Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:42

Tanınmış cərrah Cavad Heyət Bakıda xəstəxanaya yerləşdirilib


Tanınmış azərbaycanlı cərrah və ədəbiyyatşünas, professor Cavad Heyətin səhhətində problemlər yaranıb. O, Bakıda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Mərkəzi Klinik Xəstəxananın nümayəndəsi Asif Məmmədov «Media forum» saytına deyib ki, Cavad Heyətin müalicəsi davam edir və durumu qənaətbəxşdir. Amma o, Cavad Heyətin hansı xəstəlikdən əziyyət çəkməsi, xəstəxanaya nə zaman gətirilməsi və diaqnozu haqda əlavə məlumat verməyib.

Cavad Heyət Tehrandan Bakıya ötən ayın sonlarında gəlib. Onun səhhəti Bakıda pisləşib.

1925-ci il mayın 24-ü Təbriz şəhərində anadan olan Cavad Heyət ilk orta təhsilini İranda alıb. 1946-cı ildə Türkiyə İstanbul Universitetinin tibb fakültəsini bitirib. Həmin universitetdə 3 il çalışdıqdan sonra təhsilini 4 il müddətində Paris Universitetində davam etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək 1952-ci ildə Tehrana qayıdıb və orada öz klinikasını açıb.

Cavad Heyət Tehran Azad İslam Universitetinin cərrahiyə üzrə professorudur. Əlli ildən çoxdur ki, cərrahlıqla məşğuldur.

Cavad Heyət həmçinin «Varlıq» dərgisinin təsisçisidir. O, 26 ildən artıqdır ki, türk və fars dillərində yayılan bu ədəbi-mədəni dərgini nəşr etdirir.

Cavad Heyət filologiya və türkologiya sahəsində «Azərbaycan ədəbiyyat tarixinə bir baxış», «Azərbaycan şifahi xalq ədəbiyyatı», «Türk dili və ləhcələrinin tarixi», «İki dilin müqayisəsi» kitablarının müəllifidir.

XS
SM
MD
LG