Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:22

Bakı ölsün bizim üçün...


-

Dilqəm

Berlin

mənlə Berlinə getmək istə, Nağıl

gerisini düşünmə,

uyduracam mən bir şeylər,

unudub keçərik sonrasını,

bezmişəm çünki burda bükülüb yatmaqdan,

yatıb qalmaqdan,

yastıq qucaqlamaqdan,

çörək almaq, zibil atmaq,

corabsız qab yumaqdan

və sairə..

hə, Nağıl, qəribədir

səhər durursan,

gözlərini ovuşdurursan,

siqaret çəkirsən,

saçların qaşınır,

ağzını açıb -yumursan,

üç dəfə sinənə vurursan,

sonra da çirkli qablar

və sairə..

Berlində bulaşmaz o qədər,

çörək də lazım olmaz çox,

zibili də gecə pəncərədən atarıq,

bir yerdə yatarıq,

yatıb qalarıq

və sairə..

Berlin olmasa da olar, Nağıl

Bakısız gedək amma,

Bakı olmasın üstümüzdə,

yetim olaq şəhərdən

Bakı ölsün bizim üçün, Nağıl

Bakı bizim üçün deyil..

Buxarest, Batum, Bremgarten..

Fərq etməz, sən getmək istə əsas,

gerisini mənə burax

zibilə qalsın!

yuxum gəlir o saat.

..çıxanda xəbər elə evdən,

qazı, işığı söndür

feni də götür özünən

lazım olar..

ara-sıra

çaşıb qalıram ara-sıra evdə tək olanda

anam pərdələri asır qurutmaq üçün,

bacım köhnə şəkillərə baxır,

atam namaz qılanda,

mən saçlarımı uzadıram..

ara-sıra, tək qalanda.

hərdən qonağımız gəlir,

çay içirlər,

televizor da açıq,

uşaqlığın son gecəsini göstərirlər

space-dən.

olur ki, evdən çıxıram,

ya qapıda təzə çek,

yüz otuz manat borcumuz var,

ya da yenə kimsə ölüb qonşumuzda

çaşıb qalıram, yüz otuz manat borc niyə?

su kəsirlir, işıq sönür ara-sıra evimizdə,

qazımız gəlir amma

di gəl özünü öldürmək üçün

otağımız balaca,

xoşbəxt olmağa bəs edir ancaq,

xoşbəxt olmağı bacardıqca..

çaşıb qalıram ara-sıra evdə çox adam olanda

anam gələnlərlə danışır,

bacım telefonla,

atam işdən gəlir tələsik,

mən də çörək alıb gəlirəm

çörək almaq felin sabit şəklidir bizim evdə.

nə itirən var, nə axtaran bu aralar,

özümdən çox telefonum darıxır

nə vaxtacan qaçacam ki, özümdən

arzularım çağırır bəhanəsi ilə..

çaşıb qalıram.

Tibet

qarmaqarışıq yuxular görmək,

hisslərinin şimal-şərq istiqamətində,

indiki yalnızlığınla üzbəüz,

eramızın əvvəli kimisən, bağışla

sən heç Beatriçe’yə bənzəmirsən..

içində çoxsaylı üşümək hissi gizlətsən belə,

o an günəşə ən yaxın adam sənsən,

onun gözlərinə baxanda,

ekvatorun məxrəcində gizlənirsən həm də..

sən heç kimə bənzəmirsən o an.

2014. Samsun

XS
SM
MD
LG