Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:50

Obamadan Putinin çılpaq sinəsi haqda zarafat


-

Amerika prezidenti deyir, zaldakı 2500 nəfər gülür.


Barak Obama az qala yarım saat zarafat edir, həm özünü tənqid edir, həm rəqiblərinin bostanına daş atır. Prezident seçkilərində onun rəqibi olmuş Mitt Romney-dən tutmuş Rusiya lideri Vladimir Putinə qədər.

3 may - Dünya Mətbuat Azadlığı günündə Obama Ağ Evin işini işıqlandıran jurnalistlərin qonağı olub.

BİDEN HİLLARY-YƏ QARŞI...

Prezident ilk olaraq CNN-i "hədəfə alıb". Deyib ki, hələ Asiya səfərinin yorğunluğu canından çıxmayıb:

"Neynəyək, indiki zəmanədə gərək belə uzaq yerə gedəsən ki, CNN sənin səfərini işıqlandırsın".

Obama bununla CNN-in itmiş Malayziya təyyarəsinin axtarışlarına ifrat dərəcədə vaxt ayırmasına, qalan xəbərləri ikinci plana keçirməsinə işarə vurub.

CNN demokratlara yaxınlığı ilə tanınır. Obama onu sərt tənqid edən, respublikaçılara yaxın "Fox" telekanalını da unutmayıb:

"Mən vəzifədən gedəndən sonra deyəcəksiniz ki, yeri görünür. Camaatı Hillary Clinton-un Keniyada doğulduğuna inandırmaq daha çətin olacaq".

"Fox" Obamanın prezidentliyinin ilk illərində sübut etməyə çalışırdı ki, o, Keniyada anadan olub. Yəni Amerika torpağında doğulmadığı üçün ABŞ qanunlarına görə, prezident ola bilməz.

Maraqlıdır ki, Clinton-un özü hələ 2016-cı ilin prezident seçkilərinə qatılacağını birmənalı dilə gətirməyib. Baxmayaraq ki, adı əsas namizədlərdən biri kimi hallanır.

Obama bu eyhamla kifayətlənməyib jurnalistlərə bir kollaj da göstərib. Əlində idman ayaqqabısı tutmuş vitse-prezident Joe Biden.

Açması?

Bu yaxınlarda tədbirlərin birində Hillary Clinton-a ayaqqabı atmışdılar.

Obama Joe Biden-in də Clinton-la prezidentlik uğrunda savaşa hazır olduğuna işarə vurub.

Sonra da əlavə edib ki, "bu şəkil doğrudan da xoşuma gəlir".

XOLESTERİN SƏVİYYƏSİ

Obama prezidentliyinin əsas layihələrindən olan "Obamacare", yəni tibbi sığorta qanununu gerçəkləşdirməyin çətin olduğunu etiraf edib.

Hələ bir zarafat da edib ki, 2008-ci ildə prezidentliyə ilk dəfə namizəd olanda devizi "Bəli, biz bacaracağıq" idisə, ötən il devizi "Ctrl+Alt+Delete" olub... "Obamacare" saytının davamlı texniki problemlərini və hökumətin həmin problemlərin əlində girinc qalmasını nəzərdə tutaraq.

Amma prezident çətinliklərə baxmayaraq "Obamacare"yə 8 milyon amerikalının qoşulduğunu, qanunun işlədiyini vurğulayıb.

O xatırladıb ki, respublikaçılar tibbi sığorta qanununu qüvvədən salmaq üçün 50-dən çox cəhd ediblər.

"Nə baş verməlidir ki, siz bu qanundan əl çəkəsiniz? Amerikalıların hamısının qanında xolesterin 120-yə düşməlidir?.." (ardı aşağıda)
Obamanın göstərdiyi karikatura
Obamanın göstərdiyi karikatura


PUTİNİN NOBEL MÜKAFATI...

Bundan başqa Obama rusiyalı həmkarı Putinlə bağlı zarafat edib. Özünün ifadə etdiyi kimi, "mühafizəkarların təzə əziz xələfi Putin".

Respublikaçı rəqibləri Obamaya məhz Putini nümunə göstərirlər. Bax, gör necə qətiyyətli liderdir, deyirlər. Xüsusən də indi, Kremlin Ukraynaya qarşı təcavüzü fonunda Obamanın Rusiyaya dişsiz sanksiyalar qoyduğunu söyləyirlər.

Obama sadəcə, yada salıb ki, respublikaçılar keçən il Putinin Nobel Sülh Mükafatı alacağını proqnozlaşdırırdılar...

"Mən bilirəm bu, ağlasığmaz görünür, amma indiki zəmanədə o mükafatları kimə desən verə bilərlər".

Obama deyib ki, Mike Huckabee (mühafizəkar siyasətçi) və Sean Hannity (mühafizəkar TV şərhçisi) davamlı olaraq onun çılpaq sinəsindən danışılar ki, "bu da bir az qəribə görsənir".

Bundan sonra prezidentin işarəsi ilə monitorda Putinin sinəsiaçıq şəklini göstəriblər - həmin karikaturada adı çəkilən mühafizəkarları da əyinlərində qolsuz mayka uzanmış halda görmək olur...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG