Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:36

İran Avropaya təklif etdiyini Türkmənistandan istəyir


«Cənubi Pars» yatağı
«Cənubi Pars» yatağı
-
Tehran bildirib ki, lazım gələrsə, Avropaya iri həcmdə qaz nəql etməyə hazırdır. Eyham vurulub ki, Ukrayna böhranı ilə əlaqədar Avropa Birliyinin sanksiyalarına Rusiya öz qazını kəsməklə cavab verərsə, İran Avropanı qazla təmin edə bilər.
İranın neft naziri Bijan Namdar Zanganeh ölkəsinin daim Avropa bazarına çıxmaq arzusunda olduğunu və qitəni gərəkli miqdarda qaz verə biləcəyini söyləyib.
Nazir bunu da deyib ki, qazı istər kəmərlə, istərsə maye şəklində ixrac edə bilərlər.

İRAN AVROPANIN «YENİ RUSİYA»SI OLMAQ İSTƏYİR

Qaz ehtiyatı baxımından dünyanın ikinci ölkəsi sayılan İran nüvə proqramı ilə bağlı embarqo ucbatından öz qazını Qərbə ixrac edə bilmir.

Bununla belə, Britaniya mətbuatı yazır ki, ABŞ-la son razılaşmalar qlobal təchizatçı kimi İranı bazara qaytara bilər.

«The Daily Telegraph» qəzeti yazır ki, Ukrayna böhranından irəli gələn durumda Rusiyanın etibarlı təchizatçı olub-olmaması Qərbin ciddi narahatlığını doğurub və belə bir şəraitdə İran qazı siyasi və iqtisadi baxımdan cazibəsini artırıb.

Rusiyadan gələn qazın fasiləli nəqlindən ziyan çəkməmək üçün Avropanın, hələ ki, yetərli qaz ehtiyatı var. Demək, yeni ixracatçı tapmağa vaxtı da az deyil.

VAXT KİMƏ İŞLƏYİR?

ABŞ Energetika İnformasiya Administrasiyasının məlumatına görə, indi Avropa istilik məqsədilə işlədilən qazın 76 faizini Rusiyadan alır.

Bu şəraitdə Avropa Birliyinə daxil bəzi ölkələr Rusiya qazından imtina etmək iqtidarında deyil.

Mətbuat xəbər verir ki, ötən bazar Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel qazla təchizat sahəsində Ukrayna böhranının yarada biləcəyi problemləri telefonla müzakirə ediblər.

Qaz təchizatı ilə bağlı Varşavada keçirilən görüşdə Rusiya elan edib ki, Ukrayna qaz borcunu iyunadək ödəyə bilməsə, Avropa üçün əsas qaz tranziti olan bu ölkəyə onun nəqli dayandırılacaq.

Siyasi təhlilçilər İranın yeni təklifinin məhz bu hədələrdən qaynaqlandığına əmindirlər.

SATIŞA ÇIXMAYAN TRİLYONLARLA KUBMETR QAZ

İrana sanksiyalar qoyulmazdan əvvəl, «Statoil» da daxil, bir sıra Avropa şirkəti İran körfəzindəki yataqların inkişafına çalışırdı.

İranın həmin körfəzdəki neft və qaz yataqlarını təklikdə işləyə bilməsi üçün 14 milyard dollar vəsaitə ehtiyacı var. Ölkə bu körfəzdə Qətərlə şərikli 50 trilyon kubmetr təbii qaz və 51 milyard barrel qaz kondensatı ehtiyatı olan «Cənubi Pars» yatağına sahibdir. Yeri gəlmişkən, məhz bu yataq Qətəri dünyanın ən iri maye qaz ixracatçısına və enerji supergücünə çevirib.

1990-cı ildə tapılmış «Cənubi Pars» yatağının işlənməsi texniki problemlər, saziş mübahisələri və beynəlxalq sanksiyalar nəticəsində indiyədək əngəllənib. Məhz həmin əngəllər ucbatından aparıcı beynəlxalq neft-qaz şirkətləri bu yataqların inkişafından çəkiniblər.

QAZ BARTERİ

Avropa, hələlik, İranın qaz təklifinə cavab verməsə də, Tehran vaxtı boşa vermir və Türkmənistanla qaz əvəzinə sənaye malları danışıqları aparır.

Əldə olunmuş razılaşmaya əsasən, İran Türkmənistandan idxal edəcəyi təbii qazın müqabilində bu ölkəyə ərzaq və başqa mallar ixrac edəcək.

Bu barədə bəyanatı İranın neft naziri Zanganeh Tehrana səfərdə olan Türkmənistan vitse-prezidenti Khoja Muhammad Muhammadov-la birgə keçirdiyi mətbuat konfransında verib.

İran xəbər agentliklərinin məlumatına görə, ölkə hazırda Türkmənistana dəzgahlar, tikinti materialları, avtobuslar, ərzaq, neft-kimya məhsulları ixrac edir.

İRAN İXRACAT YOLLARI AXTARIŞINDA

Eyni zamanda İran və Rusiya 20 milyard dollarlıq yeni sövdələşmə üzərində işləyirlər. Bu barədə razılaşma əldə olunarsa, İran Rusiyaya sənaye məhsullarının müqabilində neft verəcək.

Təhlilçilər bildirirlər ki, Qərblə İranın nüvə proqramına dair keçid razılaşması yeni neft və qaz ixracatı yollarının axtarışında Tehranı fəallaşdırıb.

Ötən mart ayında İran Milli Qaz Şirkətinin icraçı direktoru Hamidreza Araqi bildirmişdi ki, İran Türkmənistan qazının İran Körfəzi dövlətlərinə nəqli üçün tranzit ölkə olmağa hazırdır.
XS
SM
MD
LG