Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:24

“Biz deyən kimi edin, biz edən kimi yox”


arxiv foto
arxiv foto
-
“The Economist” məcmuəsinin son sayında dərc olunmuş “Biz deyən kimi edin, biz edən kimi yox” adlı məqalədə vurğulanır ki, “47 ölkənin təmsil olunduğu Avropa Şurasının insan haqları, demokratiya və qanunun aliliyi məsələlərinə nəzarət edən nazirlər komitəsinə kimin sədrlik etməsi çox az adamı maraqlandırır. Lakin mayın 14-də bu postu Azərbaycan tutandan sonra bu məsələ daha çox adamı narahat etməlidir. Hər şey bir yana, Avropa hökumətlərindən çox azı sözü gedən dəyərlərə Bakı rejimindən daha çox ziyan vurub”.

“The Economist”in məqaləsində deyilir ki, repressiv hökumətlərin bu postu tutması ilk dəfə baş vermir. İnsan haqlarının bərbad vəziyyəti 2006-cı ildə Rusiyanın Avropa Şurasına rəhbərlik etməsinin qarşısını ala bilməyib.

BAHA BAŞA GƏLƏN TƏRƏQQİ

Məcmuədə qeyd olunur ki, neft və qazla zəngin olan Azərbaycanda son onillik ərzində yaşayış səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlib. Dünya Bankının məlumatına görə ÜDM 2004-cü ildən bəri 7 dəfə artıb və özünün parlaq üfüqləri ilə Bakı artıq 1990-cı illərin pinti şəhərinə bənzəmir.

“Lakin maddi tərəqqi baha başa gəlib, - yazır “The Economist” – saxtalaşdırılmış seçkilər və daxildə fərqli düşüncənin boğulması o deməkdir ki, Azərbaycanın demokratiyası riyakarlıqdan başqa bir şey deyildir”.

Məqalədə deyilir ki, Azərbaycanın enerji təchizatından faydalanan Avropa və ABŞ bütün bunları görməməyə çalışırlar və Bakının “kürü diplomatiyası” təkcə AŞ-də deyil, həm də Qərb dairələrində ona dostlar qazandırıb.

İLHAM ƏLİYEVİ ƏSƏBİLƏŞDİRMƏMƏK ÜÇÜN

“Prezident İlham Əlievin xaricdən səslənən tənqidlərə əsəbi olduğunu bilən Qərb rəsmiləri ara-bir qaldırdıqları səs-küyə baxmayaraq, əllərini yanlarında saxlamağı öyrəniblər” – deyilir yazıda.

“The Economist” Avropa Şurasına işarə edərək soruşur ki, üzvlərinin onun qaydalarına əməl etmədikləri bir kluba nə ehtiyac var?

Məqalədə vurğulanır ki, Bakı əslində öz rəftarını yaxşılaşdırmaqdansa, son həftələrdə daxildəki fərqli düşüncənin boğulması istiqamətində addımlar atıb.

“Ukraynada son vaxtlar baş verən hadisələr Avropa Şurasının təməl prinsiplərinin mühümlüyünü bir daha gündəmə gətirdi, - deyilir məqalədə, - İsveçin xarici işlər naziri Carl Bildt bu yaxınlarda AŞ-də verdiyi bəyanatda demişdi: “Rusiya Krımı işğal və ilhaq etməklə qitəmizin təhlükəsizlik və sabitliyinin əsas prinsiplərini pozub”. Lakin reallıqda Rusiyanın neft və qazından aşırı asılılıq, Avropanın alternativ enerji təchizatçısı kimi Azərbaycanın dəyərini artırıb. Bakıya insan haqlarını pozmaq üçün verilmiş icazə, bundan sonra da yəqin ki, davam edəcəkdir”.

BAKININ İSTEHZASI

“The Economist” yazır ki, Azərbaycan öz sədrliyi dövründə diqqəti insan haqlarının təhsilinə və korrupsiyaya yönəldəcəyini vəd edib:

“Azərbaycanda məhbusların aclıq aksiyası keçirməsi bu vədi istehzaya çevirir. Rüşvətə qarşı mübarizədə bu yaxınlarda uğurlar qazandığını elan edən Azərbaycan, Transparency İnternational təşkilatının reytinqinə görə, Rusiya ilə yanaşı Avropa Şurasının ən korrupsiyalı ölkəsi olaraq qalır. Burada heç bir təsdadüf yoxdur. Azərbaycanlılar bütün bunları yaxşı bilirlər: korrupsiya və siyasi repressiya həmişə qol-qola hərəkət edir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG