərdə tədris olunur. Ona görə də bütün qalan sualları yaxşı cavablandıran abituriyentlər bu suala cavab verə bilməyiblər.


XS
SM
MD
LG