Bakı Apellyasiya Məhkəməsi gənc fəal Orxan Eyyubzadənin həbsinin bir ay uzadılmasından verilən şikayəti təmin etməyib. Proses iyunun 30-da keçirilib.
«Turan»a danışan vəkil Əsabəli Mustafayev deyib ki, Orxan Eyyubzadənin həbsdə saxlanmasını əsassız sayır və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermək niyyətindədir: «Avropa Məhkəməsinin Azərbaycanda məhkəmədən öncəki həbsləri əsassız sayan 4 qərar qəbul etməsinə baxmayaraq məhkəmələr bu təcrübəni davam etdirirlər, xüsusən də siyasi işlər üzrə».
Vəkil həmçinin həbsin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatət qaldırmaq niyyətindədir.
Orxan Eyyubzadə mayın 6-da bir qrup «Nida» fəalına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutulub, 20 sutka həbs cəzası alıb. Mayın 26-da həbs cəzası bitsə də, həmin gün ona xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etmə ittihamı ilə cinayət işi qaldırılıb. Mayın 27-də Binəqədi Rayon Məhkəməsi Orxan Eyyubzadə barəsində həbs qətimkan tədbiri seçib. İyunun 24-də həbs müddəti bir ay uzadılıb. İşi Binəqədi Rayon Prokurorluğu aparır.