Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:59

«Polis idarəsində qollarımı ayaqlarıma pərçimləyib qandalladılar»


Məhərrəm Feyzullayev
Məhərrəm Feyzullayev
-
“Qollarımı ayaqlarıma pərçimləyib qandalladılar. Sonra stulları bir-birindən bir az aralı qoyub ortasından taxta uzatdılar. Məni belə vəziyyətdə həmin taxtadan asdılar”.

Binə sakini, 48 yaşlı Məhərrəm Feyzullayev AzadlıqRadiosunun “Qaynar xətt”inə Xəzər rayon Polis İdarəsində işgəncəyə məruz qalmasından danışıb. Deməsinə görə, onu polis idarəsinə pul oğurluğuna görə aparıblar. Oğurluq hadisəsini görüb-görmədiyini isə işgəncə yolu ilə dəqiqləşdirməyə çalışıblar:

"HAY-HƏŞİR SALDILAR Kİ, PULLARI APARIBLAR"

“Binədə, Aslan bağları deyilən yeni ərazidə yaşayıram. Binə ərazisində torpaq alqı-satqısı ilə məşğul oluram. Onlar da torpaq dəllallarıdır. Məmmədəli, Xudu, Rasim... Mayın 5-də öz kafelərində oturub yeyib-içirdilər. Mən də kafedə idim, bir müştəri ilə görüşüb torpaqları göstərməli idim. Çay içib vaxt öldürürdüm. Rasim həyətə çıxdı, 5 dəqiqə keçməmiş qaça-qaça geri qayıtdı, dedi maşının şüşəsi sınıb. Hamı həyətə qaçdı, hay-həşir saldı ki, pulları maşından aparıblar".

Məhərrəm Feyzullayevin sözlərinə görə, kafeyə polis işçiləri gəlib, hamını yığıb Xəzər rayon Polis İdarəsinə aparıblar:

"Ancaq aparmamışdan əvvəl polislərdən biri maşına baxıb dedi ki, şüşəni çöldən yox, içəridən sındırıblar. Bu, o demək idi ki, nə məsələdirsə, elə pul sahiblərinin öz işidir. Bizi polis idarəsinə aparandan sonra məni otaqlardan birinə salıb döyməyə, işgəncə verməyə başladılar. Əvvəlcə qollarıma tənzif bağladılar, üstündən qandal vurdular. Tənzifi ona görə bağladılar ki, qandalın izləri qalmasın. Sonra bu vəziyyətdə qollarımı ayaqlarıma pərçimləyib qandalladılar. İki stulu bir-birindən aralı məsafədə qoyub üstünə taxta uzatdılar. məni belim bükülmüş vəziyyətdə taxtadan asıb yelləməyə başladılar".

Şikayətçi deyir, bu yolla ondan oğrunun kim olduğunu öyrənməyə çalışıblar:

"Məni yellədikcə, sillələdikcə soruşurdular nə gördün? Pulu kim apardı? Dedim, mən zalda oturub çay içirdim, heç kəsin maşınını güdmürdüm. Görmədiyim, bilmədiyim bir şey haqqında heç nə deyə bilmərəm".

Şikayətçinin sözlərinə görə, gecə saat 1 radələrində onu idarədən buraxıblar. Ancaq mayın 6 və 7-də zəng vuraraq yenə çağırıblar. O isə növbəti dəfə işgəncəyə məruz qalmamaq üçün getməyib.

Orxan Mansurzadə
Orxan Mansurzadə

"ADAMA DEYƏRLƏR SOĞAN YEMƏMİSƏNSƏ, İÇİN NİYƏ GÖYNƏYİR?"

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Məhərrəm Feyzullayevin söylədiklərini təkzib edir:

“Həqiqətən, mayın 5-də Xəzər rayonunun Binə qəsəbəsindəki "Araz" kafesinin qarşısında şüşəni sındırmaq yolu ilə avtomobilin salonundan külli miqdarda pul oğurlanıb. Adıçəkilən şəxs də həmin vaxt kafedə olub. Əsas şahidlərdən biri kimi Məhərrəm Feyzullayev də polisə dəvət edilib, dindirilib və buraxılıb. Cinayətin açılmasından ötrü onun polisə yenidən çağırılması istisna edilmir. İndi hay-küy salması, guya polis idarəsində işgəncəyə məruz qalmasını bildirməsi isə əslində özünü sığortalamaq, sonrakı dindirmələrdən yayınmaq məqsədi daşıyır. Əgər vətəndaş hər hansı cinayəti görübsə, yaxud hər hansı məlumata malikdirsə, o zaman bu barədə mütləq şəkildə hüquq-mühafizə orqanlarına, o cümlədən polisə xəbər verməlidir. Əgər bunu etmirsə və ya etməkdən müxtəlif bəhanələrlə boyun qaçırırsa, cinayət qanunvericiliyinə görə məsuliyyət daşıyır. Digər tərəfdən, hər hansı cinayətin açılmasında polisə kömək etmək həm də bir vətəndaşlıq borcudur. M.Feyzullayev əvvəllər oğurluq etdiyinə görə məhkum olunub. İndi polisə böhtan atmasından, onu şantaj etməsindən görünür ki, bu şəxs bərk narahatdır və çalışır ki, bir daha polis əməkdaşlarının suallarına cavab verməsin. Adama deyərlər ki, soğan yeməmisənsə, için niyə göynəyir? Ancaq sözügedən cinayətin açılması üçün o, polisə nə qədər çağırılsa, getməli və istintaqı maraqlandıran sualları cavablandırmalıdır”.

Məhərrəm Feyzullayev isə deyir ki, mayın 6 və 7-də ona yenə zəng vuraraq Xəzər polis idarəsinə çağırıblar. O isə işgəncə veriləcəyini düşünərək getmir. Məhərrəm Feyzullayev polisin hərəkətlərindən daxili işlər nazirinə və baş prokurorluğa şikayət edəcəyini bildirir.
XS
SM
MD
LG