Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:38

Məhkəmə qərarları, yoxsa futbol topu?...


Arxiv - foto
Arxiv - foto
“Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Milli Məclisə məktublar yazıb yollamışam. Bu günə qədər də cavab verilməyib. 20 ildir evimdə yaşayan köçkünü çıxarmırlar. Ev-eşiyim ola-ola 20 ildir kirayələrdə yaşayıram”.

""161"ə ZƏNG EDİRİK, YALNIZ MUSİQİ EŞİDİRİK"

Bakı sakini Solmaz Salmanova “Qaynar xətt”ə məmurlardan şikayət edir. Deyir, 20 ildir evini zəbt etmiş köçkün ailəsi ilə bağlı məhkəmə qətnaməsi icra olunmur. Üstəlik, mebelləri də oğurlanıb. O da bütün bunlarla bağlı uzun müddətdir ki, şikayətlər edir. Ancaq heç bir şikayəti araşdırılmayıb və xanıma cavab verilməyib:
“Korrupsiyaya Qarşı Mübqrizə İdarəsinin “161” qaynar xəttinə zəng edirik, yalnız musiqi eşidirik. Bizi heç kəs dinləmir. Çoxsaylı ərizələrim var, cavab verilmir. Prezident müşavirədə məmurlara son xəbərdarlıq edəndən sonra mən yenə Nazirlər Kabinetinə, milli Məclisə, Prezident Administrasiyasına yazdım. Ancaq nə mənası? Cavab yoxdur. Mən ərizələrimə yazılı cavab tələb edirəm. Yazanda da elə bir cavab yazırlar ki, tamamilə məsələyə aidiyyəti olmur. Sanki bu cavab bizə yox, qonşuya yazılıb. Məhkəmənin qərarları illərdir ki, futbol topu kimi o qapıdan bu qapıya, bu qapdan o qapıya vururlar”.

Arxiv - foto
Arxiv - foto
Yasamal rayon icra şöbəsinin rəisi Zaur Abdullayev sorğuya cavabında yazıb ki, 2003-cü ildə Yasamal rayon məhkəməsi tərəfindən Solmaz Salmanovanın ailəsi ilə birlikdə həmin evdə yaşamaq hüququ tanınıb. Belə ki, məhkəmə qət edib ki, İsa Aslanov ailəsi ilə birlikdə başqa yaşayış sahəsi verilmədən evdən çıxarılmalıdır. Apellyasiya Məhkəməsi də birinci instansiyanın qətnaməsini qüvvədə saxlayıb. 2003-cü ilin avqust ayında məhkəmə qətnaməsini icra etmək üçün tərəflərə icra sənədləri göndərilib. Ancaq icraya başlamamış icra şöbəsinə Apellyasiya Məhkəməsinin məktubu daxil olub ki, cavabdeh İsa Aslanov Apellyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə kasasiya şikayəti verib. Bu məktuba əsasən də icra hərəkətləri dayandırılıb. Köçkünün kasasiya şikayəti Ali Məhkəmə tərəfindən təmin olunub. Məhkəmə qərar çıxarıb ki, köçkünlər Xocalı işğaldan azad olunanadək evdən çıxarıla bilməzlər. Buna görə də onlar icra hərəkətlərini dayandırıblar.
Yasamal rayon icra hakimiyyəti başçısının müavini Xalid Mehbalıyev məktublarında bildirib ki, Şərifzadə küçəsindəki 174 saylı evin 31-ci mənzili 1992-ci ildə Xocalı köçkünləri, 10 nəfərdən ibarət iki ailə tərəfindən zəbt olunub. Hər iki ailə 1992-ci il tarixdən rayon icra hakimiyyətində qeydiyyatdan keçib. 2001-ci ildə köçkün Vəzir Abışov ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxarılaraq Sabunçu rayonuna göndərilib. Digər köçkün İsa Aslanov isə ailə üzvləri ilə birlikdə hazırda da həmin ünvanda yaşayır və məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır.

“Məcburi köçkün ilə Solmaz Salmanova arasındakı mübahisəyə məhkəmələrdə bir neçə dəfə baxılıb. Köçkün ailəsinin məskunlaşdığı yerdən çıxarılması yalnız məhkəmə qərarı əsasında məhkəmə icraçıları tərəfindən mümkündür.

ZƏBT EDƏN MÜLK SAHİBİNİ EVƏ BURAXMIR

Mənzildə yaşayan köçkün ailəsi ilə dəfələrlə söhbət aparılıb, ancaq onlar Solmaz Salmanova ilə birlikdə yaşamaqdan imtina ediblər”.

İcra başçısının müavini məktubda yazır ki, Solmaz Salmanova həmin mənzilə orderi 1995-ci ildə alıb. Halbuki, BŞİH başçısının 1 aprel 1994-cü il sərəncamına görə, Bakı şəhərində zəbt olunmuş mənzillərə order verilməsi dayandırılıb.

“Rayon ərazisində çoxlu sayda mənzillər zəbt olunduğundan, boş mənzil fondu olmadığından, köçkün ailəsini sığınacaqla təmin etmək imkanımız yoxdur”, müavin belə yazıb. O bildirib ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na prezidetin 21 fevral 2011-ci il tarixli sərəncamı ilə edilmiş əlavələrə əsasən, zəbt olunmuş mənzillərin boşaldılması prosesi mərhələ ilə davam edir. Gün gələr, növbə Solmaz Salmanovanın mənzilini zəbt etmiş köçkünlərə də çatar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də eyni məzmunlu cavab verib.

Solmaz Salmanova isə məmurları onun və ailəsinin taleyinə biganə yanaşmaqda günahlandırır, şikayətlərinə vaxtında və obyektiv cavab vermədiklərini iddia edərək barələrində cinayət işi başlanmasını istəyir.
XS
SM
MD
LG