Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:12

Bayıldakı 14 saylı bina qəzalıdır, yoxsa?...


Mikayıl Hüseynov küçəsi, 14 saylı bina
Mikayıl Hüseynov küçəsi, 14 saylı bina
-
“Bu bina elə möhkəmdir ki... Bəlkə də Bakıda ikinci belə möhkmə bina tapmazsız. Gəliblər ki, 1500 manatdan kompensasiyanı götürün, çıxın binadan, qəzalıdır, hər an uça bilər. Bizdə isə belə fikir var ki, bu binaya hansısa məmurun gözü düşüb”.

İqtisad Universitetinin müəllimi, 72 yaşlı professor Akif Məmmədov AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edib. Onun deməsinə görə, bir neçə aydır ki, Mikayıl Hüseynov küçəsindəki 14 saylı binanın sakinlərini bu ünvandan köçürüb binanı sökmək istəyirlər:

"BİNANIN YERİNƏ KİMİNSƏ GÖZÜ DÜŞÜB"

“Binanı 1975-ci ildə Müdafiə Nazirliyinin xüsusi tikinti briqadası tikib. Həmin ildən burada yaşayıram. Möhkəm armaturlarla tikilib, bünövrəsi də, sütunları da çox möhkəmdir. 2011-ci ildə iritonajlı yük maşınları buraya torpaq, başqa materiallar daşıyıb yaxınlığımızdakı dənizə tökdülər, dənizi bizdən 100 metr araladılar, magistral yol düzəltdilər. İndi məmurlardan kiminsə bu binanın yerinə gözü düşüb, kimdirsə dayanıb kənarda, icra hakimiyyətini verib qabağa. Başımızı aldadırlar ki, binanı söküb yerində park tikəcəklər. Hansı ki, binamızın ətrafında bir neçə qəzalı ikimərtəbəli evlər var, onları söküb park sala bilərlər”.

"QƏZALI OLSAYDI ÇOXDAN ÇÖKƏRDİ"

Akif Məmmədovun deməsinə görə, yerli cira hakimiyyəti mülkiyyətçilərə mənzillərinin hər kvadratmetrinə görə 1500 manatdan kompensasiya təklif edir:

“”Dedik, sökürsünüz, yaxşı edirsiniz, o zaman bizə evlərimizə bərabər evlər verin. Həm də uzaqda olmasın. Bir halda ki, dənizə yaxın yerdə olan binanı sökürsünüz, elə dənizə yaxın yerdə - Neftçilər prospektindəki yeni binalardan da ev verin. Təklif olunan kompensasiya bizi qane etmir. Şəxsən mən müəllim adamam, təqaüdümlə birlikdə aylıq gəlirim 1000 manat da deyil. Gərək verilən kompensasiyanın üstünə 150 min manat da qoyam ki, şəhərin mərkəzindəki 250 min manatlıq evi alam”.
Bina sakini deyir, Bakıda keçirilən “Avrovision-2012” mahnı yarışmasından əvvəl ərazidəki binalara baxış keçirilərkən Fövqəladə Hallar Nazirliyinin komissiyası bu bina üçün də rəy verib:

“Komissiya rəyində göstərilib ki, bu bina nəinki qəzalı deyil, əksinə, üstündə 10-cu mərtəbəni də tikmək mümkündür. Həmin vaxt gətirib binanın üstündə dəmir konstruksiya quraşdırdılar, başladılar 10-cu mərtəbəni tikməyə. Mahnı yarışmasına ay yarım qalmış işləri yarımçıq atıb getdilər. Bu bina 2 ildir ki, ağır konstruksiyanın altındadır. Qzəalı olsaydı, çoxdan çökərdi”.

469 SAYLI SƏRƏNCAM

Səbail rayon İcra Hakimiyyətindən isə bildirirlər ki, Bayraq Meydanı yaxınlığında yerləşən Mikayıl Hüseynov küçəsindəki 14 saylı bina qəzalı vəziyyətdədir və istismara yararsızdır. Həmin binada yaşayan sakinlərin köçürülməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun 20 noyabr 2013-cü il tarixli 469 saylı sərəncamı var. Sakinlərə mülkiyyətlərində olan mənzillərə görə kompensasiya ödəniləcək. İcra hakimiyyəti sakinlərə bildiriş göndərib ki, mənzillərinə və ya qeyri-yaşayış sahələrinə aid sənədləri qurumun nəzdində mülkiyyətçilərin köçürülməsi məqsədilə yaradılmış komissiyaya təqdim etsinlər.

Akif Məmmədov deyir, sakinlər öz aralarında belə qərara gəliblər ki, binanı sökməyə gəlsələr də çıxmasınlar.
XS
SM
MD
LG