Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:10

“Soba, televizor, soyuducu... Hamısı bir anda zay oldu”


Axundov küçəsinin sakini Yaqub Mustafayev
Axundov küçəsinin sakini Yaqub Mustafayev

“Televizor, soyuducu, qızdırıcı, peyk antennalar... Hamısı yandı, zay oldu. Boğazımızdan, əynimizdən kəsib kreditlə almışdıq...”

Aprelin 13-də axşam saatlarında Xaçmazın Axundov küçəsində azı 30 mənzilin elektriklə işləyən məişət avadanlıqları bir anın içərisində xarab olub. Sakinlər deyirlər, səbəb qəflətən yüksək voltla verilən elektrik enerjisi olub.

“BİR ANDA TÜSTÜSÜ ƏRŞƏ QALXDI”

Sakinləri şam işığında oturmaları yox, sıradan çıxmış avadanlıqların zərərinin ödənilib-ödənilməyəcəyi narahat edirdi. 28 saylı mənzilin sakini Yaqun Mustafayev:

“Bu televizoru 6 ay əvvəl 450 manata almışdım. Bir anda tüstüsü ərşə çıxdı. 170 manat pensiyayla ikinci dəfə necə alacam bunu? Zərərini kim ödəyəcək?”

Qonşuluqda yaşayan Elşad Babayevgilin isə soyuducusu sıradan çıxıb:

“Kreditlə almışdıq, heç xeyrini görmədik. İşıqlar artdı, soyuducu xarab oldu”.
Məişət avadanlıqlarını bir anda itirmiş Nailə Quliyeva
Məişət avadanlıqlarını bir anda itirmiş Nailə Quliyeva

Başqa qonşu Nailə Quliyeva isə Xaçmaz Elektrik Şəbəkəsinin işçilərini məsuliyyətsizlikdə ittiham etdi:


TRANSFORMATORA ƏNCAM ÇƏKƏN OLMAYIB?

“Soba, televozor, soyuducu sıradan çıxıb. Bu sobanı iki gündür kreditlə almışdım, hələ pulunu ödəməmişəm, xarab oldu. Bu elektirə niyə nzəarət etmirlər? Bəlkə elə uşaqlarım evdə tək olaydı, ev yanaydı, uşaqlarım külə dönəydi... Bu nə məsuliyyətsizlikdir?”

Zərərçəkmiş sakinlər deyirlər, səbəb elektrik enerjisinin bir anda yüksək voltla verilməsi olub. Avadanlqılar tüstüləyib və eyni anda işıqlar keçib.
Xaçmaz Elektrik Şəbəkənin işçisi
Xaçmaz Elektrik Şəbəkənin işçisi

Axundov küçəsinə gələn Xaçmaz Elektrik Şəbəkəsinin işçilərinin deməsinə görə, hadisəyə səbəb külək olub:

“Küləkdən elektrik xətlərində qısaqapanma baş verib. Yəqin ki, araşdıracaqlar”.

Sakinlərin deməsinə görə, bu küçədəki mənzillərə enerji ötürən transformatorun nasazlığı ilə bağlı mütəmadi olaraq Xaçmaz Elektrik Şəbəkəsinə məlumat verirlərmiş. Ancaq gəlib əncam çəkən olmayıb. İndi onları bir sual düşündürür: dəymiş zərəri kim ödəyəcək?

"KÜLƏYİN QARŞISINI ALASI DEYİLDİK Kİ..."

Xaçmaz Elektrik Şəbəkənin rəis əvəzi Mayis İsmayılov hadisəni təbiətin şıltaqlığı ilə əlaqələndirib və zərərin ödənilməyəcəyini deyir.

“Bizim təqsirimzidən olmayıb ki, zərəri ödəyək. Təbii fəlakət hesab olunur. Dünən axşam buralar küləkdən dağılırdı. Küləyin qarşısını ala bilməzdik ki... Tutaq ki, bu yaxınlarda külək vurdu evlərin damlarını atdı, məgər ev sahiblərinə zərər ödənildi? Hökumət damları düzəltdi. Biz də axşam qısa vaxtda problemi aradan qaldırmışıq, mənzillərə elektrik verilişini bərpa etmişik”.

Sakinlər isə razılaşmırlar. Onlar axşam saatlarında Xaçmazda havanın küləkli olmadığını deyirlər.

Hüquqşünas Namizəd Səfərov bildirir ki, sakinlər dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Məhkəmə ekspertiza təyin edib hadisənin havayla, yosxa Elektrik Şəbəkənin quraşdırdığı avadanlığın nasazlığı ilə əlaqəli olduğunu müəyyənləşdirə bilər. Əgər iddialar əsaslı olarsa, məhkəmə sakinlərə dəymiş zərəri hesablayıb ödənilməsi tələbini təmin edə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG