Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:25

"İntihar alətləri"ndən yazan gənc. O kimdir?


İlham Əkbərli
İlham Əkbərli
-

"Biz təbliğat olsun deyə ispan futbol klubunun oyunçularının köynəyi üzərinə ölkəmizin adını yazdıran bir xalqıq.

Bundan absurd, yenilikçi nə var ki dünyada? Ədəbiyyat gərək belə yeniliklərdən bol-bol yararlansın..."



«Ədəbi Azadlıq-2014» Milli Müsabiqəsinin Hekayə 10-luğuna keçmiş yazarlarla müsahibələrə başlayırıq. Həmsöhbətimiz İlham Əkbərlidir. (Onluqdakı hekayəsini oxu)


- İlham bəy, bu il “Ədəbi Azadlıq”da sənin hekayən finala yüksəldi. Lakin, bundan öncə sənin imzana elə də rast gəlməmişəm. Hekayə yazmaq həvəsi necə yarandı səndə?

- Mən ixtisasca riyaziyyatçıyam və indi reklam yazarı kimi çalışıram. Əslində, 2012-ci ildə “Ədəbi Azadlıq” müsabiqəsinə hekayə yollamışdım və o zaman hekayəm 20-liyə düşməmişdi. Həmişə düşünmüşəm ki, ədəbiyyata gəlməyin ən yaxşı yolu hansısa müsabiqədə tanınmaq, yer tutmaq, yalnız bundan sonra mütəmadi çap olunmaqdır. Deyim ki, bundan öncə yazar Musa Əfəndi ilə birlikdə mətbuatımızda səs-küy yaradan “Gazetti” adlı bir saytda yazırdım. Sayt dünyada olan “Onion”, “Zaytung” kimi dezinformasiya yayan, əyləncəli bir mətbuat saytıdır. Reklam yazarlığına və hekayə yazarlığına da ordan başlamışam.

- Sənin "Müasir dünyamızda intiharın inkişaf yolu və M.D.İ" hekayən üslubuna görə onluqdakı digər hekayələrdən kəskin fərqlənir. Bu hekayə hansı üslubda yazılıb və nə demək istəyibsən?

- Mənim ən çox zövq aldığım yazıçılardan biri türk yazıçısı Alper Canıgüzdür. O öz üslubunu psixoanalitik absurd komediya adlandırır. Amma o daha çox hekayə deyil, roman yazır. Mənim yazı üslubum onunkuna çox bənzəyir. Bu üslubun adını tam ifadə etməkdə çətinlik çəkirəm. Deyərdim ki, hekayəm bir qədər absurd, bir qədər də qara yumordan ibarətdir. Bu əslində reklam yazarlığından gələn bir şeydir, reklam bazarında hər gün yeni bir reklam çıxır, ona görə də reklam yazarı gərək nə isə bir yenilik tapsın və hər yazdığı bir-birindən fərqlənsin. Bu şəraitdə yazar əvvəl-axır absurda gedib çıxmalıdır. Mənim hekayəmdə də reklamdakı bir qayda nəzərə çarpır. Hər şey əvvəl gerçək məcralarda başlayır, sonra tədricən absurda doğru gedir. Həmişə demişəm ki, reklam yazarlığı bir növ yalançılıqdır.

- Hekayən intihardan bəhs edir, intihar haqda yazmaq cəmiyyətdəki bədbin əhval-ruhiyyənin bir göstəricisidirmi?

- Hekayəm heç də tam intihardan bəhs etmir. Əsas məqsədim əyləncəli bir şey yazmaq idi. Burda intihar var, ölüm var, faciə var, amma ümumilikdə hekayə əyləncəli hekayədir. Bilirsən, bizdə yazarlar kütləvi surətdə köşə yazarlığına, publisistikaya yönəlib və nəticədə gerçək həyat hadisələrinə çox aludə olaraq, onları ədəbiyyata gətirməyə çalışırlar, halbuki, insan, onun həyatı elə də maraqlı deyil. Əslində isə ədəbiyyat cəmiyyətə model göstərməlidir, ədəbiyyat özü cəmiyyəti əks etdirməli deyil. Həmişə olmasa da çalışıb hər kəsin başına gələn hadisələrdən uzaq dayanmaq lazımdır. Mənim ədəbiyyatda etmək istədiyim odur ki, nüsxəsi olmayan bir vəziyyəti əks etdirim. Hekayəmdə də bu qaydaya əməl etmişəm. Çalışdım ki, hekayəmdə hadisələr getdikcə gerçəklikdən uzaqlaşsın. (ardı aşağıda)
İlham Əkbərli (sağda) və Namiq Hüseynli
İlham Əkbərli (sağda) və Namiq Hüseynli


- Dünya ədəbiyyatında belə nəsr nümunələri minlərlədir, bizim nəsr hələ də absurd romanı, qara yumoru tanımır, səncə, nəsrimizdə nə kimi yeniliklərə ehtiyac var?

- Bilirsiniz, yeniliyi biz özümüz gətirmirik, ədəbiyyat həmişə cəmiyyətdəki yeniliklərə uyğun şəkildə boy verir. Biz təbliğat olsun deyə ispan futbol klubunun oyunçularının köynəyi üzərinə ölkəmizin adını yazdıran bir xalqıq. Bundan absurd, yenilikçi nə var ki dünyada? Ədəbiyyat gərək belə yeniliklərdən bol-bol yararlansın, hətta onların belə üzərinə qalxsın. Cəmiyyətimizdə bu qədər absurd hadisələr olduğu bir zamanda necə absurddan yazmayasan. Yazarlarımızın çoxu anlamır ki, gerçəkliyi olduğu kimi yazmaq artıq maraqsız olmağa başlayıb. Mənsə çalışıram, oxumaq istəməyəcəyim bir şeyi yazmayım.

- Bəs səncə, bizim yazarlar özlərini dünya ədəbiyyatı ilə kökləmək üçün kimləri oxumalıdır? Sən özün bizim yazarlardan kimlərin ədəbiyyat tariximizdə qalacağını gözləyirsən?

- Dünya ədəbiyyatından ən çox sevdiyim yazar İsrail yazarı Etqar Keretdir, o əsl mənim yazarımdı, onun “Qəzza bluzu”, “Tanrı olmaq istəyən avtobus sürücüsü” adlı iki hekayə kitabını oxumuşam. Bundan əlavə ispan yazarı Eduardo Mendosa və Frederik Beqbederi də bəyənirəm. Müasir yapon ədəbiyyatı isə mənim üçün başqa bir dünyadır. Underground yapon yazarı Ryu Murakamini də çox dəyərləndirirəm. Həmçinin rejissor Vudi Allenin hekayələrini də sevirəm.

Azərbaycan ədəbiyyatına gəlincə deyim ki, bir yazıçı nəsli var ki, 2000-ci illərdən ortaya çıxdı və az-çox sözünü dedi, özlərini təsdiqlədi. Seymur Baycandan tutmuş Günel Mövluda qədər çox yazar bu nəslə aid idi. Ancaq onların yazdıqlarının üzərinə qalxacağına, mənim gözlədiyim kimi tam yeni bir ədəbiyyat yaradacağına inanmıram. Nərmin Kamalın “Aç mənəm” romanını və silsilə köşə yazılarını oxumuşam və düşünürəm ki, o yeni kitablar yazsa uğurlu olacaq. Zamin Hacının da bir kitab yazmasını çox istərdim, düşünürəm ki, o, modern nəsrin nəbzini tam tutub. Bundan başqa bildiyim qədəriylə Musa Əfəndi uzun müddətdir özünü böyük nəsr üçün hazırlayır və o, böyük nəsrə gəlsə maraqla qarşılanacağını gözləyirəm.

Söhbətləşdi: Namiq Hüseynov
XS
SM
MD
LG