Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:30

Fərhad Babayevin 20-liyə düşməyən hekayəsi


-

Bu hekayə "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Fərhad Babayev


QARIN SƏSİ


1985 – ci ilin soyuq fevral ayı idi. Əli Bayramlıda heç belə qar yağmamışdı: göydən sanki buludların arasından deyil, mələklərin ovcundan tökülürdü.

Yağan qarı binaların fasadlarına çırpan külək tükürpədici səslə fit çalırdı: çılpaq ağacları isə silkələyərək üzərindəki qarı havaya sovururdu. Gecənin bu qəribə sinfoniyasına qarğaların qarıltısı və ac itlərin hürüşmələri də əlavə olunduqda tamamlanmış kompazisiya alınırdı. Bəlkə də yer üzərində ən dahi musiqi əsəri belə bəstəkarı təbiətin özü olduğu bu kompazisiya ilə müqayisə oluna bilməzdi.

Adəti üzrə o gün də zavodda işlər gec yekunlaşdı. Əli Bayramlı Cihazqayırma Zavodu dövlətin iri həcimli sifarişini vaxtında yerinə yetirməli idi. Odur ki, bütün fəhlələr gücləndirilmiş iş rejimində çalışırdı. Gücləndirilmiş iş rejimindən Əhmədə də pay düşürdü. O, bir aydan da artıqdır ki, işə sübh tezdən gəlir və gecə saat birdə, ikidə evə gedirdi. Bir ildir ki, ailə qurduğu hamilə olan arvadı Reyhanə isə demək olardı ki, ərinin üzünü görmürdü: əri işə gedəndə də, işdən gələndə də o yatmış olurdu. Hər ikisi də bir – birilərindən qəlblərində haqlı olaraq küsmüşdülər. Hər ikisi də qarşı tərəfdən qayğı və sayqı gözləyirdi. Bunu ən çox isə bir neçə günə Əhmədin uşağını dünyaya gətirəcək Reyhanə umurdu.

Əhməd iş yoldaşları ilə sağollaşıb, isçi paltarını dəyişmədən – onsuzda üç – dörd saatdan sonra yenidən bu paltarı geyinəcəkdir – paltosunu geyinib, boyunluğunu qaldırdı və şərflə boğazını sıxdı. İçi tüklü dəri papağının da qulaqlıqlarını açdı: yaman üşüdürdü, əlləri dəri, içi yün olan əlcəyin içində olsa da barmaqlarını hiss etmirdi, dodaqları şaxtadan çartlamasın deyə adət etdiyi vərdişini, tez – tez dodaqlarını diliylə yalamağını da tərgitmişdi.

Sexdən çölə çıxanda yerdə qalaqlanmış qarı görüb dəhşətə gəldi. Hər halda otuz bir yaşı var idi və bir – iki istisnanı nəzərə almasaq, ömrü boyu Əli Bayramlıdan kənara çıxmamışdı və hələ indiyə qədər belə qarın yağdığını da xatırlamırdı.

Bir neçə dəqiqəliyə qapının qarşısında dayanıb, gözlərini qıyaraq – güclü küləyin sifətinə vurduğu qar gözlərini tam açmağa imkan vermirdi - ətrafa baxdı: bir özü idi, bir də qarda eşələnən ac itlər və çaqqallar.

“Buna baxeeee . . . Sex çöldən soyuqdur. Elə bil qar sexdə yağır, çöldə yox.”
Ayaqlarını qara basdıqca qarın xırıltısı nədənsə ətini ürpəşdirirdi. O, heç vaxt qarı sevməyib. Ona elə gəlir ki, bu bəyazlığın özündə belə zülmət, sükunətində isə qulaqbatırıcı səslər var.

Bir – birini izləyən iti addımlarla irəlilədikcə qarın xırıltısı qaranlıq gecənin ölü sakitliyində bütün çöllüyə yayılırdı.Gecənin sadiq sakinləri olan itlər və onların yaxın qohumları çaqqallar gecənin bu vaxtında, həm də belə soyuqda hələ də çöldə olan adama – Əhmədə axmaq kimi baxırdılar.

Evə qədər olan yol uzun idi: hardasa zavodla evi arasındakı yolu qət etmək üçün yarım saatdan da çox vaxt gərəkirdi. O isə evə dah tez çatmalı idi: arvadı söz vermişdi, yatmayıb onun gəlişini, saat neçə olursa olsun gözləyəcəkdi.

Bloka çatdıqda saatına baxdı: 25 dəqiqədən də tez gəlmişdi. Heç dayanmadan iki – iki, üç – üç pillələri qalxmağa başladı – axı tələsirdi.Halbuki, həmişə bloka çatanda durub nəfəsini dərərdi; onu yoldan çox beşinci mərtəbəyə qalxmaq yorurdu.Açarı qapının kilidinə salıb, astadan burdu.Həvəslə açdığı qapıda onu arvadı deyil, qaranlıq dəhliz qarşıladı.İçəri girib, üst geyimlərini asılqandan asdı. Asta səslə: “Reyhanə . . . Reyhanə . . . ” – arvadını səslədi. Yataq otağının qapısını azacıq aralayıb, arvadının narın xorultusunu eşidəndə əl – qolu tamam yanına düşdü.

“Yatıb.Yenə də yatıb.Halbuki, söz vermişdi.Məni saat neçə olursa olsun gözləməliydi.”

Acından ölürdü.Mədəsinin iyi nəfəsinə hopmuşdu.Ağzı acı zəhər dadırdı.Mətbəxə keçib çayı qazın üstünə qoydu.Soyuducunu açdı və həmişə olduğu kimi, şor və yağdan başqa hazır yemək yox idi.Başını narazı halda bulayıb soyuducunun qapısını çırpdı.

“Heç olmasa bir – iki tikə bişirib saxlaya bilərdi. Lap ağ eləyib eeee…..”

Stulu qaz sobasının yanına çəkib, isinməyə cəhd etdi.Heç cürə canına isti keçmirdi.“Kosmos” siqaretindən birini damağına qoyub bir - iki qülləm çəkmişdi ki, ögümək tutdu. Onsuz da zəhər kim olan ağzı tüstüdən sonra qəribə ürək bulandırıcı tam verdi. Siqareti küldana atıb tüpürcəyi ilə söndürdü.Çaydanın vızıltısı yorğun beyninə xoş bir yüngüllük gətirirdi.Qazın istisi isə yavaş – yavaş canına hopurdu.

“Bircə qaynasaydı, bir qurtum çay içib yatardım.” - stulda oturaqlı yuxuya keçdi.
Saat üçə işləyirdi, qar isə səngimək bilmirdi. Artıq vaxt idi: adətləri üzrə hər gün saat üç radələrində nə qədər ki, it var idi hamısı səs səsə verib, hürüşməyə başladı.
Gecənin boşluğunda əks səda verən hürüşmələrə çaqqalların çığırışmaları və ulaşmaları, bir – birini qıran qarğaların qulaq batıran “cəh – cəhləri” də əlavə olundu.
Adama elə gəlirdi ki, bu heyvanlar həmişə eyni vaxtda hansısa ayini yerinə yetirirlər.
Qəribəsi də o idi ki, bütün bu səslər işləməkdən və səksəninci illərin çaxnaşmalarından yorulan insanlara heç bir maneçilik yaratmırdı. Stulda oturaqlı yatan Əhməd kimi isti yataqda qış yuxusuna dalan əhali üçün də bu səslər laylay kimi gəlirdi.

Təkcə Reyhanə bu səslərdən narahat olurdu, daha doğrusu qorxurdu. Yenə də ilk hürüşmələrdən gözünü açıb əli ilə yataq yoldaşının yerini yoxladı: “Gəlməyib”. İsti qalsın deyə daş peçin – Əhməd bu peçi zavodda özü düzəltmişdi – qırağına qoyduğu yarpaq dolmasının xəfif ətri otağa yayılmışdı.Ərini gözləyə - gözləyə paltarlıca uzanıqlı yuxuya dalmış Reyhanə sancılarının baş qaldırdığını hiss etməyə başladı.Yatağında sağa – sola qıvrılsa da ağrılar daha da artmaqda idi.Tez – tez, dərindən, həkimin öyrətdiyi kimi nəfəs almağa başladı.

“Deyən gəlir!”

Dəhşət və həyəcan içində idi.

“Mən tək neyləyəcəm.İndi mən başıma hansı dağın daşını töküm?Əhməd. . . Əhməd
. . . Əhməd, hansı cəhənnəmdəsən?!”Əhməd isə eşitmirdi.Beyninin bütün diqqəti itlərin hürüşməsinə cəmləşmişdi.

Çətinliklə də olsa Reyhanə yataqdan qalxıb, dəhlizə keçdi. İnildiyə - inildiyə qapıya yaxınlaşdı: qonşu Sevdaya xəbər verməliydi; axı təkbaşına uşaq üçün riskli və təhlükəli olardı. Dəhlizin işığını yandırdı və qapını açmaq istəyirdi ki, qapının kilidlə deyil, cəftə ilə bağlandığını gördü.

“Allaha şükür, evdədir.Əhməd . . . Əhməd . . .” – uca səslə çağırmağa başladı.
Nə qədər möhkəm yatır – yatsın, küçədəki hürüşən itlərin səsini batıran qışqırığı Əhməd duymaya bilməzdi.Reyhanənin ağlayışına və çığırtısına yerindən dik atıldı. Bir anlıq özünü hələdə yuxudaymış kimi hiss etdi. Əhmədin hay vermədiyini görən Reyhanənin növbəti çığırtısı onu yuxudan tamam ayıltdı.Çaydan da çoxdan qaynamışdı, lüləyindən çıxan burum – burum buxar elə də iri olmayan mətbəxdə sauna effekti yaratmışdı. Əhməd səsə durmamışdan qabaq çaydanın altını söndürdü.
Əhməd dəhlizə gələndə doğum sancıları tutmuş Reyhanə çöl qapısının ağzında yerə uzanıb, dərin və tez – tez nəfəs alaraq, arabir beyin cırmaqlayan səslə çığırırdı.
Əhməd:

“Reyhanə döz, döz Reyhuş! İndi bu saat gedib maşın tapıb səni xəstəxanaya aparacam.”

“Tez elə, Əhməd, tez get.”

“Gəl əvvəlcə səni yatağa uzandırım” – çətinliklə də olsa Əhməd Reyhanəni yerdən qaldırıb, yataq otağına apardı.Reyhanənin sancıları isə artmaqda idi.

Əhməd taksi tapmaq üçün paltosunu geyinib, papaqsız və şərfsiz evdən çıxdı.İlk gümanı isə elə bir blokda, birinci mərtəbədə yaşayan taksi sürücüsü Mətləb oldu.İti addımlarla düşüb Mətləbin qapısını döyməyə başladı. Bir neçə saniyəlik aradan sonra yenə də qapını mökəm döydü: “Elə bil ölüb, ayılmaq bilmir!”

Gecənin bivaxtında qapını vəhşicəsinə döyən Mətləbi hirsləndirsə də arvadı Vəsiləni qorxutmuşdu.

Mətləb:

“Bu nə vaxtın qapı döyməyidir?!”

Vəsilə:

“Allah xeyir eləsin.”

“Bu vaxtın qapı döyülməsi xeyirdən deyil.”

“Açma, Mətləb. Qoy hər kimdirsə, döyə - döyə qalsın, sən açma. “

Mətləb isə artıq qapının kilidini bururdu.

“Kimdir?”

”Mənəmeee. . . qonşu Əhməd”

“Ayə bu nə vaxtın qapı döyməyidir?” – həqiqətən də odur: səsindən tanımışdı. Qapını açıb, azacıq araladı.Uzun, əyri burnunu qapı arasından çıxarıb, ürəyində Əhmədi söydü.

“Hə nə lazımdır?”

“Mətləb, arvadımın doğum sancısı tutub, maşını işə sal.Təcili xəstəxanaya çatdırmalıyam.”

“Vallah mümkün deyil” – heç hənanın yeridir?Dərhal Əhmədi başından eləmək üçün bir şey fikriləşdi – “benzinim qurtarıb, ehtiyat da ki, yoxdur” – birdən özündə olar.Başqan bir bəhanə də fikirləşdi – “əyləci də ki, tutmur. Özün bilirsən də belə qarda, buzda . . .”

“Aydaaaa. . .Bəs mən indi neyləyim?”

“Mətləb, kimdir orda?” – Vəsilə səsləndi.

“Heç Əhməddir.”

“Nə deyir?”

“Elə belə . . .”

“Tez qapını ört, ev buza döndü.”

“Sən yat, mən də gəlirəm.”

“Başqa bu arada bilmirsən kimdə maşın var?"– Əhməd soruşdu.

“Heç kimdə.Özün də bilirsən ki, bu məhəllələrdə maşın bircə məndədir.Qonşularımız hamsı sənin kimi zavodda fəhlədir, hardan maşınları olsun.

“ . . .” – dərindən içini çəkib, evə qalxdı. Çox yaxşı başa düşürdü ki, Mətləb onu başından edir: “Heç eybi yoxdur. Dünya böyükdür, amma fırlanlır.”

Əhməd evə girəndə sakitlik idi; Reyhanəın səsi gəlmirdi. Uşağa nəsə olmasından qorxub, ayaqqabısını soyunmadan yataq otağına keçdi:

“Reyhuş, yaxşısan?”

“Yox.”

“Deyən sancıların kəsib.”

“Bu elə belədir, müvəqqətidir, bir azdan yenidən başlayacaq.”

“Bəlkə yalançı sancılardır.”

“Yox, Əhməd, yox.Uşağımız gəlir, canımı ala – ala.”

“Səbr elə döz, indi səni xəstəxanaya aparacam.”

“Taksi tapdın?”

“Yox” – çox utanırdı, heç nə edə bilmədiyi üçün.

“Necə yəni yox?Bəs mən necə gedəcəm?Heç bilirsən xəstəxana hardadır?”

“Hə, hə bilirəm, cəhənnəmin dibində.Neynəyim indi mən, sənin üçün təyyarə gətirəsiyəm?”

“Canın çıxsın, evdə tapıl.Günorta da belə oldum. Onda getsəydim, indi heç bir qorxusu olmazdı.”

“Di dur gedək.”

“Bu qaranlıqda, bu soyuqda?”

“Hə . . .”

“Təcili yardıma zəng elə.”

“Hansı telefonla?” – Reyhanə də bilirdi ki, bu evlər yeni tikildiyi üçün hələ heç bir mənzilə telefon xətti çəkilməyib.

“Aaaaaa . . .” Reyhanənin sancıları yenidən artırdı.

“Di dur əynini geyin, asta – asta gedərik” – Dəhlizdə Reyhanənin asılmış paltosunu, yun yaylığını və uzunboğaz çəkməsini gətirib geyinməsində ona köməklik etdi.Daha sonra qollarını boynuna salaraq, belindən yıxılmasın deyə möhkəmcə tutub, evdən çıxdı.Pilləkənləri çox çətinliklə, dayana – dayana endilər.Ağrılar olsa da bayaqkı kimi deyildi.Onlar bəlkə də səhərin açılmasını gözləyə bilərdilər, amma Reyhanənin bətnindəki körpə nədənsə tələsirdi.

Qar səngisə də hələ də yağırdı, külək isə kəsməmişdi: üç – dörd dərəcə, bəlkə də daha yüksək şaxta var idi: əsən küləksə şaxtanı daha da sərtləşdirirdi: havanın qaranlıq və zülmətinə yerə döşənmiş qar azacıq aydınlıq verirdi. Əhməd yıxılmasın deyə Reyhanənin belindən tutmuşdu.Arvadı ağrılardan inildəyir, elə hey ərini qınayırdı.Əhməd də bilirdi ki, arvadı haqlıdır, amma əlindən heç bir şey gəlmirdi.
Binanın arxasına keçəndə hər ikisi də qorxuya düşdülər: elə bil Əli Bayramlının bütün küçə itləri, çaqqalları bura yığışıb. Bu yaxınlıqda tikilən binaların tikinti materialları, əhəng daşlaı, betonlar, sement və qum topaları, traktorlar, qaldırıcı kranlar, yarımçıq tikililər bu gecə saknləri üçün göydələnləri olan əsl “meqapolis” idi. Bu meqapolisə heç istəmədən gecənin bu vaxtında – artıq saat dördə işləyirdi – gəlmiş və özlərindən fərqli olaraq iki ayaqlı bu qəribə canlıları görən gecə sakinləri hürüşmələrini kəsib bütün diqqətlərini “qonaqlara” cəmlədilər. İri və zil qara iyrənc it – deyəsən it sürüsünün başçısı idi – burnunu eşələdiyi qardan ayırıb, heç vaxt görmədiyi canlılara baxdı: qara, yumru burnu qəribə qoxu duydu – şirin ət qoxusu. Bu qoxu onu özünə yaağlı əppək kimi özünə cəlb etdi: asta addımlarla onlara tərəf addımlamağa başladı və bütün itlər də onu izlədi. Maraq elə güclü idi ki, cütləşərkən bir – birinə qıc olub bağlanan qırmızı qancıq itlə ağ iri başlı erkək it dalqabaq qaçaraq, yoldaşlarına çatmağa çalışırdılar. Qar isə yağır, öz sükunəti ilə gecənin sükunətini pozurdu.
Əhməd üstlərinə gələn it sürüsünü hürkütmək üçün əyilib yerdən əlini qarda gəzdirərək daş axtardı: ancaq qar hər yerin, hər şeyin üstünü elə döşəmişdi ki, sanki nəyisə, kimdənsə gizlətmək istəyirdi.

“Lənət şeytana! Kış . . . fışt . . . rədd olun!” – Əhməd əl – qol ataraq itləri hürkütməyə cəhd etdi, sadəcə cəhd etdi: itlər dəliyə baxırmış kimi onun hərəkətlərinə maraqla, özlərinəməxsus əyləncə ilə baxır, heç birini veclərinə almırdı; qarğalar da səs səsə verib, sanki ona gülürdülər. Bircə susan və yağmağa məcbur olan qar idi: o, susur və bilirdi ki, səsi çox sonralar çıxacaq.

Reyhanənin ağrıları yenidən artırdı: artıq yol gedə bilmirdi. Əhməd bir neçə dəfə onu qucağına almaq istəsə də gücü çatmadı.

“Az qalıb, az qalıb, əzizim.Bax görürsən. Məktəbin stadionunu keçirik – Əhməd zorla Reyhanəni sürüyürdü və “az qalıb” deməyi ilə yalan danışdığını da yaxşı bilirdi: onlar hələ xeyli yol getməli, şəhəri ikiyə bölən dəmir yolunu digər tərəfə keçməli, şəhər bazarınacan bir xeyli yol getməliydilər: doğum evi məhz bazarın, yəni Təzə şəhərin başlanğıcında, Köhnə şəhərin bitdiyi yerdə, hər ikisinin də kəsişməsində yerləşirdi. Mışovdağın ətəyində yerləşən mənzillərindən xəstəxanaya bu gedişlə üç – dörd saata çatardılar.

Hələ tikilməkdə olan Əli Bayramlı şəhər, 18 saylı orta məktəbin stadionunun ortasına çatmışdılar. Stadion yerə sərilmiş bəyaz bir mələfəni xatırladırdı: itlər və bir yerdə durmayan qarğalar ağbəniz yanaqda qara xal kimiydilər: Bu iki gənc isə yanaqda süzülən qoşa göz yaşı kimiydilər; özləri üçün süzülürdülər. Hara?Bilinmirdi .
Reyhanə artıq ağrılara təslim olurdu: sancılar bıçaq kimi qarnını doğrayırdı: bir addım da belə ata bilmirdi.

“Aaaa . . . Əhməd, gedə bilmirəm.Gəlir . . . Uşağımız gəlir.Daha bacarmıram.”
Əhmədin Reyhanənin belindən möhkəm tutmasına baxmayaraq, müvazinətini itirib yerə yıxıldı.Qeyri – ixtiyarı olaraq, ayaqlarını aralayıb, doğuş vəziyyətini aldı. Əhmədsə özünü tamam itirmişdi: rabitəsiz, bir – biri ilə əlaqəsi olmayan hərəkətlər edir, qırıq – qırıq sözlər deyir, həyəcan və qorxu içində boğulurdu. İtlər və qarğalar isə sanki Reyhanə ilə “kim ucadan qışqıra bilər” – deyə bəhsə girmişdilər. Reyhanə daha ucadan qışqırdıqca itlərin hürüşməsi, çaqqalların ulaşması, qarğaların qarıltısı da artırdı və Reyhanənin səsini boğurdu: elə bil yenə də hansısa ayini, bəlkə də ov ayinini yerinə yetirirdilər. Hamısı böyük maraqla qarın üstünə uzanıb, çığıran bu qəribə canlılara baxırdılar. Bir – birilərinə qıc olub bağlanmış qancıq itlə, erkək də dalqabaq qaça – qaça bir təhər özlərini tamaşaya çatdırdılar: “Görən onlar neyləyir?” – heyvan ağılları ilə düşünürdülər. Şirin qan əti onları lap bihuş etmişdi: “Nə qədər zir – zibil yemək olar?” – deyəsən bu gün “menyuya” ət də daxil ediləcəkdi. Bir sözlə hər kəs, hər şey maraqla bütün olanların nə ilə yekunlaşacağını gözləyirdi, özü də ətini didən səs – küylə.Bircə qar başıaşağı öz işində idi, həm də sakitcə, heç səsi çıxmadan.
Reyhanə var gücü ilə gücənir, qarın əzələlərini sıxırdı.

Əhməd:

“Hə, gülüm, hə, çiçəyim, güc elə, gəlir . . . başı görsənir . . . – Əhməd elə həyacan içindəydi ki, ona elə gəlirdi ki, uşağı o özü doğur – Bir də . . . bir də güc elə.Aman Allah, başı çıxdı - əli ilə qan içində olan körpənin başından tutub, ehtiyatla dartmağa başladı. Reyhanə isə sonuncu gücünü, enerjisinin cəmləyib, qarın əzələlərini sıxdı: bu səfəri ondan çıxan qışqırıq səsini ancaq körpənin ağlayışı kəsə bildi.”

“Oğlumuz oldu, Reyhanə, oğlumuz” – Reyhanə isə sevinmirdi, susurdu, yağan qar kimi. Stadiona doluşan yüzlərlə it, çaqqallar da onun kimi susurdu: “bu üçüncüsü hardan çıxdı? Axı onlar iki idi” onları tamam çaşdırmışdı.

Əhməd uşağın ciftini, həmişə cibində saxladığı, açılıb bağlanan tiyəsi şəhadət barmağı boyda olan bıçağı ilə kəsdi və dərhal körpəni paltosuna bürüdü. Körpəsə ağlayır, anasının ətrini axtarırdı, burnunasa qara laxtalanmış qan iyi gəlirdi: əllərini bir - birinə sürtüb dodaqlarınlı büzüşdürərək, bu həyatda ilk hərəkətlərini edirdi; Reyhanə isə hələ də susurdu, dinmirdi.

Əhməd körpəni anasına göstərdi; gülürdü, sevinirdi, Reyhanənin siması isə havanın özü kimi bumbuz idi:

“Reyhanə. . .” – Əhməd dizləri üstə sürünə - sürünə Reyhanənin başı tərəfə yaxınlaşdı. Əliylə arvadının yanaqlarına yavaşca sillə çəkdi; Reyhanənin yanaqlarında donub qalmış göz yaşı yanağından qopub, Əhmədin əlinə düşəndə, Əhməd diksindi – Reyhanə çoxlu qan itirməsindən və daxili zədələnmədən ölmüşdü – O, bunu anlayanda bağırmaq istədi, ancaq gücü qucağındakı körpəsi kimi ağlamağa çatdı.Elə bil bayaqdandır bütün bunların nə ilə bitəcəyini maraqla izləyən gecə sakinləri, əsasən də bir – birilərindən ayrıla bilməyən qancıq itlə erkək artıq “tamaşanın” bitdiyini anladı.

İtlər yavaş – yavaş bəyaz qar üzərini palitra kimi rənglərə bürümüş qanın iyinə doğru hərəkət etməyə başladılar: Əhməd, yeni doğulmuş körpəsi və artıq ölmüş olan arvadını üzük qaşı kimi mühasirəyə almışdılar; qarğalar isə havadan nəzarət edirdi. Əhməd hələ nəyin, daha doğrusu bu bir saatın içində nələrin baş verdiyini heç cürə ayırd edə bilmirdi. Əyağa qalxıb, cəhd eləsə də Reyhanəni yerindən dəbərdə bilmədi: insan öləndə yaman ağır olurmuş. Reyhanənin paltosunun ətəyindən yapışıb onu sürüməyə başladı.Heyvanlar bunu anlaymış kimi, addımlarını daha da yeyinlətdilər; hürə - hürə, qulaqbatırıcı səs – küylə Əhmədin üstünə cumdular.Əhməd körpəsini bərk – bərk qucağına sıxdı.Qara it Reyhanənin paltosundan yapışıb Əhmədlə onu dartışdırmağa başladı. Digər itlər də hərəsi bir – tərəfdən Əhmədin əks istiqamətində Reyhanəni dartıb yerlə sürüyürdülər; havada süzən qarğaların işi daha rahat idi; onlardan biri itlərlə Əhmədin yerdə sürüdüyü Reyhanənin başı üzərinə qonub, onun üz – gözünü dimdikləməyə başladı; gözləri hələ də soyumamış “deleqates” kimi qalmışdı; qara dimdiyi ilə Reyhanənin ümüdsüzlük və körpənin gəlişi sevinci ilə işığı sönmüş qara gözünü xırçıltı ilə eşirdi.

Əhməd əlacsız, qorxmuş və dəhşət içində idi:

“Aman Allah, aaaaaaa. . . .aaaaaa . . .aaaaa” – gücü varınca bağırdı. Heç istəmirdi, amma gücü çatmırdı.Əlini Reyhanənin, uşaqlıq məhəbbətinin, indicə doğulmuş və bəlkə də bütün bunların yeganə səbəbkarı olan körpəsinin anasının toyunda xonçasına qoyduğu yaşıl rəngli paltosunun ətəyindən buraxdı.Quduzlaşmış heyvanların özünə və körpəsinə nəsə edəcəyindən qorxurdu; cəld qaçıb məktəbin həyətində tikilib, yarımçıq saxlanımış tirə daxil oldu - qaranlıq və çox iri, uzun dəhliz formasında tikilmişdi – içəri daxil olub, qapını bağladı.“Qənimətdən” özünə pay əldə edə bilməyən itlər və çaqqallar Əhmədi təqib edib tir qapısı ağzına yığışmışdılar; pəncələri ilə qapını açmağa cəhd edirdilər. Əhməd içəridə yığılmış mişar daşlarından üçünü qapını arxasına dirəyib, özü də süst halda onların üstünə sərildi; qorxurdu və qorxusundan hələ də diliylə, ağzıyla, burnuyla, barmaqlarıyla anasının əmməyə döşünü axtaran körpəsinə sığınırdı; tirin divarlarından kənarda isə “qənimət” üstündə əsl mübarizə gedirdi. Qara it, əvvəl bəhs etdiyim sürünün başçısı özü üçün ən yağlı, ətli tikəni didib, qopardaraq, bir kənarda rahatca yeyirdi. Qarğalar üçün də pay götürmək çətin deyildi, sadəcə olaraq, hədsiz dərəcədə sayları çox idi – elə bil Əli Bayramlının bütün qarğaları bura toplaşmışdı. Hələ də bir – birindən ayrıla bilməyən qancıq itlə erkəyə isə Reyhanənin qanlı paltarlarının qanını sovurmaq qalırdı.Əsl ət bayramı idi, əsl ziyafət idi.

* * *

Səhərə doğru qar tamam dayanmışdı, külək də səngimişdi.Artıq şəhər oyanmaqda idi.Mətləb paltosunu geyinib, evdən çıxdı.Binanın bloku qarşısında saxladığı maşınına minib, işə saldı. Bir az gözləyib, matoru qızdırdı. Pəncərədən baxan arvadı Vəsilə onu uğurlayırdı:

- Ədə, Mətləb, Mətləb. . .

- Hə . . .

- Sən Allah yavaş sür. Yer buz tutub – nəsə fikirləşdisə - ümumiyyətlə getmə. Qoy qar ərisin . . .

- Di yaxşı, gir içəri. – söz qətidir.

Qaz 24 – nü işə salıb, aramla 18 nömrəli məktəbin stadionunun yanından keçən yol ilə irəliləyirdi ki. . . Çaşıb ayağını qəfildən əyləcə basdı; maşın sürüşüb stadionun dəmir çəpərinə çırpıldı. Maşını vurması heç vecinə deyildi. Qarın üstünə stadion boyunca yayılmış qan və hər tərəfə səpələnmiş içalat, ət tikələri onu dəhşət içinə salmışdı. Tərəddüd edirdi; yaxınlaşsınmı? Qorxurdu. Çox ehtiyatla çox da hündür olmayan çəpəri aşıb, stadiona daxil oldu. Tirin böyründən axrı ki, dartınıb, birtəhər bir – birindən azad olan qancıq itlə erkək it çıxıb qaçdılar. Bundan bərk diksinən Mətləb tirdən nəsə qəribə inilti səsini duydu; kimsə ağlayırdı. Qapıya yaxınlaşıb, onu açmaq istədi; açılmadı.

“İçəridə kimsə var?” – səsləndi.

İçəridən nəsə səs gəldi; Əhməd qapı arxasındakı daşları ayağı ilə itələyib kənara çəkdi. Mətləb qapını itələyib yerə uzanmış Əhmədi və bağrındakı çığ – çığ çığıraraq, ağlayan körpəni görüb dəhşətə gəldi və hər şeyi anladı. Gecə o, Əhmədin maşın istəməsini rədd etmişdi, çünki isti yataqdan çıxmağa ərinmişdi. Eləcə də bütün bunlara heç istəmədən səbəb olmuşdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG