Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:44

İnsan da palçığa dönər?


Firudin Həsənov
Firudin Həsənov
-

- Özünü öldürmək istədi. Bıçağı götürüb bu dəfə var gücüylə qarnına sancdı. Amma mədəsində deşik əmələ gəlsə də, heç bir ağrı hiss etmədi…


Firudin Həsənov


İDİOM

(Hekayə)


Bu hadisə illər əvvəl baş versə də, sözü gedən qəhrəmanın prototipləri ölkəmizdə hal-hazırda da var və çox güman ki, hələ uzun müddət də mövcud olacaq.

Bu qəribə hadisə çoxlarının həyatında belə ani olmasa da, tədricən, zamanla yaşanacaqdı.

O söz isə idioma çevriləcək və uzun bir vaxt camaatımızın dilində qalacaq.

Ola bilər ki, kiməsə hirslənən zaman, ağızdan təhqiredici, kobud sözlər tökülən bir anda özümüzü saxlayıb bu şirin sözə müraciət edəcəyik.

"Pay, lənət şeytana" deyib mələyi qarğışlamaqdansa, sadə camaat gülər üz və ironiya ilə kreativliyini işə salıb bu idiomdan yararlanacaq.

Sonra isə ola bilər özü dediyinə gülüb sarkazmı nifrətdən üstün tutacaq. Bəlkə də elə bir neçə ay sonra bu söz elə ağır məna ilə yüklənəcək ki, "Lənət şeytana "ya şükr etməli olacağıq...

Geridönüş

Günlərin bir günü dalanların birində ağrıdan qıvrılıb yerə yıxılmışdı.

Qarnından elə sancı tutmuşdu ki, güclə çömbəlib belini divara söykədi.

Evləri lap yaxındaydı, amma ora çatmaq üçün özündə qüvvət hiss eləmirdi.

Dostlarının, ailəsinin ona tənə edib, sağlamlığına nəzər yetirməsi barədə tövsiyələr verməsi yadına düşdü.

Bəlkə həqiqətən haqlı idilər, lakin bu dəfə məsələ səhhətində deyildi sanki.

Bütün içi boşalmış, günlərlə bədənində ağrılar yaranmışdı.

İşdə masa arxasında boynunu xırçıldatmaqdan təngə gəlmişdi.

Bu azmış kimi ruhu ağrıyırdı elə bil, əvvəllər belə olmağı yadına gəlmirdi.

Birtəhər əlləriylə divardan tuta-tuta məhəlləyə tərəf addımlamağa başladı.

Dəhlizə çatıb pilləkənlə qalxırdı ki, gözü qəribə bir şeyə sataşdı. Arxaya baxanda gördü ki, ayaqladığı hər yer çirk olub.

Özü də bu, ayaq izləri deyil, qəribə kirli gölməçələrdir.

Əlini üst-başına vuranda lap dəhşətə gəldi.

Elə bil üstünə bir maşın zibil tökmüşdülər.

Ürəyində fikirləşdi ki, ola bilər yerə yıxılanda çirklənib və ya divara söykənən yerdə batıb.

Əlini arxa cibinə atıb açarı çıxardı. Qapını açıb içəri daxil oldu və tələsik işığı yandırdı.

Halı yaman pisiydi, amma daha çox üstündən yerə süzülən palçıqda qalmışdı fikri. Paltosunu çıxararaq güzgüdən çıxan mismara asıb, hamama keçdi.

Yəqin Adəmin, insanın torpaqdan yarandığı haqda söhbətləri eşitmisiniz. Daha dəqiq desək gildən, palçıqdan. Mifologiyada torpaq hər zaman qadını, səma isə kişini ifadə edib. Yəni göydən yağışlar yağar və ana torpaq bərəkət verərdi. Bu bərəkət uşaq, insan və ya xeyir, hisslər, sevgi anlamında yozula bilər. Dünya bu cür vəhdətlə, tədricən simulyasiya edərək sistematik, bəzən avantüristcə davam edərdi.

Amma bir anlıq, bəlkə şüurlu, bəlkə məqsədli şəkildə hər şey tərsinə dövran etməyə başladı. O, hamamda güzgüdən özünə baxırdı. Üz-gözündən, bədənindən palçıq tökülür, bədəni soyuq ət kimi olmuşdu.

Adi halda qorxmaq lazımıydı, amma bunu da bacarmadı. Bütün mənəviyyatı lırtlaşmış, öz duruşunu itirmişdi. İndi dəhlizdəki çirkin hardan töküldüyünü anlayırdı.

Palçıqdan yaranmış insan palçığa dönmüşdü. Bu geridönüşü barədə kimə desəydin ağlı başından çıxardı. Lakin bu hadisənin reallıqdan tamamilə qopuq olması onu gözlənildiyi kimi narahat etmədi.

O, daha çox bundan sonrakı həyatı barədə fikirləşir və düşünürdü ki, necə etsin ki, ailəsi, işdə zəhləsi getdiyi partnyorları bu absurd hadisədən xəbər tutmasın.

Xəyalına gətirəndə ki, səhəri gün üz-gözündən palçıq süzülə-süzülə işə gəlir, qarnından bir sancı tuturdu ki, gəl, görəsən. Bax, bu onu əməlli-başlı dəli edirdi.

İşdə heç kimlə yola getmirdi. Hər ayın sonu səhvini gözünə soxan mühasibdən, onun dalınca pıçıldaşıb- məşvərət edən mühəndislərdən, naharda səs-küyləri dəhlizə çatan qızlardan tutmuş kefinə soğan doğrayan müştərilərə kimi. Yalnız öz müdirinə xoş gəlməyə çalışır, özündən başqa hamını yaltaq hesab edirdi.

Müdir əraziyə gəlib yoxlanış edərkən siz onu bir dəqiqə boş dayanan görməzdiz. Az qala fəhlələrin, elektriklərin də işinə əl qoyar, fəallığını göstərməyə çalışardı. Elə bu dırnaqarası aktivliyinə görə iş yoldaşlarının qıcığına səbəb olurdu. Hamı onu imkan tapan kimi məsxərəyə qoyur, yalandan hadisələr uydurub onu əhvalatın içinə salmağa çalışırdılar.

İş burasındaydı ki, başına gələn hadisələri uydurub şişirtməyi çox sevirdi. Adi bir hadisəni elə bəzəyər,ona elə naxışlar vurardı ki, bir balaca da düzəliş edib əndrabadi hekayə qurmaq olardı. Elə bir hekayə ki, baş qəhrəmanı məlumdur ki, özü olacaq.

İş yoldaşları isə qətiyyən goplarını üzünə vurmaz, maraqla, arabir sancma zarafatlarla ona qulaq asardılar. Bu hər halda qoca qaynaqçının uzun-uzadı qafiyəli şeirlərindən daha əyləncəliydi. Amma arabir onun bu hekayələri özünə də çox gözlənilən, qeyri-ekstremal gəldiyi bir vaxt valı dəyişib qəhrəmanını, yəni özünü məğlub göstərməyi də sevərdi.

Ancaq bunu o qədər etmişdi ki, iş yoldaşları bu fəndləri də sezmişdilər. Odur ki, açıq -aydın fiaskoya uğradığını içində qəbul etmişdi. O, özü də hiss edirdi ki, ətrafdakılar onun danışığına ürəklərində istehzayla çəpik çalırdılar. Bu onu çox qıcıqlandırsa da biruzə verməməyə çalışır, əhvatlarına davam edirdi. Bilirdi ki, başqa yöndə söhbətinə heç kəs qulaq asmayacaq, yenə bilərəkdən əhvatlar uydurub, onu gopa basmağa vadar edəcəklər.

İndi fikirləşirdi ki, görəsən bunlar niyə məhz onun başına gəlib. Axı nə günah iş tutmuşdu ki, Tanrının ən ağır lənətinə düçar olub. İnsan da palçığa dönər? Özü də günün günorta çağı. Hələ bundan ailəsi və ən yaxın dostu xəbər tutsa necə olacaq? Yəqin yaşlı ata-anasının onu görcək ürəyi gedər, yerindəcə havası kəsilərdi.

Yox, onlar bunu bilməməliydilər. Özünün baş verənlərə reaksiyası təəccüblü gəlirdi. Amma bir saniyəlik beynindəki xaosu yatıran kimi göbəyinin altından ağrısı tuturdu. Hamam otağında quruyub qalmışdı. Heç bilmirdi hara getsin, əyninə nə geyinsin, harada otursun. Kranı açıb əlini yumaq istədi, lakin əlləri daha da yumşalır, formasını itirirdi. Ağlına tam tərsini etmək kimi bir fikir gəldi. Cəld yataq otağından sevimli fenini götürüb bədənini, hər yanını qurutmağa başladı. Hər tərəf bir az nəm qum dənələriylə dolsa da, işinə davam edirdi.

Və bir müddət keçəndən sonra bədəni, ayaqları nisbətən möhkəmləndi. Müəyyən hissələrində insanı xatırladan lətlər, dəri əlamətləri görünməyə başladı. Amma nə qədər etdisə, bundan artığına nail olmadı. Geyimini təzələməyin mənasız olduğunu anlasa da, hər halda bir dəst yeni köynək, şalvar, ayaqqabı geyinib dəhlizdə, güzgünün yanında oturdu. Ağlamaq onun bütün hissiyatına hakimiydi. Əlləriylə üzünə, qarnına basmağa başladı. Amma hara əl vururdursa, ovularaq deformasiya olur və eybəcər bir kökə düşürdü. Yaman ürkmüşdü, o, indi anlayırdı ki, mənəviyyatı təmiz boşalmış, xeyirsiz bir varlığa çevrilmişdi.

Bundan sonrakı yaşamını təsəvvür edə bilmirdi. Onun bir çıxış yolu, köməkçisi ola bilərdi, o da uşaqlıq dostuydu.

Dostu çox ağıllı, zəkalı, işində məsuliyyətli, zarafatcıl və az yaşına baxmayaraq müdrik insanıydı. Əvvəllər onunla bir işləsə də, sonradan sevdiyi işlə məşğul olmağı qərara almış və öz kitab mağazasını açmışdı.

Ona zəng vurmağı tərəddüd edirdi. Bu vəziyyətdə heç kimin gözünə görünmək istəmirdi. Ara-sıra gördüyü dostu və onun tanışları arasında hörməti, sanbalı itirməkdən yaman qorxurdu. Bütün bu düşdüyü vəziyyət ona nədənsə dudkeş sözünü xatırladırdı. Heç kəs bu sözün mənasını bilməsə də hamıda gülüş doğururdu bu söz.

Telefon əlində otağın bir küncündən digərinə yeriyir, nə edəcəyini fikirləşirdi. Bu gülməli, tragik vəziyyətdən bir çıxış yolu olmalıydı. Heç vaxt heç nəyi ürəyinə yaxın salmayan bir adam indi əsməcəyə düşmüşdü. Ancaq dəqiq bilirdi ki, bu hadisə anidən baş verməyib. Vizual olmasa da mənəvi olaraq bu hala gəldiyini son zamanlar duyurdu.

Nəhayət, palçığa dönmüş zavallı qərara aldı ki, dostuna zəng etsin. Bu dəqiqə kimləsə danışmasa bağrı çatlayardı. Dostuna səhərə öz evində görüş təyin etdi.

Çarpayıya uzanmamışdan əvvəl sıx paltar geyindi ki, palçıq tökülüb ətrafı bulaşdırmasın. Uzanıb bir az baş verənlər barədə düşündü, amma başa düşdü ki, fikirləşməyin nə faydası? Yaxşısı budur, sabah dostuyla görüşüb bir qərara gəlsinlər. O, mütləq bir çarə tapmalıydı.

Bir dəfə hələ bir yerdə işləyən vaxtlar, naharda bir maraqlı söhbətləri olmuşdu. Dostu ətrafdakıların onunla məzələndiyi hiss edib ona məsləhət vermək qərarına gəlmişdi;

- Bilirsən nəyə görə sənə ciddi münasibət göstərmirlər ? Çünki, həyatda, daha doğrusu onların səninlə keçirdiyi bu iş vaxtı ərzində prioritetlərini düzgün müəyyən etməmisən. Yəni özün üçün qoyduğun ali məqsədi bunların yanında ən axırıncı planda göstərirsən. Başa düşürsən?

- Tam yox. Necə yəni?

- Bax, sənin həyatda əsas məqsədin nədir? Nəyə nail olsan, xoşbəxtəm deyəcəksən? Və sonrakı, yəni daha aşağı planların nədir?

- Nə bilim... İşdə uğur qazanmaq, ailə, ehtiyacsız yaşamaq.

- Dayan, saxla. Ehtiyacsız yaşamaq uğursuzluğun təməlidir. Sən yalnız predmeti əldə edəndən sonra onun lazım olub-olmadığına əmin ola bilərsən. Mənə bu qeyri-səmimilik lazım deyil. Necə yəni? Mənə durub deyəcəksən ki, əsas olan ətrafdakılardır? Bu ki səfehlikdir, dostum. Şəxsiyyətin barədə düşündüklərimi lap şübhəyə salırsan. Sən deyəsən doğrudan kretinsən.

- Niyə axı? Bunu ki hamı arzulayır.

- Ona görə hamınız ilişib qalmısınız bu xarabada. Hər şey doğru arzulardan başlayır. Sən beynini təməldən yanlış işlədirsən. Onu ya təsdiq, ya da inkar proqramı kimi qurmusan. Beyin isə gələn informasiyanı analiz etməlidir. Anlayırsan? Sənə bu saat desəm ki, şef filan şeyi düz etmədi, mənimlə ya razılaşacaq, ya da qabı keçirdəcəksən təpəmə. Amma özün heç nə təklif etməyəcəksən. Və ya heç vaxt hadisələri nəzərə alıb, orta bir nəticə çıxarmayacaqsan məsələylə bağlı.

- Bunu nəyi pisdir ki ?

- Nəyi pisdir? Orası pisdir ki, sən kopyalamaqla ali məqsədin nə olursa olsun, ona çata bilməyəcəksən. Çünki, yol gəzənin addımlarından sonra yaranır. Sən isə özgəsinin və ya özgələrinin yoluyla gedirsən. Ona görə hamı sənə gülür, fikirlərini ciddiyə almırlar. Deyə bilərsən ki, o qədər mənim kimi adamlar var. Bəs niyə onları ciddi insan kimi qəbul edirlər ? Onlar sadəcə yaxşı cildə girib xasiyyətləri, olayları özünkü kimi təsvir edə bilirlər. Sən isə, mənim dostum, sadəlövh axmağın birisən. Ona görə səni çox istəyib, bunları deyirəm. Səndən böyük olduğum üçün cəsarətlə bu sözləri deyə bilərəm ki, insanlar iki anda təhlükəli olurlar. Bir nəyəsə bağlanıb həddindən artıq sahibləndiyi vaxt, bir də hər şeyini itirdiyi zaman. İlkin situasiyada qorxuduğu, ikincidə isə qorxmadığı üçün təhlükəli olurlar.

O zaman hər şeyi dəqiq anlasa da, indi yatağında uzanıb nəyi necə anladığını yadına sala bilmirdi. İçində hər şey soyumuş, ürəyi buzlaşmışdı. Bir anlıq hər şey gözündə qaraldı. Özünü öldürmək istədi. Bıçağı götürüb bu dəfə var gücüylə qarnına sancdı. Amma mədəsində deşik əmələ gəlsə də, heç bir ağrı hiss etmədi. Əvəzində isə deşik necə varıydısa, elə də qaldı. Elə bil bədəni müqavimət etməkdən yadırğamışdı. İnsan hansı çətin vəziyyətə düşürsə düşsün, iradəsi ona qalib gəlmək iqtidarındadır. Amma palçıqlaşandan sonra dərisindən tutmuş daxili iradəsinə kimi, hər nəyi varsa, gücdən düşmüşdü. O, xalis palçığa dönmüşdü.

Səhər lap sübdən oyandı. Elə bil təzəcə gözünü yummuşdu. Saata baxdı, bir azdan dostu gəlməliydi. Qonaq otağına keçib neçə vaxtdır süfrədə qalıb quruyan kruasandan bir-iki diş alıb yerinə qoydu. Kruasan adlı şirniyyatın olduğunu özü təzə öyrənsə də, məlumatlı olmayan iş yoldaşlarının yanında bu biliyi ilə yaman öyünmüşdü. Özünü çoxbilmiş, savadlı göstərmək çox xoşuna gəlirdi. İclasda dəxlisiz ayağa qalxıb, adi danışığından daha ədəbi, fasilələrlə danışmağı ətrafdakıların, az qalsın özünün də ətini tökürdü. Lakin özünü mütəmadi belə aparması artıq vərdişə, xasiyyətə çevrilmişdi.

Qapının zəngi çalındı. Dostu yerində keçinməsin deyə, eynəyini taxıb qapını açdı. Dostunun təəccübdən bərələn gözlərinin şahidi olmaq lazımıydı. Onun bir müddət ağzı qurudu, baş verənlərin necə olduğunu biləndən sonra isə təəccübü birə min artdı. Uzun zaman kresloda oturub son bir ay boyunca zərərçəkənin əhvalatlarını dinlədi. O, həyatında çox kitab oxumuş və demək olar hər şeydən xəbərdarıydı. Çox düşünüb - daşındı və məsələni bu cür anladığını dilə gətirdi ;

- Əzizim, əgər sistemin şüurunu nəzərə alsaq, bu cür təsadüflərin olması mümkünsüzdür. İlkin yaranışdan başqa qalan bütün çevrilmələrdə müəyyən məntiq müşahidə olunmaqdadır. Sənin son zamanlar və elə nə gizlədim ki, həyatın boyu sürdüyün yaşam çox mənasız və qəlizdir. Bunu sənə sıx münasibətdə olduğumuz vaxtlar da deyirdim. Sizlər bu şirkətlərdə, korporasiyalarda, elit butiklərdə, restoranlarda, reklam agentliklərində hər şeyi çox çətinləşdirirsiniz. Durmadan qloballaşır və üzərinizə olmayan yükü götürürsünüz. Bir problemin həlli üçün reklama ayırdığınız pul məsələnin həllindən daha bahadır. Siz absurd dövrana baş vurmusunuz. Amma and-aman edirəm ki, bir gün peşman olacaqsınız. Ayılıb görəcəksniz ki, həyatınız boyu qazandıqlarınızı indi yandırmaq vaxtıdır. Bəli, yandırıb külə çevirmək və elə havaya sovurmaq ki, bir də birləşib əvvəlki halına qayıtmasın.

- Sən nədən danışırsan? Mən palçığa çevrilmişəm.Gündəlik həyatımın buna nə aidiyyatı var?

- Sənin bu durumunu görərkən, Kafkanın "Metomorfoz"u yadıma düşdü. Orada insan böcəyə dönmüş və getdikcə mühitə yadlaşmışdı. Sistemin bir-birilə sıx əlaqəli olduğunu bildiyim üçün düşünürəm ki, hoqqabazlıq edənlərin ən layiqli cəzası yadlaşmaqdır. Sənin bu hala düşməyinin dəqiq səbəbini bilmirəm, amma mənası budur ki, sən əvvələ, ilkin vəziyyətinə qayıtmısan. Yəni, artıq bir müddət xeyirsiz, lazımsız bir varlıq kimi yaşayacaqsan. Əvvəl də belə idin, ancaq indi bu tam şəkil alıb. Sadəcə boynuna al ki, sən palçıqsan. Özü də yekə, boylu-buxunlu palçıq.

- Sənin ağlın çaşıb, nədir? Bu da mənim dostum. Səni çağırdım ki, halıma yanıb çıxış yolu tapasan. Səni isə mənə rişxənd edirsən? Yaxşısı budur, çıx get. Sənin köməyinə ehtiyacım yoxdur.

- Görürsən, dostum. Sənin yaraların hələ sağalmayıb. Çünki, bədənindən əvvəl ruhun müqavimətini itirib. Sən hadisəni məntiqli, obyektiv qəbul etməyi unutmusan. Bütün insanlar ipoxondriyaya yoluxublar sanki. Kasıb olmaqdan, reputasiyası zəif işdən, uğursuz nikahdan, boşa keçirilən vaxtdan qorxurlar. Amma anlamırlar ki, məqsəd yalnız istiqaməti müəyyən edir. Yeganə həqiqət yolun özüdür və ondan başqa həqiqi olan heç nə yoxdur. Siz isə hə, yox, bəli cavabları verirsiz həyatınız boyu. Varlığınız teleqrafdan böyük deyil. Ən uzağı teleqraf boyda.

- Şairliyin tutub deyəsən. Hər şeyi görə çox sağ ol. Buyurub gedə bilərsən.

- Bunları məndən başqa sənə heç kim deməyəcək. Nə fərqi var içdən palçıq olasan ya çöldən? İçindəki nisgini, boşluğu gizlətmək üçün işdə bütün günü danışırdın. Hər məsələdə özünü ağıllı göstərməyə çalışırdın, imkan tapan kimi digərlərini əzməyə bir can idin. Təki özün xoş hal olasan deyə bütün günü boşboğazlıq edib ətrafdakıları bezdirirdin. Bunlar hamısı palçıqlıq deyil nədir? Sənə deyirdim axı, bir içinə nəzər sal, sən bu cür deyilsən.

Bu dialoq davam edə-edə Palçıq dostunu evin kandarına yola saldı. Artıq heç kimi dinləmək istəmirdi. Necə tezliklə, əvvəlki həyatına qayıtmağı barədə düşünürdü.

Bu cür qərarsız tam on gün evində qaldı. Dostu bu cür acıdil, düz adam olsa da, mehriban birisiydi. O sərt dialoqdan sonra yenə də münasibəti kəsmir, ona hər gün evə yemək gətirib, gələcək haqda məsləhətlər verirdi. Nə qədər dostu onun evdən çıxmamağını doğru bilsə də, Palçıq özünə uyğun iş tapıb işləməyə qərarlıydı. Bir aya yaxın müxtəlif yerləri gəzib iş sorğularında özünü sınadı. Amma nə faydası, heç kim Palçıqla əməkdaşlıq etmək istəmirdi.

Dostu bir gün Palçığın yanından evə qayıdarkən, yolda fikir onu aparmışdı. Görəsən, necə etsin ki, bu tərs , heç nə etmək istəməyən yoldaşını yenidən həyata qaytarsın? Heç bilmirdi yenidən insan olmaq və meqadönüş etmək mümkündür ya yox. Birdən telefonuna zəng gəldi.

- Salam, mənəm. Təbrik edə bilərsən, məni televiziyaya şou-proqrama işə götürdülər. İnanmarsan, burada mənim kimilər çoxdur. Dönüşüm təkcə məndə baş verməyib.

Diqqət!!!

Palçıqlar - onlar müxtəlif statusda, müxtəlif sosial durumda, müxtəlif şəraitdə ortaya çıxırlar. Tutduqları stabil həyat tərzi onların palçıqlaşmağına səbəb olur. Onlar yalnız heç nəyə maraq göstərməyən, dayanan yerdə problem yaradan, hər şeyə bir qulp qoyan, adi məsələni çeynəyib - uzadan adamlar deyil, həm də aristokrat kimi görünməyə çalışan, vecsizliyiylə öyünən, əlini ağdan qaraya vurmayan məhfumlardır. Siz onları televiziyalarda görüb, analoqların qonşuluqda müşahidə edə bilərsiz.

Səkiylə, heç kimə mane olmadan yol gedib, həyata sevindiyin bir vaxt bir maşın keçib gölməçədən üstünə palçıq fışqırar və bütün kefini korlayar.
XS
SM
MD
LG