Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:47

Daim zorakılıqdan yazan incə qadın...


Joyce Carol Oates
Joyce Carol Oates
-

Joyce Carol Oates (Coys Kerol Outs) çağdaş amerikan ədəbiyyatının ən məhsuldar və öndə gedən qadın yazarlarındandır.

O 1963-cü ildən başlayaraq 50 roman və olduqca çox hekayə, pyes, esse, şeir və uşaq hekayələri yazıb.

Əslində, Outsun yazıçı kimi ədəbiyyata gəldiyi dövrün özü Amerika ədəbiyyatında ən qaynar, mühüm dəyişikliklərin olduğu mərhələ idi.

Bir tərəfdən asosial, ənənəvi mədəniyyəti rədd edən, depressiv ədəbi nəsil olan “bitnik”lər (The Beats) - Cek Keruak, Lourens Ferlinqetti, Qreqori Korso, Allen Qinzberq ədəbiyyatda at oynadır, bir yandan da Pol Oster, Tomas Pinçon, Don Delillo kimi ciddi postmodernist yazarlar ortaya çıxırdı.

Amerikan cəmiyyəti müharibədən sonrakı depressiya dövründən yenicə çıxmışdı və bu, ədəbiyyatın hərtərəfli inkişafıyla özünü göstərirdi.

60-cı illərdə mövzusuna və stilinə görə amerikan ədəbiyyatında dönüş yaratmış üç əsər çap olundu. Bunlar Con Apdaykın “Kentavr”, “Ferma” novellalar toplusu və Outsun “Dünyəvi zövqlər bağı” romanı idi. Hər üç kitab müəlliflərinə böyük uğur gətirdi.

Hər iki müəllif orta təbəqədən olan, qəsəbələrdə yaşayan amerikan ailələrinin problemlərindən yazırdılar.

Apdayk ilk ciddi əsərləri ilə hətta Amerikanın hüdudlarından kənarda belə tanındı. Doğrudur, Outs da Apdayk kimi yaradıcılığa novellalarla başlamışdı, amma onun ilk “Şimaldan çıxış” novellalar toplusu (1963) heç bir uğur qazanmamışdı.

Outs Apdayk qədər uğur qazanmasa da, ilk romanından sonra onun haqqında ciddi yazıçı kimi bəhs olunmağa başlanıldı. Outsun “Onların həyatı” (1969) romanı isə gözləntiləri daha da doğrultdu və bu əsərindən sonra tənqidçilər onun yazıçı kimi yetkinləşdiyini qeyd etdilər.

“Onların həyatı” romanı 1970-ci illərdə Milli Kitab Mükafatına layiq görüldü. Burda hadisələr 1930-1960-cı illər arası qaradərililərin yaşadığı, günbəgün cinayətkarlığın artıdğı, narkotiklərin və irqi-sinfi ayrı-seçkiliyin tüğyan etdiyi Detroyt şəhərindən bəhs edir.

Outs ömrünün bir hissəsini bu şəhərdə keçirmiş və əsərin bir neçə baş qəhrəmanı müəllifin tanıdığı, gerçək insanlardır.
Joyce Carol Oates, 2005
Joyce Carol Oates, 2005

Həmin ildən başlayaraq yazıçı ildə ortalama iki kitab çap etdirir ki, bunun da böyük əksəriyyəti romanlar olur.

Onu daha çox kasıb kənd əhalisinin həyatı, seksual zorakılıq, sinfi ziddiyyətlər, hakimiyyət hərisliyi, qadının uşaqlığı və gəncliyi bəzən də fövqəladə hadisələrdən bəhs edən mövzular maraqlandırırdı.

Zorakılıq Outsun öz əsərlərində daim toxunduğu mövzulardandır. Bu, tənqidçilərin ən çox diqqətini cəlb edən problem idi və bu axırda Outsu öz əsərlərini müdafiə edən “Niyə əsərlərinizdə zorakılıq belə çoxdur?” essesini yazmağa vadar etdi.

O özünü sadə bir cümlə ilə müdafiə edirdi: “Mənim əsərlərimi yazdığım dövrlər o qədər gərgin idi ki, sanki bədənimə elektrik cərəyanı yerdilib”.

60-cı illərdə yolları qoşalaşan Apdayk və Outs sonradan bir-birindən uzaqlaşdılar. Apdayk sarkazm, yumor dolu əsərlər yazarkən, Outs sevincini, fərəhini dolu-dolu biruzə verməyi sevməyən birisi idi.

Sonrakı on ildə hər iki yazıçı uzun sürən durğunluq dövrü yaşadı. Outs yeni kitabları ilə bağlı tənqidçilərdən xeyli acı, əsassız ittihamlar eşitdi, deyirdilər ki, güya müəllif konfliktləri bəsitləşdirir, bir-birinə oxşar surətləri əsərlərində təkrar-təkrar canlandırır, şablon bədii təfəkkürlə düşünür və bütün bunları yalnız və yalnız orta təbəqədən olan kasıb amerikalıların sevgisini qazanmaq üçün edir.

Lakin bu da var ki, Outs həqiqətən lazım olandan sürətlə yazırdı. Onun yaradıcı məhsuldarlığı elə yaradıcılığa başladığı gündən dillərdə gəzir. 1978-ci ildə o Sirakuz Univerisitetində tələbə yoldaşı olmuş Robert Filipsə “Paris Review” jurnalı üçün verdiyi müsahibəsində bir romanı bitirib nəfəsini dərmədən, ikincisinə başladığı haqqında gəzən söz –söhbətə aydınlıq gətirərkən, bu şayiələri inkar etmir və bildirir:

“Mən hələ orta məktəbdə oxuyarkən yazmağa başlamışam, məşq üçün şüurlu şəkildə romanlar yazıb bitirər-bitirməz zibil qabına atmışam. Lakin romanın həcmi mənim üçün heç vaxt dəyər olmayıb”.

Daha sonra o, Filipsə deyir:

Məhsuldarlıq nisbi məsələdir. Bunun yazıçı üçün nə isə ifadə edəcəyini düşünmək axmaqlıq olardı. Amma mühüm olan bir şey varsa o, da yazıçının maraqlı kitablar yazmasıdır.

Bəlkə gənc yazıçıların müəyyən mövqeyə sahib olması üçün xeyli şey yazması lazımdır, ya da bir şairin şeirlərinin dillərə düşməsindən öncə minlərlə şeir yazması gərəkdir.

Hər bir növbəti kitab yazıçının təcrübə bazasını daha da şişirdən və ona sanki yalnız yazmaq üçün doğulduğunu hiss etdirən bir şeydir.

Mən səhərdən oturub ara vermədən yaza bilərəm. Bu mənim oturub nə isə işlə məşğul olmağım demək deyil, bu sadəcə gündəlik həyatımı yaşamağımdır”.

1981-ci ildə Outs kəskin sosial toqquşmalarla dolu “İşıq Mələyi” romanını çap etdirir və onun ədəbi iflasına sevinən rəqiblərinin tələsik qərar verdiyini göstərir.

Bununla o, yazıçının yaradıcılığa verdiyi uzun aralarda cəmiyyətdəki aktual problemləri yenidən dəyərləndirdiyi mifini bir daha təsdiqləyir.

Bu romanda faciəvi olduğu qədər Amerika məişətinin adi gerçəkliyindən bəhs olunur: kənardan bədbəxt hadisə kimi görünən, siyasi motivli bir qətl baş verir, öldürülənin uşaqları, qatilin öz anaları olduğundan xəbərsiz, intiqam almağa qərar verirlər.

Outsun əvvəlki əsərlərində də amansızlıqla üzləşsək də, bu romanda o sanki yarı ağlını itirmiş aləmdən həzz alır.

Romanın əsas qayəsi ağrılı hadisələrin baş verdiyi amerikan cəmiyyətində fərdlərin ictimai əxlaqı və borc hissinin təsiri ilə məhkumluq qorxusunu aşıb, günahlarını etiraf etməsidir.

80-ci illərin əvvəllərində Outs qotik və dəhşət janrında hekayələr yazmağa başlayır: o özü bu stilə müraciət etməsini “Kafkanın təsiri” və Ceyms Coysla “yazıçı bağları” hiss etməsi ilə izah edir.

Outsun uzun hekayələrindən daha çox qısa hekayələri məşhurdur. Onun kiçik hekayələrinin sayı yüzlərlədir. Kiçik hekayələri ilə o bir neçə dəfə O”Henri və Rea adına nüfuzlu mükafatlar alıb.

Yazıçı bu hekayələrində oxucuya gerçəklik hissini ustalıqla aşılayır. Sanki onun qələminin dəydiyi hər yerdə surətin duyğu və hissləri canlanır. Outs hekayə yaradıclığı haqqında belə danışır:

“Görəsən, yazmaq sənətinə, ya da bu qabiliyyətə ürəkdən vurulmaq necə bir hissidr? Yazmaq istəyinə təkan verən ən təməl qüvvə (insanlara, təbiətə, hadisələrə) vurulmaq necə bir şeydir? Bu, əxlaqi ölçülərə (ya da başqa ölçülərə) uyğun bir “sevgi” münasibətidirmi?

Bu “Sevgi”həyatın özülüdür, sənətkarın bu həyatın bir parçası olduğu üçün keçirdiyi minnətdarlıq duyğusunu ifadə etmə yoludur.

Həyatımı içinə alıb, əsirə çevirən yazmaq sevgimin dərinliklərində, əslində uşaqlığımdan gələn oxumağa müdhiş bağlılıq yatır. Yəni, yazmağa başlamazdan öncə oxuduqlarımdan doğan, böyüklərin dünyasında adına ironiya dediyimiz hər cür xəyal məhsulu məndə uşaqlara xas bir “Möcüzələr Diyarı” təsiri yaratmışdı”.

Başqa bir essesində içindəki yazmaq yanğısından belə danışır:

“Otuz ildən artıq vaxt ərzində dörd yüzə qədər hekayə yayınlamışam, bu rəqəm mənim özümü də ən az başqaları qədər təəccübləndirir. Hər zaman məni yazmağa səsləyən, insanı, təbiəti, hansısa hadisəni onun mahiyyətinə enerək, çətin başa gələn təsvirlərlə əbədiləşdirmək kimi istəklər olub. Buna bir səbəb də uzaqlarda dayanıb məni izləyənlərin “yaşadıqlarıma şahidlik etməsi”, bənzər talelərin və həyatların hər yerdə mövcud olmasını göstərmək arzumdur. Çünki bizi bir-birimizə bağlayan şeylər ən başlıca təcrübələrimiz – hisslərimiz – instinklərimizdir ki, bunların çox qarışıq da olsa bir ifadə dili yoxdur”.

Outsun hekayələrində mövzu nə olursa olsun, hər gün hər kəsin başına gələ biləcək hadisələrdir, bizim gündəlik həyatımızda yaşanan, çox adi, hər kəs tərəfindən bilinən hadisələrdir.

Bircə fərq ordadır ki, müəllifin qorxuya, amansızlığa, zorakılığa düşkünlüyü onun artıq bir neçə əsərini oxuduqdan sonra gün kimi ortaya çıxır.

O sanki bizim düşünüb dilə gətirə bilmədiklərimizi, düşünməyə belə çəkindiklərimizi hekayələrində rahatlıqla, adi şeymiş kimi təsvir edir.

Onun amerikan cəmiyyətində hörmət qazanmasının kökündə cəmiyyətdəki cinsi toqquşmalar, qadın-kişi rolları, feminizmə sıxlıqla yer verməsi, bəzənsə hər iki cinsə tərəfsiz mövqedən baxması dayanır.

Əslində o bu gün Amerikada yazarların sıx-sıx müraciət etdiyi və bir çox tanınmış amerikan yazarın ortaq mövzusu olan, cəmiyyətdəki ayrı-seçkilik və zorakılığın köklərini araşdırmaq və qınamaqla məşğuldur.

Outsun əsərləri xeyli sayda nüfuzlu mükafatlar: Millik Kitab Mükafatı, “The Pen” (Malamud) Mükafatı, Milli Humanitar Medal, Milli Kitab Tənqidi Dərnəyinin Mükafatını və son olaraq Pulitzer mükafatını alıb.

Artıq bir neçə ildir onu amerikan yazarlar arasında Nobel Mükafatına ən layiqli namizəd hesab edirlər.

Coys Kerol Outs 2003-cü illərdə verdiyi bir açıqlamada, onu oxumağa başlayan oxucunun ilk olaraq “Onların Həyatı” və “Sarışın” (2001-ci ildə Pulitzer Mükafatına layiq görülmüşdür) romanından başlamasını çox istədiyini, lakin sonradan bu siyahını uzada biləcəyini deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG