Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:35

«Azəriqaz»dakı ixtisar nənəni də dilə gətirdi


Nərgizxanım Ağayeva
Nərgizxanım Ağayeva
-
«Nəvəm Nağıyeva Nərgiz Allahverdi qızı 2006-cı ildən «Azəriqaz» İstehsalat Birliyinin Suraxanı rayon Qaz İstismar Sahəsində müxtəlif sahələrdə çalışıb. 2 il əvvəl mühasib - fərdi komputer operatoru peşəsini bitirib. Bu gün həmin diplomu «Azəriqaz» qəbul etmir. Bu azmış kimi, nəvəmi «Azəriqaz»da aparılan islahatlarla bağlı struktur dəyişikliyi adı altında işdən azad edirlər».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Bakının Əmircan qəsəbəsindən 85 yaşlı Nərgizxanım Nağıyeva yazıb.

«SÜRÜNƏ-SÜRÜNƏ, BİRTƏHƏR DOLANIRDIQ»

«Nəvəm dövlətdən aldığı maaşla həm mənim, həm də şəkərli diabet xəstəsi olan anasının dərmanlara olan ehtiyacını ödəyə bilmir. Sürünə-sürünə, birtəhər dolanırıq. İşlərini itirməklə adamlar olan-qalan ruzilərini itirmiş olurlar. Kimlərsə kiminsə adamı olduğuna görə, təcrübəsi, iş staji, heç bir təhsili olmadan o işdə qalıb işləyir. Ancaq mənim nəvəm kimi işçiləri ixtisara salıb çölə atırlar. Təhsil Nazirliyinin tabeçiliyində olan məktəb tərəfindən verilən diplomu «Azəriqaz» rəhbərliyi əhəmiyyətsiz sayır».

Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən AzadlıqRadiosuna bildiriblər ki, mayın 15-dən Bakı və Abşeron üzrə Qaz İstismar Sahələrinin tərkibindəki qaz kəmərləri və avadanlıqlarının istismarı və qəza dispetçer xidmətlərinin ləğvinə başlanılıb. Bunun yerinə «Azəriqaz»ın digər bir strukturunda mərkəzləşdirilmiş qəza-təmir bərpa xidməti yaradılır.

«AZƏRİQAZ» NƏ DEYİR...


Birliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Araz Ağayev deyir, yeni dəyişiklikdə məqsəd operativliyi təmin etməkdir:

«Məqsəd qaz kəmərlərində, yaşayış yerlərində, kommunal-məişət obyektlərində yaranmış qəzaları yerində həll etməkdir. Bakının 11 rayonunun qaz istismar sahəsinin hamısında qəza xidməti var. Ancaq indi hər şey bir mərkəzdən idarə olunacaq. Bu da operativliyə təsir edəcək».

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlının AzadlıqRadiosuna bildirdiyinə görə, yeni dəyişiklik böyük sayda ixtisarlara yol açacaq:

«Bu sahədə çalışan işçilərin ən azı 50 faizi ixtisara düşəcək».

Ancaq Araz Ağayev ixtisar haqqında danışmağın tez olduğunu bildirir:

«Bütün bu məsələlərə baxılır. Müvafiq struktur bölmələrə tapşırıq verilib ki, yeni təşkilati struktur hazırlansın, ştat cədvəlində müvafiq əlavə dəyişikliklər edilsin. Bunu indidən ixtisar kimi qələmə vermək düzgün olmazdı. Söhbət birdəfəlik ləğvdən getmir. Yeni ştatlar da açılacaq».
XS
SM
MD
LG