Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:58

«Oğlumun qətlini ört-basdır etmək istəyirlər»


Foto: Arxiv
Foto: Arxiv
-
Qaxın Lələli kənd sakini Aydın Süleymanov “Qaynar xətt”ə yerli prokurorluqdan şikayət edir. Narazılığı ondandır ki, 2010-cu ilin iyun ayında 26 yaşlı oğlu Elvin aldığı xəsarətlərdən xəstəxanada ölüb. Ancaq cinayət işinin istintaqı hələ də uzanır. Ölümə səbəb olanlar cəzasız qalıb:

“Oğlumun təkcə başında 70 xəsarəti vardı, döyüb gətirib həyətin küncünə atmışdılar. Xəstəxanada bir neçə gün komada qaldı. Beyin sümüyünə qədər sındırmışdılar. Xəstəxanada keçindi. 3 ildir istintaq gedir, ancaq ortada bir yenilik yoxdur”.

"ÇAĞIRIRLAR, DİNLƏYİRLƏR, YOLA SALIRLAR"

Ata deyir, oğlumun ölüm faktı ilə əlaqədar Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə yox, bədənə xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb. O da bu yaxınlarda:

“Neçə dəfə cinayət işini bağladılar, mən şikayət etdim, təzədən açdılar. Özü də bədənə ağır xəsarətyetirmə maddəsi ilə. Mən bu maddənin qəsdən adamöldürmə maddəsinə dəyişdirilməsi üçün dəfələrlə prokurorluğa müraciət etsəm də, heç nəyə nail ola bilmirəm. Baş prokurorluğa da müraciət etmişəm. Çağırırlar, dinləyirlər, deyirlər narahat olma, yola salırlar”.

2013-cü ildə ata növbəti dəfə Baş Prokurorluqda qəbulda olub. Cinayət işinin rədd edilməsi qərarından narazılığını bildirib. Bu dəfə yenə cinayət işi üzrə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb.

İSTİNTAQ NƏZARƏTDƏDİR

Qax rayon prokurorluğundan “Qaynar xətt”ə bildirdilər ki, 2012-ci ilin fevral ayında 29 yaşlı Elvin Süleymanovun ölüm işi ilə əlaqədar Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb. İş üzrə dindirmələr, üzləşdirmələr, baxış və digər istintaq hərəkətləri aparılıb, rayon polis şöbəsinə əməliyyat tapşırıqları verilib, məhkəmə-tibb ekspertizaları təyin edilib və müvafiq rəylər alınıb. Ancaq təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən etmək mümkün olmadığından cinayət təqibi üzrə icraat dayandırılıb. Ötən ilin yanvar ayında qərar ləğv edilib, icraatın təzələnməsi haqqında yeni qərar çıxarılıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
XS
SM
MD
LG