Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:46

Əlillər: Bizi ixtisara salıb yerimizə işçi götürdülər


Arxiv fotosu
Arxiv fotosu

-

Əhməd Rəhmanov və Maarif Nabatov Qarabağ müharibəsi əlilləridir. Uzun illər «Azəriqaz» ASC-nin Nəsimi rayon Qaz İstismar Sahəsinin qəza xidmətində işləyiblər. Hər ikisi bir aydan çoxdur ki, İşsizdir.

«İŞÇİYƏ EHTİYAC VAR İDİSƏ...»

Əhməd Rəhmanov ixtisar zamanı idarə rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin pozulduğunu deyir:

«17 il o idarədə çilingər işlədim. İyunun əvvəli ixtisara saldılar. Əmək Məcəlləsinin 78 və 79-cu maddələri kobud şəkildə pozulub. Bu maddələrdə göstərilir ki, şəhid ailələri, müharibə əlilləri, başqa imtiyazlılar ixtisar zamanı üstünlüyə malikdirlər və belə işçiləri ixtisara salmaq qadağandır. Bizim idarədə isə bütün əlilləri ixtisara saldılar. İndi də məlum olub ki, bizim yerimizə yeni işçilər götürüblər. İşçiyə ehtiyac var idisə, bizi niyə ixtisara salmışdılar?»

Əhməd Rəhmanovun sözlərinə görə, əlil işçilərin qarşısında şərt qoyulub ki, ya könüllü ərizə yazıb maaşlarının 5 mislini götürüb getsinlər, ya da onlara maaşlarının yalnız 1 misli ödənilməklə onsuz da işdən çıxarılacaqlar:

«Bizi işdən çıxarandan sonra qat-qat ağır sahədə iş təklif etdilər. Biz də razılaşmadıq. İndi əllərində bayraq ediblər ki, biz onlara iş təklif etdik, istəmədilər».

«50 YAŞDAN SONRA ƏL-AYAĞIMIZI UZADIB ÖLMƏLİYİK?»

Maarif Nabatov da əlildir. Uzun illər həmin idarədə əvvəl sahə rəisi, sonra operator, işdən çıxarılarkən isə qəza xidmətinin növbə rəisi işləyib. İyun ayında işsiz qalıb:

«Bizim kimi köhnə, peşəkar işçiləri ixtisara salıb yerimizə gənc, bu sahəni bilməyən adamları işə götürüblər. hamımız banklardan asılı vəziyyətdəyik, hər ay ən azı 2-3 banka kredit ödəyirik. İşimi itirən gün bir çörək sexinə yaxınlaşıb iş istədim, yaşımın 54 olduğunu bilib işə götürmədilər. Dedilər, bizə cavan yaşda işçilər lazımdır. Belə çıxır ki, bu ölkədə yaşı 50-ni ötən adam əl-ayağını uzadıb ölməlidir».

Nəsimi rayon Qaz İstismar Sahəsindən «Qaynar xətt»ə bildiriblər ki, ixtisara salınmış əlillər «Azəriqaz» ASC-yə qarşı məhkəmədə iddia qaldırıblar. Hazırda onların iddialarına Xətai rayon Məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə baxılır. Son sözü də məhkəmə deyəcək.

XS
SM
MD
LG