Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:19

Allah bizə ağıl verib bir sürülük...


-

Bu şeirlər "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Davud Siraczadə


Vurun, vurun!
Qanunları qanun kimi
sayılmayan bir ölkədə,
qanunsuzluq yuxusundan
ayılmayan bir ölkədə
yaşamaq zor,
ədalət kor, həyat acı.
Başımızda baş gəmirən
qanun tacı.
Kələ-kötür zopa kimi
bitibdi qanun ağacı.
Vurun, vurun başımıza
bəlkə qandıq.
Bəlkə biz də özümüzü
adam bildik, insan sandıq.
Ey millətim,
cəmiyyətim,
bundan acı söz deməyə
yox qüdrətim.
Belə zülmə döz deməyə
çatmır mənim cəsarətim
Sıralanın, cərgələnin
dəstə-dəstə.
Baş aşağı, üzü qara,
qəlbi yara,
ayaq üstə durun, durun.
İşləməyən qanunları
zopa kimi başımıza
vurun, vurun!
Bəlkə qandıq.
Zərbələrin təsirindən
bir gün gəldi
bəlkə biz də ağıllandıq!


Ağlımızın içindəyik

Ağılsızlar ağıl dolu
iş başına qoyulanda,
ağıllılar ağılsızlıq
ucbatından
əli, qolu qırılanda,
dərisindən soyulanda,
tövlə tikib, çax-çax qurub
ağıl dedik.
Biri varmış, biri yoxmuş,
ağıllılar ölkəsində,
ağıllı şah kölgəsində
ağıllı bir çoban varmış...
Nağıl dedik.
Allah bizə ağıl verib
bir sürülük.
Ağılsızlar ağlımıza
ağır bir yük.
Allah bizə nağıl verib
qəhrəmanı divdən böyük.
Bir qazan aş,
bir qazan xaş,
bir qoyunu bütöv yeyib
yavaş-yavaş.
Bir nehrəlik ayran içib,
özünə bir kölgə seçib,
mürgüləyim,
milçəklərdən qoru deyib
iki aca.
İki acın biri qarı,
biri qoca.
Gecə yatıb, gündüz yatıb.
ölü kimi dümdüz yatıb,
üç gecəni, üç gündüzü.
Sanki vurub ac qarına
yüz-yüz yatıb.
Xorultusu titrədibdi
dağı, düzü,
hamıya bir gözlə baxan
təpəgözü.
Yatıb özü...
Bax belə bir biçimdəyik.
Nağılların qucağında,
dünyanın kor bucağında,
ağlımızın içindəyik.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG