Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:19

Mübahisəli bağ sahəsi kimindir?


Arxiv fotosu
Arxiv fotosu

Türkan qəsəbəsinin sakini Afər Əmirov “Qaynar xətt”ə şikayət edib ki, uzun illər əvvəl Keşlə sakini olan Ramiz Musayevdən Türkan qəsəbəsi ərazisində olan bağ sahəsini alaraq orada ev tikiblər:

“Ailə qurub həmin evdə yaşamışam. Ramiz yataq xəstəsi olarkən torpağın pulunu bizdən almışdı, demişdi ki, müalicə olunub ayağa qalxdıqdan sonra bizə sənəd verəcək”.

"SƏNƏDLƏŞMƏ GECİKDİ"

Şikayətçinin sözlərinə görə, Ramiz Musayev vəfat etdiyinə görə sənədləşmə məsələsi alınmayıb:

“Amma bağın pulunu ona ailə üzvlərinin, bacı-qardaşlarının yanında vermişdik. Nə vaxtsa onun yaxınlarının bağa iddia edəcəklərini ağlımıza da gətirməmişdik. Ramizin ölümündən sonra həyat yoldaşı Firəngiz Musayeva məndən 2 min manat istədi. Bağın pulunu ödədiyimizdən ona əlavə 2 min manatı vermədim. O da dedi ki, pulu verməsən, evi başına uçuracağam. Qanunsuz olaraq evimi uçurdu, illərdir ki, küçələrdəyəm. Bu müddət ərzində bütün dövlət qurumlarına müraciət etmişəm. 8 ildir ki, torpağım da qalıb orada...”

Ancaq məsələ bununla bitməyib. 2 il əvvəl bağ sahəsinə Babək adlı bir başqası iddia edib:

“Üstümə kriminal keçmişi olan adamları gətirirlər. Onlar da məni hədələyir. Bir dəfə də Qaradağ polisində işləyən Firdovsi adlı polis işçisini gətiriblər. O da mənimlə hədə dilində danışır. Mənim əlimdə Ramiz Musayevin qardaşı Arif Musayevin, bacısı Ağabacının notariat qaydada verdiyi etibarnamə var. Bunların əlində olan isə saxta sənədlərdir”.

"POLİS QARŞI TƏRƏFİN MARAQLARINI QORUYUR"

Afər Əmirov neçə ildir ki, qarşı tərəfin sənədlərinin düzgünlüyüy yoxlanılmasını istəyir. Ancaq nail ola bilmir.

“Daş karxanasında fəhləlik edirəm. Bilirlər ki, rüşvət verməyə pulum yoxdur, ona görə də onların maraqlarını qoruyurlar”.

Afər Əmirovun sözlərinə görə, onu torpağından çıxarmaq üçün baş evinə gedən yolunu da kəsiblər. O, ərazi polisinin qarşı tərəfin marağını qoruduğunu hesab edir.

Bağın əvvəlki sahibinin həyat yoldaşı Firəngiz Musayeva iddialarla razılaşmır:

“O vaxt pulu ödəmədilər, yoldaşım vəfat edəndən sonra da yalandan dedilər ki, guya sağlığında pulu ona veriblər. Məhkəmə var, narazıdırsa, məhkəməyə müraciət eləsin”.

Xəzər polisindən “Qaynar xətt”ə bildiriblər ki, Əmirovlar ailəsi dəfələrlə polisə ərizə ilə müraciət ediblər. Ancaq hər dəfə ərizələri araşdırılanda şikayətləri təsdiqini tapmayıb.

XS
SM
MD
LG