Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:42

Suriya üzrə konfrans: Danışıqlar «ağır» və «mürəkkəb» olacaq


İsveçrə,Suriya ilə bağlı beynəlxalq sülh konfransı
İsveçrə,Suriya ilə bağlı beynəlxalq sülh konfransı
-
Suriya konfransında Suriyanın müxalifət lideri al-Jarba hökumət qüvvələrinin tutulanlara işgəncə verməsi məlumatlarını araşdırmaq üçün beynəlxalq araşdırmaya çağırıb.

Al-Jarba prezident Assadi nasistsayağı müharibə cinayətlərində ittiham edib. O həmçinin tələb edib ki, Suriya hökumətinin konfransdakı nümayəndə heyəti hakimiyyətin verilməsi haqda beynəlxalq plana imza atsın.

Suriyanın informasiya naziri Omran al-Zohbi isə bildirib ki, “Assad getmir”.

Konfransda xarici işlər naziri al-Moallemin müxalifətçilərə “satqın” və “terrorçu” deməsi və təhqiredici ifadələrlə danışması Qərb diplomatlarının narazılığını doğurub.

Al-Moallem Ban Ki-moonun xahişini də rədd edib ki, çıxışını bir az qısaltsın.

Konfrans barədə Reuters yazır ki, tərəflərin çıxışları onların güzəştə az hazır olduqlarını göstərir.

***
İsveçrədə Suriya üzrə beynəlxalq konfrans başlanıb. Konfransın məqsədi 3 ildir ki, davam edən Suriya münaqişəsinə son qoymaqdır.

Konfrans iştirakçılarına müraciət edən BMT Baş Katibi Ban Ki-moon deyib ki, münaqişənin həllinə çox çətin sınaqlar var, ancaq “yeni başlanğıca” imkan da var.

“Biz hamımız bilirik ki, bu yerə gəlib çatmaq nə qədər çətin olub. Biz əhəmiyyətli vaxt itirmişik. Bizim qarşımızda çox çətin sınaqlar var. Bununla belə, sizin burda iştirakınız ümidləri artırır”.

KƏNAR OYUNÇULARA XƏBƏRDARLIQ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə danışıqların sadə və tez olmayacağını düşünür. Lavrov konfrans iştirakçılarının çiyinlərinə münaqişəyə son qoymaqda çox böyük məsuliyyət düşdüyünü də vurğulayıb.

Lavrov həmçinin qıraqdan siyasi dəyişiliyin mümkün olmadığı haqda xəbərdarlıq edir.
“Biz hesab edirik ki, bütün kənar oyunçular suriyalıların yekun razılığa gəlməsinə çalışacaqlar, heç bir tərəf əvvəlcədən müəyyən etdiyi razılığa gəlinməsinə çalışmayacaq, danışıaqları pozan digər addımlara yol verilməyəcək”.

Lavrov İranın iştirakı məsələsinə də toxunub. O deyib ki, Suriya məsələsində İran beynəlxalq dialoqun iştirakçısı olmalıdır.
John Kerry (solda) və Sergey Lavrov Suriya konfransı ərəfəsi
John Kerry (solda) və Sergey Lavrov Suriya konfransı ərəfəsi

Lavrov bununla BMT Baş katibinin İranın konfransa dəvətini geri götürməsinə işarə edib.

Suriya konfransı başlanan gün İran prezidenti Rohani deyib ki, Suriya üzrə sülh danışqlarının uğuruna böyük ümid bəsləmir.

ABŞ Dövlət katibi John Kerry də Suriya üzrə konfransdakı müzakirələrin mürəkkəb və çətin olacağını düşünür.

ASSADA YER YOXDUR

Kerry hesab edir ki, Bashar Assadin keçid hökuməti ilə birgə hakimiyyətdə qalmasına heç bir yol yoxdur.

“Biz yalnız bir yol görürük. Qarşılıqlı anlaşma ilə keçid hökumətini razılaşdırmaq. Qarşılıqlı razılaşma ilə yaradılan keçid hökuməti odur ki, hər hansı tərəfin etirazı olan kəs bu hökumətə daxil olmayacq. Bu o deməkdir ki, Bashar Assad keçid hökumətində ola bilməz”.

Suriyanın xarici işlər naziri Valid al-Moallem isə deyir ki, Bashar Assadin hakimiyyətdən getməsini yalnız Suriya xalqının özü müəyyən edə bilər. Buna xalqdan başqa heç kimin haqqı yoxdur.

Al-Moallem Suriya müxalifətini “satqın” və “xarici agentlər” adlandıraraq beynəlxalq aləmi Suriyaya silah göndərməklə terrorizmi himayə etməməyə çağırıb.

Al-Moallem Rusiyaya minnətdarlığını bildirib və deyib ki, Rusiya Suriyanın həqiqi dostudur.
Al jarba
Al jarba

Suriya müxalifətinin Milli Koalisiyasının lideri Ahmad al-Jarba isə deyib ki, Assadin hakimiyyətdə qalmasından söhbət gedə bilməz. O, Assad hökumətini Əl-Qaida yaraqlılarını müdafiə etməkdə ittiham edib.

Suriyanın üsyançı yaraqlıarını dəstəkləyən Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Saud al-Faisal isə bütün xarici qüvvələrin Suriyadan çıxarılmasına çağırıb. O deyib ki, Livanın Hizbollah qrupunun və İranın İnqilabi Qvardiyası yaraqlıları da Suriyadan çıxmalıdırlar.

“2-ci Cenevrə” adını alan indiki konfransda ilk dəfədir ki, Assad hökuməti və müxalifət bir masanın arxasında görüşür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG