Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:16

"Texnologiya Vətən həsrətini əridə bilmir"


Yaşar Bünyad
Yaşar Bünyad
-

"Mən yazanda mədəm də yadımdan çıxır".

"Atam məni "artist" görmək istəmədiyindən yaxşı əlaqələrindən istifadə edib məni axırıncı imtahandan kəsdirdi".



«Ədəbi Azadlıq-2014» Milli Müsabiqəsinin Hekayə 10-luğuna keçmiş yazarlarla müsahibələrə davam edirik. Həmsöhbətimiz Rusiyada yaşayan azərbaycanlı yazar Yaşar Bünyaddır. (Onluqdakı hekayəsini oxu)


- Yaşar bəy, siz ikinci ildirmi qatılırsınız müsabiqəyə?

- Bəli, keçən il şeir onluğunda altıncı oldum. Müsabiqənin obyektivliyinə güvəndiyimdən bu il də qatıldım, həm şeir, həm də hekayə göndərdim. Hekayəm bəyənildi, onluğa düşdüm. Münsiflər heyətinə minnətdarlığımı bildirirəm.

- Necə oldu ki, birdən-birə nəsrə keçdiniz?


- Nəsrdə özünü daha yaxşı ifadə edə bilirsən. Həm də ara-sıra hekayələr yazırdım, lakin heç kimə göstərmirdim. İki ildir ki, iri həcmli bir əsər üzərində işləməyimə baxmayaraq tamamlaya bilmirəm. Fasilələrdə kiçik hekayələr yazıram. İstədim ədəbi mühitə təqdim edim, bəlkə bəyənildim?..

- Gözlədiyiniz reaksiyanı ala bildinizmi müsabiqədən? Müsabiqə sizə nə verir? Həm şeir, həm hekayə onluğuna ayrı-ayrı illərdə, ard-arda düşübsünüz. Bu necə bir hissdir?

- Nə qədər gözlənilməz oldusa, sözün əsl mənasında, bir o qədər də içimdə yaradıcılıq təlatümü yaratdı. Gənclik illərimdə yazdıqlarımdan maddi duruma görə uzaqlaşdığıma heyfsilənirəm. İndi, itirdiyim iyirmi beş ilin yaddaşımda qalan mövzularını xatirə dəftəri kimi varaqlayıb hər şeyi bərpa etmək istəyirəm... Bu müsabiqə mənə böyük stimul verdi. İndi daha cəsarətlə yazmağa başlayacam. Müsabiqə imtahan kimidir. Siz də yəqin hər dəfə imtahan verərkən qəribə hisslər keçirmisiz.Bax indi mən o hisslərin əsarətindəyəm.

- Sizin şeirlərinizdə Vətən həsrəti hiss olunurdu? Necə düşünürsünüz, texnologiyanın inkişaf etdiyi bir dövrdə Rusiyada yaşayıb, Azərbaycan üçün darıxmaq, vətən həsrətinə aid şeirlər yazmaq nə dərəcədə səmimidir, gerçəkdir? Yoxsa siz bunu daha çox ədəbi mövzu seçibsiniz özünüzə...

- Harda yaşayırsan yaşa, Vətən elə Vətəndir. Əlbəttə ki, Rusiya mənim, övladlarımın da Vətənidir. Amma mən burda doğulub boya-başa çatdığımdan torpaq məni daha çox özünə çəkir. Texnologiya Vətənlə virtual əlaqə yaratmağa kömək edir, həsrəti, niskili əridə bilmir! Azərbaycanda yaşamamaq-azərilikdən imtina demək deyil axı?.. Çalışıram yazılarımda Azərbaycanla Rusiyanın içində olan həmvətənlərimin keşməkeşli həyatını qələmə alım.

- Sizi yazmağa məhz Rusiyada gördüklərinizi başqalarına çatdırmaq ehtiyacımı vadar edir? Yoxsa hissləriniz sizi boğanda, artıq yazmaqdan başqa bir yol tapmayanda yazırsınız?

- Mənimçün zaman, məkan anlayışı şərtidir. Bu gün Rusiyada baş verənləri, nə vaxtsa Azərbaycanda görüb eşitdiklərimi bu mənada şərtiləşdirirəm.Əlbəttə ki, elə çalarlar var ki, onu tam zaman çərçivəsində yazmasan, öz yükünü itirə bilər. İstisnalar olmalıdır. Əsasən çalışıram ki, hadisələrin nə vaxt, harada cərəyan etdiyi müəmmalı qalsın... Elə bilin ki, acımısız, amma yeməyə nə ərzaq var, nə də onu almağa pul-para, maaş almağa da on gün qalır, dostlardan borc almağa üzünüz utanır, bax onda hansı hisslər keçirirsiz?.. Mən bunu yaxşı bilirəm. Mədənlə döyüşürsən, onu aldadırsan... Bax mən yazanda mədəm də yadımdan çıxır...

- Bəs nə vaxtdan ədəbiyyatla məşğulsunuz? İxtisasca kimsiniz? Necə oldu ədəbiyyatla məşğul olmağa başladınız?


- Məktəb illərindən şeirlər yazırdım. Şamaxı ədəbi mühitində böyümüşəm. Ara-sıra yerli qəzetdə çap olunmuşam. Orta məktəbi bitirənməyimə az qalmışdı. Ümimittifaq Kinematoqrafiya İnstitutuna qəbul olundum, rejissorluq fakultəsinə. Atam məni "artist" görmək istəmədiyindən yaxşı əlaqələrindən istifadə edib məni axırıncı imtahandan kəsdirdi.

Bax , beləcə mən onun arzusuyla iqtisadçı oldum.Uşaqlıqdan üsyankar təbiətli deyiləm deyə razılaşmışdım. Amma yazmaq həvəsimi söndürə bilmədi... İndi baxıb görürəm ki, öz həyatım bir böyük romanın materialıdır. Zaman mənim əleyhimə işləməsə, itirdiyim illəri bərpa etmək iqtidarındayam. Mənə elə gəlir ki son nəfəsimə kimi yazacam.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG