Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:24

Korrupsiya işlərində 3 milyon 358 min manat müsadirə olunub


Foto: Arxiv
Foto: Arxiv
-
«Azərbaycanda Korrupsiyaya qarşı Mübarizə Komissiyası geniş səlahiyyətlərə malik deyil. Komissiyanın işinə siyasi müdaxilələr var. Siyasi təsirlərə görə komissiya hökumətdən bir sıra həssas məlumatları tələb edə bilmir».

«Şəffaflıq-Azərbaycan»ın antikorrupsiya qurumları ilə bağlı hesabatında belə deyilir. Bu hesabatda Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparan qurumların fəaliyyəti qiymətləndirilir.

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ QURUMLARI MÜSTƏQİL DEYİL?

Hesabatda bildirilir ki, indiyə kimi Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti daha çox kiçik və orta çinli məmurlara qarşı olub:

«İdarənin bu ittihamlara cavabı o olur ki, qurumda yuxarı və orta vəzifəli dövlət qulluqçularının qanunsuz fəaliyyətinə dair yetərli fakt və ya sübutlar yoxdur. Baxmayaraq ki, ciddi korrupsiya halları ilə əlaqədar bəzi ictimaiyyətə məlum dəlillər və media araşdırmaları mövcuddur. İdarə bu məlumatlara reaksiya bildirmir. Bu onu göstərir ki, İdarə fəaliyyətini həyata keçirərkən siyasi cəhətdən tam müstəqil deyil və tam siyasi tərəfsizlik nümayiş etdirə bilmir».

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Komissiyası və Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi var. Bu iki qurumun funksiyaları fərqlidir. Komissiyanın sədri - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Hesabatda Komissiyanın kifayət qədər geniş səlahiyyətlərə malik olmadığı qeyd edilir:

«Bu komissiyanın mandatına yalnız dövlət orqanlarına informasiya sorğusu göndərmək və tövsiyələrlə çıxış etmək daxildir».

MAAŞI YÜKSƏK DEYİL, BU İŞÇİLƏRİN DÜRÜSTLÜYÜNÜ RİSKƏ ATIR...

Hesabata əsasən, komissiya əməkdaşlarının sayının artırılmasına ehtiyac var. Eləcə də bildirilir ki, əməkdaşların maaşı və mükafatların həcminin yüksək olmaması onların fəaliyyətinin davamlılığını, həm də dürüst fəaliyyət göstərmələrini riskə alır.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin strukturunda və əməkdaşlarının sayında ölkə prezidentinin 11 mart 2011-ci il tarixli fərmanı ilə dəyişiklik edilib. İdarənin işçilərinin sayı 40-dan 100 nəfərə artırılıb. İşçilərin maaşlarının artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib.

Hesabatda həm idarə, həm də komissiyanın işi şəffaf qiymətləndirilmir. Bildirilir ki, komissiya hesabatları ictimaiyyətə açıqlamalı olsa da, bu, baş vermir. Bir çox hallarda hesabatlar daxili sənədlər kimi saxlanılır və vətəndaş cəmiyyəti ilə bölüşülmür.

FƏALİYYƏT PLANIN 25 FAİZİ İCRA OLUNUB...

Hesabatda deyilir ki, «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Qanun 2007-ci ildə qəbul olunub. Lakin bu sahəni daha ətraflı tənzimləyəcək olan Maraqların toqquşması haqqında qanun, dövlətin beynəlxalq öhdəliklərindən biri olmasına baxmayaraq, uzun illərdir Milli Məclisin birinci oxunuşundan sonra qəbul olunmayaraq qalır.

Korrupsiya Qarşı Mübarizə Komissiyası 2012-2015-ci illər üzrə Açıq Hökumətin təşviqinə dair və Korrupsiyaya qarşı Mübarizə üzrə iki ayrı fəaliyyət planı hazırlayıb. Hər iki fəaliyyət planı Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizə siyasətinin icrasında mühüm nailiyyətlərdən hesab edilir. Bu fəaliyyət planları çərçivəsində ASAN xidmət mərkəzləri yaradılıb. Hesabatda 2013-cü ilin sentyabrına qədər Açıq Hökumətin təşviqinə dair fəaliyyət planının ümumilikdə 25%-nin icra olunduğu bildirilir. Korrupsiyaya qarşı mübarizəyə dair fəaliyyət planında eyni göstərici 34%-dir.

9 AYDA 322 CİNAYƏT İŞİ...

Komissiyanın ən böyük uğurlarından biri kimi çoxsaylı xidmət haqları və tariflər barədə www.rusum.az internet səhifəsinin yaradılması göstərilir.

Hesabat müəlliflərinin fikrincə, korrupsiyaya qarşı mübarizə orqanlarına araşdırma səlahiyyəti verən qanunda (məsələn, maliyyə deklarasiyalarının qiymətləndirilməsi kimi) boşluqlar və ziddiyyətlər var:

«Nə Korrupsiyaya qarşı mübarizə haqqında qanunda, nə Korrupsiyaya qarşı mübarizə komissiyanın əsasnaməsində, nə də vəzifəli şəxslərin maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydalarının təsdiq edilməsi haqqında qanunda maliyyə bəyannamələrini qiymətləndirəcək qurumun adı göstərilir».

Hesabata əsasən, 2013-cü ilin ilk 9 ayında 322 cinayət işinin istintaqı aparılıb. Bu işlərdən 132-si məhkəməyə göndərilib. Tamamlan cinayət işlərinin nəticəsində 3 milyon 358 min manat vəsait müsadirə olunub.

«Şəffaflıq-Azərbaycan»ın antikorrupsiya qurumları ilə bağlı hesabatında aşağıdakı tövsiyələr verilir:

- Komissiyanın dövlət qurumlarına koordinasiya və nəzarət imkanlarını gücləndirilmək üçün qurumun insan resurslarının artırılması.

- Maraqların toqquşmasının qarşısının alınması və maliyyə xarakterli məlumatların toplanması üçün xüsusi mexanizmlərin yaradılması.

- Dövlət orqanlarının «qaynar xətləri»nin fəaliyyəti üçün vahid metodologiyanın hazırlanması.

- Komissiyanın hesabatlarının ictimaiyyətə açıq, əlçatan edilməsi və veb-səhifədə vaxtlı-vaxtında yerləşdirilməsi.

- Mediada korrupsiya faktları barədə verilən məlumatların İdarə tərəfindən araşdırılması və bununla bağlı ictimaiyyətə məlumat verilməsi.
XS
SM
MD
LG