Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:09

Naxçıvanda Rəsulzadənin yeri...


M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə
-
Bu günlər Naxçıvanda M.Ə.Rəsulzadənin 130 ilik yubileyinə həsr olunmuş konfrans keçirilib. «Azərbaycan istiqlal mücadiləsinin görkəmli xadimi» adlı konfrans AMEA Naxçıvan Bölməsində baş tutub. Toplantıda əsasən M.Ə.Rəsulzadənin fəaliyyəti və yaradıcılığı ilə bağlı çıxışlar olub. Konfrans Prezidentin «Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında» Sərəncamına əsasən keçirilib.

«NAXÇIVANDA RƏSULZADƏ PROSPEKTİ HEYDƏR ƏLİYEV PROSPEKTİ OLUB»

Ancaq yerli ictimaiyyət nümayəndələri hesab edir ki, yubiley ilində təkcə elmi konfrans keçirməklə kifayətlənmək düz deyil. Onların sözlərinə görə, Naxçıvanda onun adının əbədiləşməsi üçün ciddi addımlar da atılmalıdır. Müsavat Partiyası yerli təşkilatının sədri Sabir Vəliyev deyir ki, Naxçıvanda Cümhuriyyət banisinin adına nə bir prospekt, nə də ki, küçə var:

«M.Ə.Rəsulzadənin 130 ilik yubileyinin qeyd olunması ilə bağlı rəsmi fərman verilib. Azərbaycanın özündə də bu fərman layiqli icra olunmadı. Mədəniyyət nazirliyi səviyyəsində tədbirlər keçirildi. Naxçıvanın özündə heç bu da yada düşmədi. Nə Ali Məclis, nə rayon, nə də kənd səviyyələrində qeyd olundu. İndi Elmlər Akademiyasında camaatın gözündən pərdə asmaq üçün konfrans keçiriblər. Əslində Naxçıvan Ali Məclisinin sədri qərar çıxarmalı idi ki, yubiley yüksək səviyyədə keçirilsin. Bunu etmədilər. Bu da qısqanclıqdan irəli gəlir. Mən Naxçıvanın hər yerini gəzmişəm, cümhuriyyət qurucularının heç birinin adı əbədiləşdirilməyib. Lakin Naxçıvanda Cümhuriyyətin devrilməsində rol oynayan Nəriman Nərimanovun büstü var. Elçibəy hakimiyyəti dövründə Naxçıvan şəhərindəki prospektlərdən birinə Rəsulzadənin adı verilmişdi. Hakimiyyət dəyişən kimi həmin prospektin adını dəyişib Heydər Əliyev adına etdilər».
Elman Abbasov
Elman Abbasov
«RƏSULZADƏYƏ ABİDƏ QOYMAQLA, GÖRKƏMLİ YERLƏRƏ ADINI VERMƏKLƏ ƏBƏDİLƏŞDİRMƏK OLAR»

Naxçıvanlı jurnalist Elman Abbasov da M.Ə.Rəsulzadəyə muxtar respublikada ögey münasibətdən danışır:

«Təkcə AMEA Naxçıvan bölməsində hansısa tədbir keçirməklə olmur. Həqiqətən də M.Ə.Rəsulzadənin adına layiq yubiley ili keçirmək istəyirlərsə, qoy onun adını rayonlarda, Naxçıvan şəhərində əbədiləşdirsinlər. İcra orqanları bununla bağlı sərəncamlar versin. Rəsulzadəyə abidə qoymaqla, görkəmli yerlərə adını verməklə əbədiləşdirmək olar. Məktəblərdə onun haqqında silsilə dərslər keçirilməli idi. Bunların heç biri baş vermir. Bu şəxsiyyətlərə ikili münasibətin təzahürüdür. Hansısa «Qurtuluş» gününü təntənə ilə qeyd edirlər. Heydər Əliyevin ad gününü Gül bayramı kimi keçirirlər. Milyonlarla pullar xərcləyirlər. Həmin pulların cüzi bir hissəsi ilə Cümhuriyyətimizin qurucusunun adını lazımi səviyyədə əbədiləşdirmək olar».

«BU BİZDƏN ASILI DEYİL»

Muxtar Respublikadakı rayonların icra hakimiyyətləri ilə əlaqə saxlayıb deyilən iradlara münasibət öyrənməyə çalışdıq. Babək rayon İcra Hakimiyyətindən bildirdilər ki, M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə bağlı rayonda tədbir keçirilməsi nəzərdə tutulmayıb. İcra hakimiyyətindən rayonda onun adına küçə və prospekt olmadığını təsdiq etdilər:

«Onun adına nə küçə, nə prospekt var. Büstü, heykəli də yoxdur. Bu bizdən asılı deyil. Biz kimik ki? Bu qərarı Milli Məclis verməlidir. İndi heç adam adını özün qoya bilmirsən, harada qala küçə adı».

Digər rayonların icra hakimiyyətləri isə bu mövzuda danışmağa maraq göstərmədilər.

2013-cü ilin noyabrında prezident «Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında» sərəncam imzalamışdı.
XS
SM
MD
LG