Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:49

QHT-nin tədbirini pozublar


Foto: Arxiv
Foto: Arxiv
-
Aprelin 16-da Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin Qarabağ münaqişəsi ilə bağlı «Absheron Marriot» otelində keçirmək istədiyi tədbir baş tutmayıb.

Cəmiyyətin sədri Şəhla İsmayıl AzadlıqRadiosuna bildirib ki, onlar 15 gün əvvəldən bu otelin administrasiyası ilə danışıq aparıblar:

«Dünənə qədər hər şey qaydasında idi. Düzdür, müqavilə bağlamamışdıq, amma bu oteldə bir neçə dəfə tədbir keçirdiyimiz üçün müqavilə bağlanmasına təkid etmədik. Əslində demişdik ki, müqavilə bağlayaq, icarə haqqını da əvvəldən ödəyək. Hər dəfə elektron poçtla bizə göndərilən müqavilədə hansısa səhvlər olurdu. Axırda dedilər ki, narahat olmayın, tədbir günü müqaviləni də imzalayarıq, ödəniş də edərsiniz. Dünən isə zəng edib dedilər ki, müqavilə imzalanmadığı üçün tədbir baş tutmayacaq».

«YOL XƏRİTƏSİ» YOLDA QALDI

Şəhla İsmayılın sözlərinə görə, onlar bir ildir ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı indiyədək ortada olan bütün sülh danışıqlarını, təklifləri təhlil ediblər:
«Biz «Yol Xəritəsi» hazırlamışdıq. Burda bütün boşluqları göstərmişdik. Tədbirdə də «Qadınlar sülh quruculuğunda: Regional Yol xəritəsi» adlı layihənin yekun təqdimatını keçirib sənədi paylayacaqdıq».

German Marşal Fondunun «Black Sea Trust» təşkilatının maliyyələşdirdiyi layihənin yekun təqdimetmə mərasiminə 100-ə yaxın qonaq dəvət olunubmuş:

«Azərbaycanda fəaliyyət göstərən bir çox səfirliklərin, beynəlxalq təşkilatların təmsilçilərini də dəvət etmişdik».

«ƏVVƏLCƏDƏN MÜQAVİLƏ BAĞLAMAYIBLAR, PUL VERMƏYİBLƏR»


«Absheron Marriot» otelindən AzadlıqRadiosuna bildirdilər ki, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti onlarla müqavilə bağlamayıb və ödəniş etməyib. Detallı məlumatı isə otel rəhbərliyindən öyrənməyimizi istədilər. Amma oteldən bildirdilər ki, suallarımızı yalnız baş direktor və onun yardımçısı cavablandıra bilər, onlar isə yerlərində yoxdur.

HÖKUMƏT TƏZYİQİ

Azərbaycanda ilk dəfə deyil ki, qeyri-hökumət təşkilatının tədbiri otel rəhbərliyi tərəfindən pozulur. Bu ilin əvvəlində otel tərəfindən rədd cavabı almış bir neçə QHT bunu hakimiyyətin vətəndaş cəmiyyətinə nəzarəti və təzyiqi kimi qiymətləndirir.
XS
SM
MD
LG