Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:52

Təbiətin bal dadını güldən əm


Cabir Umud
Cabir Umud
-

“Ədəbi Azadlıq-2014” Milli Müsabiqəsinin 10-luğuna keçmiş Cabir Umuddan (Cabir Hüseynov) şeirlər. Onun onluqdakı şeirlərini burda oxu


Cabir Umud


Vətən dərdi

Yaşadığım sevinc hara, dərd hara,
Bu amansız qürbət hara, yurd hara,
Töhmət hara, təhniz hara, mərd hara,
Aman Allah dərd nə yaman çox imiş,
Vətən, səndən ağır bir dərd yox imiş.

Nə ki, dərd var, zaman-zaman köhnələr,
Nələr keçir ürəyimdən, eh, nələr...
Bir dərdim var, dərd içində pöhrələr,
O, sinəmi paralayan ox imiş,
Vətən, səndən ağır bir dərd yox imiş.

Mən Vətənsiz bir heç nəyəm – deyənin,
Vətən!-deyib, sinəsinə döyənin,
Vətənin ismətini yeyənin
Mənliyi ac, qisas hissi tox imiş,
Vətən, səndən ağır bir dərd yox imiş.

Boz sərçələr neçə fəsil dəyişib,
Boz sərçələr neçə nəsil dəyişib,
Bu millətdə yoxsa əsil dəyişib?
Şah Xətai, Qoç Koroğlu yuxuymuş,
Vətən, səndən ağır bir dərd yox imiş.


Çəmən

İlmə süsən, ilmə sünbül, ilmə gül
Allah, Allah! Naxışa bax, naxışa!
Nərgiz xumar, süsən süslü, lalə tər,
Göz doyarmı gözəllikdən yığışa?!

Duymaz olan ürək hara, eşq hara,
Bu cənnətdə başqa şey yox, eşq ara!
Təşnə olan əriməzmi aşkara
Bu işvəyə, bu qəmzəyə, baxışa?!

Bir məhrəmlik o biriylə qapanır,
Pislik haqqın qüdrətindən sapınır,
Bu gözəllik Tanrısına tapınır,
Dərilməmiş sığınanda ağuşa.

Bulaq, lilpar, yarpız məni duyanım,
Nazmı satır ətrin mənə qıyanım?
Qoy bu cənnət olsun mənim həyanım,
Cabir, düşər olsam qəfil qarğışa.


Güldə nəm

(təcnis)

Zümrüd çəmən qəm ovqatlı bir ada,
Nə pərişan, nə pəjmürdə gül dənəm
İki qismət üz tutubdur bir ada,
Sərgərdanam, mən də həmən güldənəm.

Onsuz odam, gəl sinəmi az qala,
Səməndərəm, Göy üzündə az qala.
Səhər şehi vədəsinə az qala,
Həsrətimdir qərar tutan güldə nəm.

Aşiq sanılasan, aşiqi san ki!
Bir nəğmə çaşdırıb aşiqi sanki.
Cabir, sən gül-çiçək aşiqisən ki,
Təbiətin bal dadını güldən əm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG