Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:52

Özünü yandıran adam


Elşən Əzim
Elşən Əzim
-

“Ədəbi Azadlıq-2014” Milli Müsabiqəsinin 10-luğuna keçmiş Elşən Əzimdən şeirlər


Elşən Əzim


ÖZÜNÜ YANDIRAN ADAM

Axşam evə boş qayıdan,
əlin yanıb.
yol yoldaşın şər olubmu
su deyəndə dilin yanıb?
Taleyinin oyununda,
Zərin itib, xalın yanıb.
Özünü yandıran adam.

Neçə qaranlıq mətləbə,
odunun işığı düşdü.
Yaddaşını itirənin
yadına uşağın düşdü.

Qara kösöyə dönmüşdü,
əlində qızardı bu od.
Qarabağdan
özünləmi gətirmişdin
Ah çəkdin közərdi bu od.

Bir qudurğanın çörəyi,
sökülən daşından çıxır.
Bu qədər içi yanan var
niyə hamının tüstüsü
tək sənin başından çıxır?

Sənə ucadan baxanlar,
səni çox uca görəndə
türlü-türlü söz deyəcək.
Səni bir qoca görəndə
yanındakı nəvəsinə
"cızz" deyəcək.

Çox darıxma, bu dünyanın,
hələ bundan pis günü var.
Tək deyilsən, yan-yörəndə
çox kösöyütüstülü var.
bir gün o da alışacaq,
bir gün mən də alışacam.
Özünü yandıran adam.



AXI BU BAHARDA TƏZƏ NƏ VAR Kİ

Axı bu baharda təzə nə var ki,
Gəlir nəfəs kəsən sazaqlar üstə.
Elə ötənilki yarpaqlar açır,
Elə ötənilki budaqlar üstə.

Hardasa bir köhnə ümid var, o da-
Avazda boy atır, səsdə göyərir.
Axı bu baharda təzə nə var ki,
Hər ot öz kökünün üstə göyərir.

Gəlir torpaqların anım günləri,
Gəir şairlərin efir mövsümü.
Tumarlı yalanlar havalandırır,
Neçə növ mizrabla neçə növ simi.

Burda ev gözləyir evsiz adamlar,
Ordakı boş evlər adam gözləyir.
Burda sakit-sakit düşür axşamlar,
Daşlara ilişən sədam gözləyir.

Yenə boğazıma tıxanıb qalır,
Deyə bilmədiyim sözün ağrısı.
Yenə görən gözdən oxunub qalır,
Haçansa tökülən gözün ağrısı.

O köhnə hamamdı, o köhnə tasdı,
Sözdə bahar gəlir, sözə nə var ki...
Bu yaz iyirmi il əvvəlki yazdı,
Axı bu baharda təzə nə var ki...

28. 02. 2014



BƏXTƏ YAZILAN ŞEİR

Vaxt yeyindi, baxt arxayın,
Ha gözlə, yüz ilə gəlir.
Arzular qayıdır,
suyu-
süzülə-süzülə gəlir.

İlmədi hana üstündə,
Qovğadı yenə üstündə.
Yatır dəfinə üstündə,
İlan da qızıla gəlir.

Taleyin işi deyilmiş,
Çərxin gərdişi deyilmiş.
Əcəl də kişi deyilmiş,
Sallanıb naz ilə gəlir.

12.03.2014


BİR GÜNAHKAR GECƏ

Yuxumu külək aparır,
Yazılmış səhifə kimi.
İşıqlar göydələnlərdən
Asılıb kal meyvə kimi.

Bu suçu vallah edəcəm,
Göz yum, ay allah, edəcəm.
Bu gecə günah edəcəm,
O dünyama töhfə kimi.

Bu həyatı bilməmişəm,
Nədir adı, bilməmişəm.
Ömrün dadın bilməmişəm,
Bu gecəki səhvə kimi.

30. 04. 2014


SIĞMAZ

Yolları duman sevgidi,
əriyib daman sevgidi,
bu sevgi yaman sevgidi,
qaydaya- qanuna sığmaz.

Nədir könül, nədir sinə,
yatmaz vaxtın ütüsünə,
dağ çayıdır, vadisinə,
qılıncdır, qınına sığmaz.

Yanğısı canında gələr,
coşqusu qanında gələr,
ömrün bir anında gələr,
ömrün bir anına sığmaz.

04. 05. 2014


BUDAQDAN DÜŞƏN GECƏ


Qaranlıq asılıb əyir budağı,
Qopur o budaqdan bu gecə düşür.
Gecə ha oynayır əsəblərimlə,
Yenə qismətinə heç-heçə düşür.

Yenə gecə ilə söz yaşıd olur,
Aya-ay, günə-gün düz yaşıd olur.
Ayaq izlərinə göz yaşı dolur,
Yolların bəxtinə gölməçə düşür.

Edir dar ağacı mənim sazımı,
Asır hər simindən bir avazımı.
Allah özün yoxla alın yazımı,
Öz dəsti-xəttinə gör neçə düşür.

12.05.2014


TUNCAYA

Atanın yurdsuz-yuvasız
Halını hardan biləsən?
Nə qəmlər kəsib sağını,
Solunu, hardan biləsən?

“Dilqəmi”ni qəm sındırar,
Həm ağladar, həm sındırar.
Qol açırsan, kim sındırar-
Qolunu, hardan biləsən?

Adı qalıb Kəlbəcərin,
Söylə görüm şirin-şirin.
Adını bildiyin yerin
Yolunu hardan biləsən?


****


Sahibsiz ev kimiyəm
hamı məndən köçüb-gedib.
Ürəyim
yazı masasının boş qalmış sürməsi,
vücudum
ölü bir sevginin türbəsi.

boynubükük küçə fanarı kimiyəm
işığımda gecə böcəkləri uçuşur,
ayağım altdakı səkilərdə
küçə itləri qaçışır.



AXŞAM PEYZAJI

Şər qarışanda
bir yorğun adam gözü
baxır dünyaya.
Göyün üzü
zabit kiteli rəngində
bir cüt ulduz düymələnib yaxasına.

Yarpaqlar
ölüm hökmü almış adam kimi əsir.
Qonşunun pəncərəsindən
mahnı səsi özünü atır
küçəylə gedən maşının
təkərləri altına.

Cırcırama səsi qayçıya dönür
kağız kimi doğranır sükut.
Masamın üstündə pivə köpüklənir
toy tamadasının nitqi kimi.

Dünyanın tavanı çökür elə bil
yaxşı ki, sərv ağacları var...
XS
SM
MD
LG