Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:22

Yeganə Kərimzadədən yeni hekayə


Yeganə Kərimzadə
Yeganə Kərimzadə
-

Ceyranı zorladılar. . . Gün çeştə getməmiş, axşamüstü Ceyranı rəməlikdə zorladılar. . .


Yeganə Kərimzadə


GÜLLƏ

(hekayə)

Cəmiyyət onu fahişə edəndən sonra öz sırasına qəbul etdi. . .


Güzgüdən boylanan bu xanımı az qala tanımayacaqdı. Heyranlıqla özü-özünə tamaşa edirdi.

- Bu mənəmmi?

Gecə kimi qap-qara saçları boynunun ardında səliqə ilə yığılmış, üz-gözünə azca ənlik-kirşan çəkilmiş məsum simalı, bəyaz geyimli güzgüdən baxan qız o deyildisə bəs kim idi? Bircə anlıq gözlərini yumdu. Qorxdu. Gözlərini açdı. Hər şey geridə qaldı.

-Bu gün mənim toyumdur. Mən elə coxlarının acığına, elə öz acığıma xoşbəxt olacam. Vəssəlam! Heç kim mənə maneə ola bılməz, heç kim. . .

Pıçıltı Ilə dediyi sözdən özü qorxdu. Ətrafına boylandı. Heç kim yox idi. O, güzgü ilə üzbəüz dayansa da tək-tənha idi.


H Ə Y AT

Təsəvvür edin ki, ucsuz-bucaqsız torpaq sahəsində altı qız pambıq alağı edir. Ürəklərdə dua olunur ki, qarşı erməni kəndlərindən atılan qəfil gülləyə rast gəlməsinlər. Ümidləri Allaha, birdə bu ucsuz – bucaqsız sahənin sahibinin verəcəyi qəpik-quruşa idi. Qəlblərdə isə planlar qurulur, cehizliklər alınır, toylar çalınırdı. İndi isə qayıdırıq real həyata. Altı qızın bıri başını qaldırıb göyə baxdı, elə o zamanda cikkə çəkdi.

- Öyünüz yıxılmasın, gün günortanı dəlıb keşdi. Yığışın gedəy xaravamıza. Bir loxma salaq qurumuş boğazımıza.

Qızlar gülüşdülər. Diııi-dılavər Gültəkin dilini yenə də boş qoymadı:

- Ay Dilarə, evdə loxma var ki, boğmalanasan?

- Heş nə olmasa da bir parça çörəyimiz var. Ona da min şükür. Təki bu dava-şava qurtarsın. Dədəmin goru hər bu sahəyə gələndə ürək-gövəyimi yeyirəm. Odey, deyillər ki, yuxarı kəndi yenə də güllələyiblər. Hələ iki nəfər də yaralanıb. Ağız Çeyran, deyirlər sizin qohum-övladdı eləmi?

Başı ağ ləçəkli, güllü don geymiş altdan nimdaş, bəlkə də hansısa zaman üçün təzə olmuş idman şalvarını donunun altından əyninə keçirən Ceyran, geri çönəndə ona matdım-matdım baxan qızlarla üz-üzə gəldi. Qızın iri ala gözlərindən yaş süzülürdü.
Göz yaşları hönkürtüyə çevriləndə, sanki Dılarə cana gəldi:

-Öyün yıxılmasın bu nə ağlaşmadı dədən ölmüyüf, nənən ölmüyüf bə noluf az? - deyə- deyə Geyrana sarı gedib qızı bağrına basdı.

-Az. . . az. . . nişanlınmı?!

Ceyran daha da bərkdən hönkürdü: - Həəə, nişanlımı bu gecə ermənilər vurublar. . .

Qızların biri əlini üzünə atdı, o biri ağladı kimsə əllərini dizinə çırpdı, deyəsən Dilarə dedi ki; “Gözəl olmaqdansa bəxtin olaydı bacım”. Gültəkin mat-mat Ceyrana baxırdı və hiss edirdi ki, nəsə deməlidi və dedi: - Bə, burda neynirsən?

Ceyran gözünün yaşını qolu ilə silib, Gültəkinə tərs-tərs baxdı, bu an Ceyranın gözlərində qığılcım oynayırdı.

-Elə danışırsan ki, sən adətlərimizi bilmirsənmi, ora necə gedim, Allaha and olsun ki, ürəyim partlayır, amma necə gedim?! Dədəm deyir, nişanlı qızdı qaxılıb otursun öydə. Odey böyük bacımın uşağı öləndə bacım cox ağladığı üçün dədəm qızın qulağının divinə şilləni vurdu ki, - uşaxdı ölüb-ölüb ta az ağla ayıbdı. Ay sizə qurban olum, beş yaşlı balası ölən ana oynamalıdı, yoxsa ağlamalı ağlamağı da bizə haram eləyiblər. İndi də məni qoymadı yuxarı kəndə getməyə. Hər şey o yana, axı biz qohumuq anamı götürüb getdi. Deyirlər yazıq Nazim çox pis yaralanıb. Qorxuram bir pis iş ola, o saat deyəcəklər Ceyranın ayağı ağır oldu oğlumuza düşmədi. Yazıq canım, yazzıq Nazim. Bədbəxt həyətdə odun yarırmıs gecə vaxtı .
Hamı bir ağızdan: -can-can, -dedi.

Sonra. . . sonra hərə öz işi ilə məşğul oldu. Kimi getdi, kimi qaldı. Geyranı səslədilər ki: “ay qız, alaq zamanı deyil, gəl gedək”. Qız heç kimi eşitmədi, fikirlərinin içində azdı, qaldı. Başını qaldıranda sahədə gözünə dəyən adam olmadı. Belə yaxşıydı, danışmaq istəmirdi, yola düzəldi. Sahənin içiylə deyil, kənarıyla getməyi qərara aldı. Düzü bu yerlərdə sahə kənarına rəmə deyirdilər və orayla gedən qıza da pis baxırdılar, çünki rəməlik sıx kollarla, cır meyvə ağacları ilə sıralandığından sevişənlər, yoldan ötənlər özlərini boşaltmaq üçün rəməliklərə baş vurardılar. Bütün bunlara baxmayaraq Ceyran yolunu ordan saldı ki, ən azından pambıq sahəsiylə yox, bir az hamar yolla getsin.


***


Madam Ceferson çox əsəbi idi. Səbəbi məlum olan hadisə onu rahat oturmağa inkan vermirdi. Elə hey iri, tənha evinin içidə var-gəl edir, düşünür, gah həyətə düşüb, güllərinə, alma ağaclarına tamaşa edir, lakin onlardan aldığı əvvəlki zövq geri qayıtmırdı ki, qayıtmırdı. Əri- mister Ceferson dünyasını dəyiyşdiyi zamandan uzun illər keçməsinə baxmayaraq bu gün onu dönə-dönə yad etmiş, daxilən ondan məsləhətlər belə almışdı. Mister Ceferson isə gülümsəyən, şəkildən baxan mavi gözləri ilə onu cavabsız buraxmışdı.

Madam Ceferson Ellanı görəndə candərdi gülümsədi. Ella tibb bacısı idi. Bu incə gözəl qız onun çox xoşuna gəlirdi. Qızın hərəkətlərindəki kəpənək zərifliyi, danışığındakı məlahət onu madama sevdirmişdi.

Ellanın hər gəlişi onu sevindirsə də oğlu Maykın evdə olmadığı yadına düşəndə candərdi gülümsər, daxılində Maykı məzəmmət edərdi “sən niyə bu gözəli görmürsən axı o, sənin doğulacaq övladlarının anası ola bilər”. Bir iki dəfə Maykın yanında Ella haqda söhbət salsa da oğlu əhəmiyyət verməmişdi. Sakitcə anasına bildirmişdi ki, - səxsi tibb bacısına hər kəs onun kimi yanaşmır, onların mehribanlığı ana-bala məhəbbətinə bənzəyir ki, bu da Maykı yalnız sevindirir.

Bir müddət sonra o uzaq səfərə, özü də uzun müddətə gedəcəkdi. O, arxayın idi ki, anasını etibarlı adamın himayəsində qoyub gedir. O Ella ilə danışıb, bir il müddətinə iş müqaviləsini uzatmaq istəyirdi ki, bu barədə anasına da fikrini bildirmişdi. Madam Ceferson Ella ilə qalacağına sevinsə də oğlunun qəfil gedişi onu çox narahat edirdi. Tanımadığı uzaq Azərbaycan nə qədər uzaq yad yer idi. Onun düşüncələrində Azərbaycan başdan başa buruqlarla əhatələnmiş, ağac əvəzinə neft buruqları boy-boya düzülmüş məkan idi və küçələrindən belə neft axırdı.

Axı, madam Cefersonun oğlu təmiz və səliqəliydi bu cür diyarda necə yaşayacaqdı? O, qulluqçusu Sarlottaya dönə-dönə tapşırıq verirdi ki, Mayk üçün çoxlu şampun və sabun tədarükü görsün, bilmək olmaz, oğlu birdən orda korluq çəkə bilərdi. Hərdən madam diksinir, ona elə gəlirdi ki, neft onun üstünə püskürür elə o andaca vanna otağına keçir, əllərini, üzünü dönə-dönə yuyur, güzgüyə baxanda hər şeyin qaydasında olduğunu gördükdən sonra rahat nəfəs alırdı. Bu fikirlərini isə heç kiminlə bölüşə bilmirdi, elə bu səbəbdən də bütün günü qayğılı gəzir, heç nədən əsəbləsirdi. Axır ki, öz fikirləri ilə bağlı Ella ilə danışmağı qərarlaşdırdı.
Yenə dərin düşüncələr onu ardıycan apardı. Birdən, birdən Ella elə başa düşər ki, mən dar düşüncəli xüdbəsəndəm! Yox, ən yaxşısı Maykın özü ilə danışmaq. . . Ah Mayk, balam mənim, Ella necə də gözəl qızdı, bəlkə ona bir dəfə də olsa kişi gözü ilə baxasan. . . Ah Azərbaycan, niyə bir balamı əlimdən alırsan, niyə?! Deyirlər orda müharibə gedir. Birdən Mayk!. . Yox mən onunla ciddi danışmalıyam! Belə olmaz, biz ciddi danışmalıyıq!

Söhbət isə bununla bitdi ki, Mayk səfərini təxirə sala bilməz! Mayk iş adamı idi Azərbaycan isə yeni inkişaf edən, atəşkəs olmasına baxmayaraq hələ də müharibə təhlükəsi yaşayan ölkə idi. Bu ölkəyə investisiya qoyuluşu ona xeyli gəlir gətirə bilərdi. Ən əsası Azərbaycanlılar rüşvəti sevirdilər bu da Mayka müəyyən mənada sərf edirdi. Onun biznesinin qaranlıq məqamları da vardı ki, bu barədə anasına məlumat verməyi lazım bilmədi. Anasının Ella barədə düşüncələrinə üsə gülümsəməklə cavab verdi: -Hələ tezdi, zamanında bu barədə danışarıq.

Madam Ceferson artıq susmağa qərar verdi. Bu qərarı onu az da olsa ruhlandırdı. Bir müddət sonra isə öz fikirlərinə görə özünü danladı. Axır zamanlar onların qonşuluğunda yeni sakinlər peyda olmuşdu. İlk tanışlıq isə səhər gəzintisi zamanı oldu. Uca boylu, idmaçıya bənzər keçmiş hərbçi mister Meyson ilk baxışdan madam Cefersonun diqqətini cəlb elədi və. . . bir az kobud səslənən- madam Ceferson əvəzinə o, əlini irəli uzadıb, az qala unutduğu adını -Kler, - deyə pıçıldadı. Mayk axır ki, gözlədiyi xüsusi mesajı aldı:”Qafqazın Qızıl balığı tora düşdü. . . ”


***


Ceyran, gözlərinin yaşını silsə də bunun xeyri olmurdu, gözlərinin bulağı açılmışdı.

Düzdü, Nazimi sevməmişdi, amma bu oğlan onun xoşuna gəlirdi. Bir də kimə gedəcəkdi, kənd yerində qızların bəxti elə də tez açılmazdı, çünki əli iş tutan gənc oğlanlar işləmək üçün Rusiya vilayətlərinə baş alıb gedir, geri qayıdanda isə özlərindən on beş yaş kiçik qızlarla evlənirdilər ki, guya qız bunların “tərbiyəsindən” çıxmasın. Dünyanın hər üzünü görən oğlanları qınamaq Ceyranın əxlaqından kənardı.

Birdə Ceyranın zəkası o qədər inkişaf etməmişdi ki, belə məsələləri götür qoy etsin. Sadəcə atası Nazimi məsləhət görmüşdü, o da sevinmişdi. Ən azından öz evi, əri, uşaqları olacaqdı. Ceyran düşünürdü ki, oğlunu mütləq oxutduracaq, çünki oxumuş adamlar qalstuklu, papkalı gəzirlər. Üst- başları təmiz, üzləri qırxılmış olur.

Nazim üzünü hətədə, on gündə bir qırxardı, bu Ceyranın xoşuna gəlməzdi, amma ona niyə belə etdiyini də deməzdi. Özü bilər, mən nə karəyəm. . . Yazzıq Nazim, görəsən yarası çox ağrıyır?. . Eh ay dədə, gərək məni də aparaydın onsuzda bir küncdə qaxılıb oturacaqdım. . . kaş. . . Söz ağzında yox, düşüncələrində qırılıb qaldı. . .

Bir əl, rəməlikdəki iri kolluğun ardından onu çəkib, qoynuna aldı. . . Qızın fikirlərində Nazimin üzünün tükləri biz-biz oldu, gələcəkdə doğacağı hamar telli oğlunun portfeli əlindən düşdü, atasının şilləsi göydə əks-səda verdi, anası küncə qısılıb ağladı, bacısının balasını qara torpaq uddu. . .

Ceyranı zorladılar. . . Gün çeştə getməmiş, axşamüstü Ceyranı rəməlikdə zorladılar. . .

Bir zaman təzə olan, indi isə rəngi belə bilinməyən idman şalvarını əyninə geyə-geyə, iri, qan sızmış gözləri ilə şalvarının kəmərini əlləri əsə-əsə bağlayan, iri cüssəli, kənd bələdiyyə sədrinin oğluna baxdı, baxdı amma söz tapmadı deməyə.

Bağırmaqdan quruyan dodaqları əsdi, əsdi sonra ona cəsarət gəldi və bir anda oğlanın üzünə tüpürdü. . .

–Tfu! Biqeyrət!

Bələdiyyə sədrinin iri, cüssəli oğlu, başını aşağı dikdi, ağlamsındı:- Səhərdən səni güdürdüm, bilmirəm necə oldu. Qadan alım, bilmirəm!. . Gürcüstana gedirəm, Qızıl balıq gətirəcəm. Yerevandan gətirib, Gürcüstanda satırlar. Vallah onu alım gəlim, yaxşı pulum olacaq, sonra dədəmi götürüb, gəlirəm sizə, səni istəməyə. . .
Deyirlər güllə nişanlının kişiliyini əlindən alıb, salamat qalması möcüzədi. . .

Onsuzda dədən səni daha ona verəsi deyil. Nə deyirsən hə?. .

Bələdiyyə sədrinin iri, cüssəli oğlu Ceyranın ona maddım-maddım baxdığını görüb, elə başa düşdü ki, qız bəxti ilə barışıb onunla razılaşacaq, ürəklənib qıza doğru getdi Ceyran var qüvvəsi ilə onu itələyib yıxdı. . .

Oız rəməliklə qaçırdı, bələdiyyə sədrinin iri, cüssəli oğlu isə arxadan qışqırırdı:- Balıqdan qayıdan kimi dədəmi göndərəcəm. . . ölənnərimizin goruna and olsun ki, göndərəcəm. . . Qız onu eşitmirdi. Bu an o, nə eşidir, nə görür, nə də ki, hiss edirdi.

Sadəcə qaçmaq, qurtulmaq, uzaqlaşmaq istəyirdi. . . Bu an nə Nazimi görür, nə atasını, nə də ki, küncə qısılıb ağlayan anasını. Gözlərinin önündə bələdiyyə sədri oğlunun iri bədəni nəfəsində isə onun tər qoxuyan qoltuqları idi. Onu zorlayarkən gözlərinə belə baxmağa qorxan oğlandan ər olmazdı. Yekəpərliyinə baxmayaraq ona bir anlıq güc-cəsarət gəlmişdi ki, bu da Ceyranın arzularının sonu oldu. İndi qız qaçır, sonu bəlli olmayan yola qədəm qoyurdu. . .


***


Bazar elə yerdi ki, orda kartofdan cana kimi satırlar, baxır al-verinə. Gürcüstan sərhəddində yerləşən bu bazarda ingilisdən tutmuş erməniyə kimi al-ver edən vardı. Hamı matahını tərifləyir, kimsə kiməsə nəsə sırımaq istəyirdi. Bu bazarda milliyyət yox, maraqlar rol oynayırdı. Kartof bazarı deyilən yerdə azərbaycanlıyla yanaşı erməni də alver edirdi. Onlar burda düşmən yox, al-ver qonşusu idilər. Pul olan yerdə dəyərlər öz dəyərini itirirdi. Bu bazarın vəziyyətinə baxan , adlı-sanlı, deyilənə görə silah alverçisi kimi də tanınan Georgi heç kimə fikir vermədən qorumaları ilə birgə bazarın içində dolanır, yaxşı kartof növü axtarırdı ki, zamanında əkdirsin.

Eşitdiyinə görə Gədəbəy kartofu ən yaxşı növ sayılsa da əslində bu növ adı altında başqa malları alverçilər müştəriyə soxuşdururdular. İş burasında idi ki, Gədəbəy kartofunu azərbaycanlılar yox, ermənilər satırdılar. Georgi bazarı bir xeyli dolanıb, geri dönmək istəyirdi ki, bir azərbaycanlının kiminsə dalıycan qaça-qaça söydüyünü gördü. Söyüşdən bəlli oldu ki, qovan azərbaycanlı, qaçan ermənidi. Georgi azərbaycanlıya əhəmiyyət verməyib, ermənini onun hüzuruna gətirməyi qorumalarına tapşırdı. O, bazardakı otağına dönəndə qapıda dayanıb əli-ayağı əsən adamı görəndə bildi ki, həmən ermənidi. Georgi üzünə sərt ifadə verib, cır səsi ilə bağırdı:- Nədi, milli münasibətlərinizin həlli bura qalıb, bilmirsiniz ki, mənim bazarımda belə hallara yol vermərəm?!.

Erməni büzüşüb, boynunu əydi: - Qələt eləmişəm, bağışla, bu müsərman mənə kartof satmadı, dedi –sənin ananı, mən də söydüm.

-Sən nə dedin?!

-Dedim, dedim bacın arvadım olsun. . .

Georgi şaqqanaq çəkib güldü, sonra tez də özünü ələ aldı:- Sən, sən ona elə dedin?!

-Dedim. Niyə demirəm?!

-Səni danışdıran, ingilisin yardımıdı. Hə. . . hardansan?

-Düz sərhəd kəndindənəm. Adam azdı kənddə, əsas döyüşçülərdi, amma neyniyək kasıb adamıq dolanmaq lazım.

-Burda neynirsən?

-Alverə gəldim.

-Düzünü desən, ölərsən?!

-Al-ver. . .

-Ara, sən bura kartof almağa gəlməmisən. Düzünü de!

-Georgini axtarıram. . .

Georgi yerindən dik qalxdı:- Deyilən adam sənsən?!.

Erməninin gözləri güldü.

Gecəyarı Georginin adamları ermənini və onun əlaltılarını sərhəddən yüklü yola saldılar.


***


Maykın silah alveri qara bazarda öz yerini tutmuşdu. Harada müharibə gedirdisə gənc iş adamı öz xəfiyyələrini ora yola salır, qara bazarda öz yerini tutmağa çalışırdı. Maykın yasaq olunmuş silah bazarı burada -Qafqaz ölkələrində də baş tutmuşdu. Düzdü, silah-sursatın hardan gəldiyi məlum olsa da onun arxasında duran kişinin kimliyi məlum deyildi və buna ehtiyac da yoxdu. Əsas o idi ki, Göyçə gölünün qızıl balığı tora düşmüşdü. Maykın Nyu-Yorkdakı restoranlarının menyusunda Ermənistan fareli ən görkəmli yerlərdən birini tuturdu. Bunun da sətiraltı mənası hamıya bəlli olmasa da bəzi işbazlar bilirdi ki, Mayk artıq zirvələri fəth edir. . .


Həmin gecə ermənilər kəndə yetişib, silahları sınaqdan keçirtmək istədilər.

Dayanmadan on beş dəqiqə azərbaycan kəndinə atılan güllələr, kimini oyatsa da
Nazimgilin həyətində vay-şivənə səbəb oldu. . .

Ceyran birdə onda ayıldı ki, artıq Bakıdadı. Küçələri gəzir, adamlara baxır, hara gedəcəyini bilmədən gözləri özünə sığınacaq axtarırdı. Bu böyük şəhərdə heç kim onunla maraqlanmırdı. İki gün aclıqdan sonra küçədə huşunu itirən qız xəstəxanada özünə gəldi. İlk gördüyü sarışın saçlı qız üzünə güldü:- Aha, axır ki, ayıldın, necəsən?

Ceyran qıza baxsa da onun dediklərindən bir şey anlamadı:- Hardayam?

-Xəstəxanada.

-Nə olub mənə?

-Huşunu itirmisən. Yəqin ki, ac qalmısan.

Ceyran qalxmaq istəyəndə, tibb bacısı qoymadı: -Uzan, sənə yemək verək.
-İstəmirəm, ac deyiləm. . .

Bir azdan yeməyi tələsə-tələsə, acgözlüklə yeyəndə, tibb bacısı ona baxıb gülürdü.

Qızın Ceyrana bir köməkliyi dəydi ki, ona ünvan verib yola saldı. Geyran öz vəziyyətini qısa da olsa ona anlatmışdı. Ceyran adını belə bilmədiyi tibb bacısının verdiyi ünvanı axır ki, tapdı. Bura onun həm işi , həm də yaşayış yeri olacaqdı. Qız belə demişdi və bir parça kağız yazıb vermişdi ki, orada müdirə verərsən. Beləcə,

Ceyran xarici iş adamları yaşayan otelin sakiniylə birgə işçisinə çevrildi.

Gündüzlər otaqların təmizlik işlərinə baxır, axşamtərəfi isə otelin yeməkxanasına qalxıb, aşpaza kömək edirdi. Uzun saçlı, az danışan aşbaz Abdullanı qız bəyənməsə də axırda onların arasında səmimiyyət əmələ gəldi.

Abdulla bir gün Ceyranı darta-darta paltar dükanına apardı zövqünə görə qızı bəzədi, sonra bərbərxanaya. . . Otelə dönəndə işçilər belə Ceyranı tanımadılar. Abdulla axır vaxtlar danışqan olmuşdu: -Nə vaxta kimi yanımda büzüşüb oturacaqsan, çıx, gəz, gör. Kaş arvad olaydım, bir kişini buraxmazdım. Kül qoyum başına, dərdindən ölənlər var eyyy. . .

Ceyran dərin düşüncəyə malik olmasa da ona dikilən baxışları görmüşdü, əhəmiyyət verməsə də görmüşdü. Abdulla ona başa salmışdı ki, bu oteldə kişi qadın istəyirsə ona görə pul ödəyir. Pul! Bu söz Ceyranı özünə cəlb edirdi. O indi hər şeyin alınıb satıldığı zamanda pulun dəyərini başa düşməyə başlamışdı. Beləcə, otel növbətçisinin ilk çağrışında ayağı əssə də irəli getdi, dayanmadı. Rəməlikdəki hadisədən də pis olmayacaqdı ki. . .

Yüz dolların otuzu növbətçiyə, yetmişi ona qalan zaman hirslənirdi artıq. Axı, əziyyət çəkən o idi. Əslinə qalanda heç əziyyət filan çəkmirdi. Sadəcə elə düşünmək onun üçün sərfəli idi. İndi Ceyranın danışığı, yerişi, geyimi belə dəyişmişdi. Abdulla ilə laqqırtı vurarkən otelə ilk gəldiyi günləri yada salıb gülürdülər. İndi Ceyran Nazimi heç yadına belə salmırdı. Bələdiyyə sədrinin oğlu haqda isə düşünürdü ki, bəlkə də yuyunub təmizlənsəydi pis oğlan deyildi. Dədəsinə zəng vurub Bakıda işlədiyini demişdi, kişi ona hədə- qorxu gəlsə də qızın laqeyd münasibəti kişini susdurmuşdu.

-Poçta gedin, sizə pul göndərmişəm!

Beləcə, hər şey adiləşdi. Artıq pul göndərilməyəndə narahat oldular ki, görəsən Ceyran onları unutdu, yoxsa. . .

Və. . . bir gün otelə uca boylu, çox yaraşıqlı biri köçdü. İlk dəfə onlar mətbəxdə rastlaşdılar. Gənc adam Ceyrana heyranlıqla baxırdı.

O, etiraf edrdi ki, ömründə belə gözlər görməyib. Sonra qızla danışmaq istədisə də bu alınmadı, çünki, Ceyran ingilis dilini bilmirdi. Maykla Ceyranın tərcüməçisi Abdulla oldu. İlk gecələrində tərcüməçiyə ehtiyac olmadı. Günlər keçir və Mayk hər gecə onu yanında görmək istəyirdi. Abdulla hiss edirdi ki, bu görüşlərin sonu olmayacaq, ona görə də Ceyrana ingilis dilini öyrətməyə başladı. Altı ay sonra onlar Maykla ayrıca evə köçdülər.


***


Madam Ceferson da gəlmişdi o tək deyildi. Qonşusu keçmiş hərbçi mister Meyson da onunla idi. Ceyran dədəsini, anasını da gətirtmişdi, axı o ailə qururdu. Mayk ona dəlicəsinə vurulmusdu Ceyran xoşbəxt idi. . .

Güzgüdə özünə son dəfə baxıb, otaqdan çıxdı. Həmişə adət-ənənəni gözləyən atasının qoluna girib, maşına minməyə tələsdi. Onlar kilsəyə kəbin kəsdirməyə gedirdilər, vətəndaş kəbini sonra olacaqdı. Kəbindən sonra Ceyran Abdullanın qulağına pıçıldadı:- Xoşbəxt olmaq üçün fahişə olmağım vacibmiş. . .
Altı ay sonra Mayk xanımı ilə birgə Nyu-Yorka köçdülər.

Axşama Mayk oz restoranlarının birində xanımının şərəfinə qonaqlıq verirdi. Ən şah yemək Göyçə gölündən gətirilmiş qızıl balıq idi. Həmin gün Ceyran menyuya baxdıqdan sonra yemək yemədi. Rəməlik, Bələdiyyə sədri oğlunun dediyi:- balığa gedirəm . . . sözü. . . Ürəyi sıxıldı. Kişiliyini itirmiş Nazim yadına düşdü, görəsən nə vaxtsa Nazim ata olacaqmı? Bəs o, rəməlikdəki. . . Ceyran hiss edirdi ki, o heç vaxt ana ola bilməyəcək, çünki o hadisədən sonra ilk uşağını saldırmışdı. Həkim demişdi ki, “ola bilsin uşağın olmadı”. Buna görə canını sıxmırdı, axı Mayk özü sonsuz idi. Bu barədə özü demişdi. Birdə demişdi ki, nə vaxtsa övladlığa uşaq götürərik. Bu isə basqa hadisə ola bilərdi.

Kimsə onun həyatının bu gün nağıla bənzədiyini deyə bilər, amma belə deyil. Bir insan kimi o çox iyrəncliklərdən keçdi. Özü də bilmədən onun həyatını dəyişən həmin güllə sahibinin əsirinə çevrildi. Bu həyatdır. . .

Ceyran yenidən geri dönmək, bütün yaşadıqlarını yaşamamaq üçün bütün sahib olduqlarından imtina edərdi, lakin onu orada nə gözləyirdi?

– Aclıq, səfalət, bitmək bilməyən müharibə, bir də. . . fahişə həyatı. . .
İndi isə Ceyran Nyu-Yorkdakı malikanəsində əyləşib, pəncərədən yağan qara baxırdı. . .

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG