Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:54

20-liyə keçməyən yazarların şeirlərindən


-

Bu yazarların şeirləri "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.



Hüseyn Ağayev


QIRMIZI ŞƏRFLİ QIZ

o qız doğrudan da var idi...

Qış fəslinin sonudur, soyuqdur, havada duman var.
Az deyil küçədə insanlar,
Qarışqa ordusu kimi.
Dondurur bu soyuq sümükləri, bu duman ruhları.
İnsanlar sürətlə hərəkət edir isinməkçün.
Bir məqsədi var hamının və qaçır ona çatmaqçun.
Qara xalqın içində qırmızı şərfli həmin qız gözə dəyir.
Reklam vərəqləri verir, yoldan keçənlərə,
Bir az pul qazansın deyə.
Yoxsa bu soyuqda durularmı heç belə yerdə?
Çaqqalların ac baxışlarını üstündə hiss etdikcə,
Qorxur, daha da qorxur.
Düzəlməyəcəyini anladıqca, həyat daha dözülməz olur.
Qara papağı şaçlarının gözəlliyini örtsə də hər nə qədər,
Çox az bir hissəsi görünər.
O gözəl, dalğalı saçlar günəşin nuruna bənzər.
Və isidər boynunun incə dərisinə toxunan yumşaq, qırmızı şərf.
Ona bürünür.
İsti nəfəsi ona dəyir və qayıdır.
Kimsəsi yox görünür.
Bu soyuq cəhənnəmdə təkcə qırmızı şərfini yoldaş sayır.
Gülür, özünə gülür.
Soyuqdan donmuş üz cizgilərində acı təbəssüm görünür.
Eybi yox, qoy bu şərəfini itirmiş dünya onu da kimsəsiz qoysun.
Yəni bir insan, bir canlı nümunəsi yoxdurmu, bir təmiz ruh tapılmadımı onunla yan yana dursun?
Tapılmadı... Dünya da əzdiyinə baxıb istehza ilə güldü.
Burax gülsün!
Bəlkə Allah palçığa üfürdüyü kimi mürəkkəbdən yaranmış bu sətirlərə də bir ruh üfürər.
Qanadlarını çırpıb yanına gələr.
Əlindən tutar və bilərsən ki yaşamaq deyiminin altında murdarlıqlardan başqa təmizlik də olur.
Xarabalıqda bitmiş zərif bir çiçək kimi.
Toxudu həyat şərrini zəhərli hörümçək kimi, saldı öz toruna bizi.
Səni, məni, onu, o birini və hər kəsi.
Sən isə gülmə özünə, danlama özünü, gülmə!
Neyləyirsən insanları, qoy elə boynundakı yun parçası dost olsun sənə.
İnsanlar gedir, arxalarına baxmadan gedir, dağıtdıqlarını düzəltmədən gedir.
Bağışla yun parçası deməməli idim ona, qırmızı şərfinə, sevimlinə, o sənin ruhunu isidir.
Bizim bacarmadığımızı bacaran, səni təklikdən qurtaran.
O cansız, biz isə insan, güya insan...
Və biz insanlar idik səni tək qoyan.
Bunu unutma heç vaxt, bunu xatırla, nifrətini içində saxla.
Bəlkə bir gün Allaha şikayət edərsən bizdən,
Qızarar üzümüz, utanarıq, aşağı salarıq başımızı.



Cavid Mikayılov


Ayrılaq

Gəl yenidən tanış olaq səninlə.
Küçədə rastlaşaq məsələn,
Mən saatı soruşum, sən cavab vermə,
Mən yağış yağacaq deyim, sən gülümsə.
Hamı kimi olaq.
Sadə olaq,
Bir az sadə...
Hamı kimi havadan-sudan danışaq.
Onda ayrılmaq da asan olar
İllərdir yayımız isti, qışımız soyuq,
Suyun tərkibi isə eynidir,
Dəyişmir, dəyişməyəcək də.
Ayrılaq...
Sən illər sonra eyni yalanı danış nəvələrinə,
İlk sevgilini soruşsunlar,
- Bizim vaxtımızda belə şeylər yox idi - de.
Sadiq qalaq ənənələrə.
Gəl yenidən tanış olaq səninlə,
Küçədə rastlaşaq məsələn.
Sən dayanacaqda dayan,
Mən yolu keçim, baxıb gülümsə.
Sonuncu gördüyüm sən ol,
Bir sürücünün diqqətsizliyinə qurban gedim.
Sən məni tanıma, mən səni sevməyim.
Qurtaraq beləcə,
Ayrılaq...


Unutmaq


Tanımarıq bir gün görsək,
Nə sən məni, nə mən səni.
Gözlərinin rəngin soruş, mavi deyim,
Mən görmürəm nə yaşılı, nə göy rəngi.
Unutmuşam çoxdan səni.
Nə demişdin sonda mənə?!
“Gəl ayrılaq?”, “Unut məni?”
Necə idi səsin görən?
Unutmuşam gülüşünü,
Unutmuşam nəfəsini,
Unutmuşam...
Hansı idi ən sevimli rəngin sənin?
Hansı güldən zövq alırdın?
Necə idi zövqün sənin?
Nədən ən çox qorxurdun sən?
Yağışdanmı? Küləkdənmi?
Hansı daha qorxuludu,
Ayrılıqmı? Xəyanətmi?
Hansı fəsli çox sevirdin?
Necə idi ətrin sənin?
Bu ya dərddir, ya xoşbəxlik.
Xatırlamaq çətin səni.
Xatirimdən silinmisən.
Neçə ili unutmuşam,
Neçə ayı unutmuşam.
Sənlə bağlı hər şey itib,
Elə sən də...
Dostum idin, ya düşmənim?
Bəlkə qonşu idik sənlə,
Qohum idik bəlkə nədir?
Yaxın idik, yoxsa uzaq?
Bu suallar boğur məni.
Bəlkə də heç olmamısan,
Bəlkə də heç olmamışıq,
Mən özümdən uydurmuşam,
Öz-özümdən soruşuram
Unutmusan?
Unutmuşam!



Zakir Muradov


“Dahilərdən söhbətlər” silsiləsindən

NƏSİMİDƏN MESAJ

“Kimsə gümanü-zənn ilə haqq ilə olmadı biliş…”
Seyid İmadəddin Nəsimi

Ömür Haqdan əmanətdir, bunun fərqinə kim varmış?
Dövran elə tərs gəldi ki, əkdik buğda, bitdi qamış.

Qalınlaşdı boz buludtək üstümüzdə tamah, günah,
Sığınmalı yer qalmadı, döydü bizi yağmur,yağış.

Niyyəti, fikri, sözüylə əməli bir olanları
Əcəl aldı, yer gizlədi, fani dünya kimə qalmış?

Haradan bur nur görünsə, ora yüz barmaq tıxanır,
Bu nə xislət, bu nə qanun, bu nə qayda, bu nə vərdiş?

Hər kimin ki çöhrəsində hələ qalıb Haqqın nuru,
Şeytansifətlər içində ya dəlidi, ya da dərviş.

Cılız təmənnasın hər kəs həqiqət zənn edir, amma
Kimsə gümaüi-zənn ilə haqq ilə olmadı biliş!



Tərlan Saleh


Nekroloq


Ömür keçdi
film kimi -
“Kirayə yaşam” adlı...
Doğum... Körpələr... Məhbəs... Qocalar...
Bir gün
“ev”siz yaşamadı...


* * *

Mən öləndə ağlayın...
...Ağlayın ki,
dərd onu çəkənlərdən birini
fənd edib yıxa bildi...

Mən öləndə ağlamayın,
sevinin
dünya boyda
dərd dağları altından
“salamat” çıxa bildim...



Ərtoğrul Alışbəyli


Ali təhsil müəssisəsindən

I. Professor

yağışı romantikləşdirən
gənc dostlara:
hər yağış bitir.
deyəsən.
qulaq asmazsınız amma mənə,
bilirəm,
asmayın zatən
80ʻlərdədi hələ də
bitməyəcək yağış axtaran
orta yaşlı şairə

II. Təmizlikçi

bura gələndən
2 otaqlı evim
$10,000 pulum
3 sevgilim və 7 dostum
(3-ü kişi, 3-ü qadın)
5 dodaq boyam
və 116 ədəd kitabım olub.
amma xoşbəxtlik nədir deyə sorsanız,
bəzi gecələri yanıma gəlsin deyə
zibil qabına qoyduğum
yemək qalıqlarından hazırlanmış qarışığı
həmişəki yerində görüb
mənə tərəf dönüb baxdığı
həmin o anda
üzündə əmələ gələn ifadəsidir, deyərəm
adını bilmədiyim heyvan dostumun.

III. Tələbə

Orta yaşlarında
böyük daş bir binanın pilləkənində oturub
bir az aralı.
Formasının cibində siqaret qutusunu açır
birini alır
işığın altında ağ görünən əlinə.
bu gecə ikimiz olacağıq burada
şəhərin boşalmasına az qalmış.
ona baxıram,
amma deyəsən bu gün də danışmayacağıq.
yandırır
əslində ağ olmayan barmaqları arasındakı siqareti
kibrit çöpünün sönməsini gözləyir səbrlə
“bu gün başqa şeylər yandırmaq istərdim,” deyir
nə yandırmaq istər görəsən
orta yaşlı təmizlikçi qadın
gecənin başlamasına
sayılı dəqiqələr qala?

IV. Yenot

Zibil qabından yediyimi unutsanız bir anlıq...
Həyatı gecə yaşamağın üstünlüklərindən biri
səhər 4 radələrində
harasa tələsən insanları görmək olsa gərək.
90 yaşındakı bu qoca professoru demirəm hələ,
gecənin bir yarısı
sevgilisi ilə görüşə gedərmiş təki
həyəcanla qalxmasını görəndə pilləkənləri
nə yalan deyim,
uğunub yıxılıram bəzən
zibil qabının içinə.
90 ilin sonunda
bir yenotu güldürməyi bacarmaq da
kiçik şey deyil,
heyvan olduğumu unutsanız bir anlıq...



Fikrət Şahbazlı


Sözüm qanadı

Mənim qəlbimdə qışdısa,
Baharım, yazım qanadı.
Çox yalanlar çiçək açdı,
Mənimsə düzüm qanadı.

Bilməyəsən dad evində,
Alışmaya od evində,
Sevdiyimi yad evində,
Görəndə gözüm qanadı.

Yadıma salmırdım, saldım,
Sevinci bilmirdim, bildim,
Çoxdandı gülmürdüm, güldüm,
Dartıldı, üzüm qanadı.

Zülüm çəkdi verdiyim söz,
Ömrüm boyu sevdiyim söz,
Yerə düşdü dediyim söz,
Əzildi, sözüm qanadı.


Astası yoxdu

Məni axtaracaq nə bəla gəlsə,
Düz söhbətdir, altda üstəsi yoxdu.
Qədim saat kimi bəxtim xarabdı,
Köhnə saatların ustası yoxdu.

Mənasız çəkilən çox əziyyət var,
Həyata keçməyən arzu, niyyət var,
Ancaq xəyallarda xoşbəxt həyat var,
Xəyalların məntək xəstəsi yoxdu.

Bağlı qapıları açaraq gəlir,
Dərə-təpə bilmir, uçaraq gəlir,
Gələn bütün dərdlər qaçaraq gəlir,
Bu sovxa dərdlərin astası yoxdu?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG