Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:03

«Tozsoran da aldılar, yenə süpürgəpulu yığmağı tərgitmədilər»


Arxiv - foto
Arxiv - foto
-
“Hər həftə monitorinq imtahanı keçirilir. Təkcə buna görə hər dəfə uşaqlardan 1 manat 50 qəpik yığılır. Bununla dərd bitsəydi, nə vardı ki... Hər ay süpürgəpulu, fondpulu... Tozsoran da aldılar, yenə süpürgəpulu yığmaq şakərlərindən əl çəkmədilər. Hələ testpulundan danışmıram. Test, kurikulum kitabları almaqdan bezmişəm. Günaşırı bu kitablara 15-20 manat verirəm”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edən Sumqayıt sakini Elnur Tapdıqovun iki övladından biri elə həmin şəhərdəki 15 saylı orta məktəbdə, digəri ona bitişik İstedad Litseyində təhsil alır. Ata deyir, tədris ili başlayandan hər həftə məktəbə pul yollayır:

VALİDEYN İCLASLARINA ATALAR GETSİN

“Hər həftə testpulu, hər ay süpürgəpulu... Sinifdə 24-26 uşaq varsa, hərəsindən 1 manatdan süpürgə pulu yığılırsa, görəsən müəllimlər bu qədər süpürgəni neynirlər? Dəfələrlə narazılıq etmişəm, müəllimlər deyirlər, bizlik deyil. Bilmək olarmı, bəs görəsən kimlikdir?”

Elnur Tapdıqov deyir, günahın bir ucu müəllimlərdədirsə, başqa ucunu elə valideynlərdə görmək lazımdır:

“Məktəbdə valideynlər komitəsi yaradıblar. O komitə hər sinifdən bir valideyn ayırır. Pullar həmin valideyn vasitəsiə yığılır. Qadınlar yığılırlar, biri deyir 5-dən yığaq, biri deyir 10-dan yığaq...”

Elnur Tapdıqovun təklifi də var. O, valideyn iclaslarına anaların yox, ataların yığılmasını təklif edir. Bununla da pul yığımlarının qarşısının alınacağına inanır. O, bu yaxınlarda başlarına gəlmiş bir əhvalatı da danışır:

BAŞINA BİR İŞ GƏLSƏYDİ, KİM CAVAB VERƏCƏKDİ...

“3-cü sinifdə oxuyan oğlumu müəllim məktəbin qarşısında sıradan çıxarıb evə yolalyıb ki, bu gün monitorinq imtahanı var, get 1 manat 50 qəpiyi gətir. Uşaq da dərsə girməyib, elə məktəbin qabağından qaça-qaça maşın yolunu keçib evə gəlib. Evdə nənəsindən başqa heç kəs olmayıb, nənədə də pul yox. Geri qayıdanda məktəbin həyətində təngnəfəs olub, yıxılıb. Müəllimə də deyib bu vəziyyətdə dərsdə otura bilməzsən, get evə. Uşaq halsız vəziyyətdə evə qayıdıb. Məktəbdə ilkin yardım da göstərməyiblər, böyrünə bir adam da qoşmayıblar. Getdim məktəbə, müəllimlərə dedim, bəlkə elə ikinci dəfə yolda halı dəyişəydi, maşnının altında qalaydı. Kim cavab verəcəkdi bizə?”

15 saylı orta məktəbin direktoru Xanəli Məmmədov bildirib ki, təhsil nazirinin bir neçə ay əvvəlki qərarından sonra məktəbdə pulyığımının qarşısı alınıb. O, valideynlər tərəfindən belə şikayətlərin daxil olmadığını bildirib. Direktor Elnur Tapdıqovu qəbul edib dinləyəcəyini, şikayətin araşdırılacağını deyib.
XS
SM
MD
LG