Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:00

Taksilərə siyasi söhbət qadağası


Foto: Arxiv
Foto: Arxiv
-
«Azadlıq» qəzetinin yazdığına görə, «taksilərdə siyasi söhbətlər etmək qadağan olunub və bununla bağlı bütün sürücülərə ciddi xəbərdarlıq edilib.
«Təxminən 3 min sürücüyə yollanan SMS-də yazılır: «189 xidmətində fəaliyyət göstərən bütün sürücülərə sifariş zamanı siyasi və dövlətə qarşı mənfi söhbətlər etmək qadağandır! Allah naminə, İlham Əliyev ancaq tərifə layiq rəhbərdir. Zaman müəllim».

Qəzet şirkətlə əlaqə saxladığını və məsələnin təsdiqləndiyini yazır:

«Təsdiq edildi ki, SMS onlara məxsusdur və sonda adı yazılan Zaman müəllim rəhbərdir, soyadı Axundovdur».

«ELƏ BİL BEYNƏLXALQ HÜQUQU XATIRLAMAQ QADAĞAN EDİLİB»

«Yeni Azərbaycan» qəzeti Ukrayna-Rusiya münasibətlərinə toxunaraq yazır ki, Krım məsələsində Amerika və Rusiyanın dövlət başçıları beynəlxalq hüquqa istinad edirlər. Amma nə üçünsə 20 ildən artıqdır ki, Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayır, ancaq böyük dövlətlər bir dəfə də olsun konkret mövqe bildirmirlər:
«Hətta belə təəssürat yaranır ki, bu münaqişənin həlli prosesində həmsədrlərə , həm Avropa və Qərb nümayəndələrinə beynəlxalq hüququ xatırlamaq qadağan edilib... Bu ikili standartdır və bütövlükdə nəticəsi və ya nəticələri də göz qabağındadır».
Payn Avenyu A qülləsi
Payn Avenyu A qülləsi

DÜNYA PAYTAXTLARINA DAŞINAN NEFT PULLARI

«Bizim yol» neft pullarının dünya paytaxtlarına daşındığını yazır.
Qəzet indiyə qədər neft pulları hesabına xaricdə alınan daşınmaz əmlakların siyahısını verir:

«Dövlət Neft Fondu indiyədək Londonda dəyəri 285 milyon 550 min dollar olan ofis kompleksi, Moskva şəhərində dəyəri 133 milyon dollar olan «Qalereya Aktyor» ofis-ticarət mərkəzi, Paris şəhərinin Vandom meydanı 8 ünvanda yerləşən 180 milyon dollara ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak alıb. Fondun sonuncu ən böyük yatırımı Cənubi Koreyanın paytaxtı Seul şəhərində olub. Orda dəyəri 447 milyon dollar olan «Payn Avenyu A qülləsi» ofis kompleksini satın alıb».

«A.M.A.Y» PREZİDENTİNİN HƏBSİ İLƏ BAĞLI EHTİMALLAR

«A.M.A.Y» Ticarət Mərkəzinin prezidenti Abdulla Abdullayevin həbsindən yazan «Yeni Müsavat» qəzeti «bir zaman iqtidar yolunda yumruq vuran əllər qandallandı» deyə qeyd edir. Qəzet A.Abdullayevin neçə illərdən bəri ciddi problemlər yaşadığını bildirir:

«Hələ 2010-cu ildə o özü açıq şəkildə bildirirdi ki, rəhbəri olduğu «A.M.A.Y.» Şirkətlər Qrupu normal fəaliyyət göstərə bilmir. İşadamı bildirmişdi ki, «Azərsun Holdinq»in rəhbəri Abdolbari Goozal onun fəaliyyətinə əngəl törədir.
Abdulla Abdullayev
Abdulla Abdullayev
A.Abdullayev demişdi ki, A.Goozala məxsus olan Sənaye Bankından götürdükləri kreditin əsas hissəsini geri qaytarsalar da, bank girov qoyulan əmlakı qaytarmır.

A.Abdullayev bildirmişdi ki, A.Goozal onun əmlaklarını qanunsuz yolla ələ keçirib. Daha sonra isə bu cür sərt bəyanatlar vermişdi: «Goozalın bu davranışının adı zorakılıqdır. Zorakılıqla mənim malıma-mülkümə əl qoymaq fikri varsa, bunu güclü bir işadamı kimi mənə elan etsin, mən də işimi bilim. Amma onu da bilsin ki, bu fikrə düşübsə, yalnız və yalnız mənim meyitimin üstündən keçəndən sonra buna nail ola bilər».

Hələ o zaman belə məlumatlar var idi ki, A.Abdullayev Goozalın əli ilə vurulur və o, həbs olunacaq. Ancaq o zaman həbsdən yayına bildi».

AZƏRBAYCANDA ONKOLOJİ XƏSTƏLİKLƏRİ ƏVVƏLCƏDƏN ÖYRƏNMƏK OLACAQ

«Azərbaycanda insanlar öncədən onkoloji xəstəliklərə tutulma ehtimallarını öyrənə biləcəklər».

Trend-in yazdığına görə, bu iş Milli Onkologiya Mərkəzində yeni yaradılan Molekulyar Onkologiya Laboratoriyasında aparılacaq:
«Laboratoriyanın müdiri Leyla Məlikova bildirib ki, burada reaktivdən asılı olaraq, istənilən bütün növ genetik xəstəlik üzrə analizlər aparmaq olar. Ancaq hazırda digər elmi tədqiqatlarla yanaşı, irsən keçən süd vəzisinin mutasiyalarının aşkarlanması üçün də genin diaqnostikası aparılır. L.Məlikova deyib ki, qadının nənə, ana, xala və bacısında, yəni bir xətt üzrə onkoloji süd vəzisi xərçəngi müşahidə edilirsə, bu zaman həmin xəstədən şübhələnmək lazımdır. Çünki belə şəxslər risk qrupuna daxil edilmiş sayılırlar».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG