Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:59

Payçının mənzil tələbi...


Arxiv - foto
Arxiv - foto
-
“Şirkətin sahibinin yanına gedirəm, deyir ev sənindir, ancaq açarları istəyirəm, vermir”.

Bakı sakini Zenfira Həşimova AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, 2008-ci ildə 30 min manat ödəyərək “Birlik” MMC-nin Həzi Aslanov metrostansiyası yaxınlığında tikdiyi binadan 1 otaqlı ev alıb. Deyir, 2011-ci ildə MMC-dən ev almış payçılar evlərinin başqa adamlara satıldığını bilib səs-küy salanda və şirkət işçiləri barəsində cinayət işi başlananda, hələ evi özündə imiş:

BİR PAYÇININ PROBLEMİ BAŞQA PAYÇININ HESABINA HƏLL OLUNUB

“O şirkətdən bir nəfər 2005-ci ildə ev alıb, sonradan onun evini daha bir neçə nəfərə satıblar. O adam da şikayətçi olub. Onun ağzını bağlamaq üçün əlavə 14 min manat alıb evimi məndən xəbərsiz ona veriblər. O adamın əlində müqaviləsi də var. Eyni evə görə mənimlə 2008-də, onunla 2011-də müqavilə bağlayıblar”.

Zenfira Həşimova deyir, hələ ev başqasına satılmamışdan əvvəl evin təmiri üçün binaya gedib gələn, ancaq içəri daxil ola bilmədiyinə görə hər dəfə mühafizəçilərlə mübahisəyə düşən həyat yoldaşı əsəb gərginliyi keçirib, ürək çatışmazlığından vəfat edib:

“Həyat yoldaşımın yasını Qubada verdik. 6 aya yaxın orada qaldıq. Bakıya qayıdıb evimizin vəziyyətini öyrənmək üçün binaya gedəndə xəbər tutduq ki, başqasına satıblar”.

Zenfira Həşimova şirkət rəhbərliyinin hərəkətlərindən şikayət edib. “Birlik” MMC ilə bağlı başlanmış cinayət işi üzrə istintaq qrupu tərəfindən zərərçəkmiş kimi tanınıb və dindirilib:

“Bir sözlə, başqa payçıdan yaxalarını qurtardılar ki, zərərçəkmişin sayını azaltsınlar. Onun əvəzinə mən zərərçəkmişə çevrildim”.

İndi Zenfira Həşimova baş prokuror Zakir Qaralovun və Korrupsiya ilə Mübarizə İdarəsinin rəisi Kamran Əliyevlə görüşmək istəyir, ancaq deməsinə görə, dəfələrlə cəhd göstərsə də, məmurlar onu qəbul etməyiblər.

İŞ MƏHKƏMƏ MÜSTƏVİSİNƏ KEÇİBSƏ...

Bir neçə aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən təsisçisi və direktoru Elman Tağıyevin və digərlərinin cinayət işi üzrə məhkəməsi keçirilir.

İbtidai istintaqın qənaətinə görə, şirkət sahibi və işçiləri Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasındakı 210 mənzili saxta müqavilələrlə 543 nəfərə təkrar satıb. Bundan əldə olunan 15 milyon 416 min 964 manat vəsaitin 4 milyon 780 min 593 manatını inşa edilən binanın tikintisinə sərf edib. Qalan 10 milyon 636 min 371 manat məbləği isə dələduzluq yolu ilə ələ keçiriblər. Şirkət rəhbərliyi və işçiləri həm də vergi cinayətlərində təqsirləndirilirlər.

Şirkətin bir neçə işçisi həbsdə olsa da, şirkətin rəhbəri və bəzi işçiləri zamindədir. Bu günədək keçirilən məhkəmə iclaslarında şirkət işçiləri bir-birlərini günahlandırıblar, bir sözlə, hər kəs özünü təqsirsiz hesab edib.

Hüquqşünas Namizəd Səfərov deyir, cinayət işi üzrə ibtidai istintaq bitib və iş artıq məhkəmə baxışındadırsa, Zenfira Həşimova tələblərini ibtidai istintaq orqanı qarşısında yox, məhkəmə qarşısında qoymalıdır:

“O cinayətdə ki, payçı şirkət rəhbərini ittiham edir, hazırda şirkət rəhbəri həmin cinayətə görə məhkəmə qarşısında dindirilir. Həmin payçı da məhkəmədə zərərçəkmiş kimi ifadə verib. Yəni bu iş prokurorluqdan artıq çıxıb. O da başqa payçılar kimi məhkəmədə mülki iddia tələbini qoymalıdır. Üstəlik, əgər şirkətin sahibi hazırda məhkəmə qarşısındadırsa, onun hansısa payçının problemini həll etmək səlahiyyəti də yoxdur", - hüquqşünas bildirib.
XS
SM
MD
LG