Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:18

George Bush İlham Əliyevin pulları ilə maraqlanıb


Vladimir Putin və Barack Obama
Vladimir Putin və Barack Obama
-
«New York Times» qəzetinin Ağ Ev müxbiri Peter Baker yazır ki, ötən ay Obama administrasiyası Moskvanın Ukraynaya müdaxiləsinə cavab olaraq üzərilərinə fərdi sanksiyalar qoyulacaq rusiyalıların siyahısında «Gunvor Group» kimi tanınan ticarət şirkətinin həmsahibi Gennady N.Timchenko-nun da adını açıqlamışdı.

Jurnalist yazır ki, bu ad amerikalılara heç nə deməsə də, ABŞ administrasiyası bu elanın Rusiya prezidenti Vladimir Putin-in diqqətini çəkəcəyini bilirdi.

Məqalədə deyilir ki, uzun illərdir alimlər, sənaye təhlilçiləri, müxalifət, jurnalistlər və kəşfiyyat əməkdaşları cənab Putin-in şəxsi sərvətinin harada gizlədilməsi üzərində baş sındırırlar. Bu sərvətin isə 40 və 70 milyard dollar civarında olduğu təxmin edilir.
Lakin bütün şayiə və təxminlərə baxmayaraq, «Gunvor» ötən cümə Vladimir Putin-lə hər hansı bağlılığının olması barədə iddiaları rədd edib.

YAXIN ÇEVRƏDƏ KİMLƏR VAR?

Bununla belə, Obama administrasiyasının Putin-in maliyyə çevrəsinə daxil adamların adlarını açıqlaması Rusiya prezidentinə açıq mesaj verir ki, onun öz pullarını harada gizlətdiyi bilinir və bu sərvət birbaşa və ya dolayısı ilə hədəflənə bilər.

Peter Baker yazır ki, Amerika hökuməti bu vaxtadək cənab Putin-in özünə qarşı sanksiyalar qoymayıb və bəzilərinin fikrincə, belə addım «nüvə eskalasiyası» effektini verə bilərdi. Məhz buna görə də ilkin olaraq Putin-in diqqətini ona yaxın olanların adlarına çəkiblər. Bunlar isə cənab Timchenko, digər biznes maqnatları - Yuri V.Kovalchuk, Vladimir I.Yakunin və Arkady və Boris Rotenberg-lərdir.

Bu siyahıda «Rosneft» şirkətinin prezidenti Igor Sechin-in və «Gazprom»un başçısı Alexei Miller-in də adları ola bilər.

Jurnalist yazır ki, bu, Putin-in yaxın çevrəsinə bomba tullamaq kimi bir işdir. Administrasiya bununla işarə edir ki, sanksiyaların ilgəyi Rusiya prezidentinin boğazında daralmağa başlayıb.
«Gazprom»un başçısı Alexei Miller və prezident Vladimir Putin
«Gazprom»un başçısı Alexei Miller və prezident Vladimir Putin


PUTIN-Ə PUL LAZIMDIRMI?

«New York Times» yazır ki, gizli sərvəti barədə ölkə daxilində və xaricdə səslənən iddiaları Vladimir Putin həmişə qeybət kimi rədd edib.

Bir çoxları deyirlər ki, hökumətə aid bu qədər imkanları olan Putinin pul nəyinə lazımdır?

Məqalədə deyilir ki, qolunda çox bahalı saatlarla görünən Putin pul istəyə bilər, çünki bu, ona kapitalizmə keçiddə bir anın içində milyarderlər yaradan bir cəmiyyətdə özünü təsdiq üçün lazımdır.

Qəzet yazır ki, ABŞ-ın Maliyyə Nazirliyi hər hansı məhkəmədə uduzmamaq üçün cənab Putin barədə irəli sürülən iddialara daşdan keçən sübutlar tapmalıdır. İsveçrədə mənzillənmiş «Gunvor» şirkəti isə dünyanın iriliyinə görə 4-cü ən böyük neft ticarətçisi kimi təkcə ötən il 91 milyard dollar mənfəət əldə edib. Lakin ABŞ Maliyyə Nazirliyinə təqdim olunmuş sənədlərində cənab Putin-ə bağlılığının olmadığını göstərib.

İRAQ VAUÇERLƏRİ

Obama administrasiyasında bəzi vəzifəlilər bu qənaətdədirlər ki, Ağ Ev Putin-in sərvətinə dair məlumatları tam açıqlamalı idi. Belə söhbətlər də var ki, Konqres bu məlumatı Ağ Evdən tələb edən qanunvericilik aktının qəbul olunmasını müzakirə edir.

Peter Baker yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsi cənab Putin-in şəxsi sərvətinə dair təxminləri 2007-ci ildə tərtib etsə də, bu məlumatlar heç vaxt açıqlanmayıb.

Məqalədə qeyd olunur ki, silah müfəttişi Charles A.Duelfer 2003-cü ildə İraq nefti üçün sərfəli vauçerlərin Putin-in yaxın çevrəsindən olan adamlara verilməsinə dair məlumatı öz hesabatına daxil etmişdi.
Alyaksandr Lukashenka və İlham Əliyev
Alyaksandr Lukashenka və İlham Əliyev
Sonradan yazdığı kitabda cənab Duelfer iddia edir ki, həmin hesabatdan Putin-in adını ovaxtkı müdafiə naziri Colin L.Powell-in təzyiqi ilə çıxarmalı olub, hərçənd nazir belə bir epizodu xatırlamadığını bildirir.

ƏLİYEV VƏ LUKASHENKA DA HƏDƏFDƏYMİŞ

Peter Baker yazır ki, hələ 2006-cı ildə ovaxtkı prezident George Bush korrupsiyalaşmış ölkə başçılarını ifşa etmək fikrinə düşmüş, Azərbaycan və Belarus prezidentləri İlham ƏliyevAlyaksandr Lukashenka-ya dair araşdırmalar aparılmışdı. Lakin sonradan bu işdə irəliləyiş olmamışdı.

Müəllifin rəyinə görə, buna səbəb sözügedən vəsaitin şəxsi sərvət və ya nəzarət edilən sərvət olduğu barədə sualın açıq qalması idi.

Məqalənin sonunda deyilir ki, şahmat üzrə keçmiş dünya çempionu, hazırda isə Vladimir Putin-ə müxalifətdə olan Garry Kasparov-un fikrincə, bu suala cavab tapmaq asan deyil. Onun qənaətinə görə, cənab Putin-in sərvəti elə gizlədilib ki, onu Amerika hüquqşünaslarının ənənəvi vasitələri ilə aşkar etmək son dərəcə çətin olardı.
Cənab Kasparov düşünür ki, bu sərvəti aşkarlamaq üçün bəzi qaydaları pozmaq lazım gələrdi.
XS
SM
MD
LG