Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:22

Sahibkarlar 2013-cü ili necə xatırlayacaqlar?


İlham Əliyev
İlham Əliyev
-
«Hər rayonun öz büdcəsi var. Dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan vaxtaşırı vəsait ayrılır. Bu vəsaitlə iş görmək lazımdır, sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Kim istəyir yardım etsin, amma bəzi hallarda onları məcbur edirlər, sahibkarlar böyük həcmdə xərc çəkirlər, sonra da pullarını vermirlər. Belə olmaz. Sahibkarları incidənlər cəzalandırılacaq».

2013-cü il Azərbaycan prezidentinin bu xəbərdarlığıyla başlamışdı. İlham Əliyev həmin xəbərdarlığı 2013-cü ilin əvvəlində, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının 4-cü ilinin yekunlarına həsr olunmuş müşavirədə «Sahibkarları incidənlər cəzalandırılacaq» sözlərini vurğulamışdı. Prezidentin bu çıxışı ilə başlayan 2013-cü il daha sonra necə davam edib? Sözügedən xəbərdarlıqdan sonra sahibkarların problemləri nə dərəcədə çözülüb?

Salyan rayonundan bir neçə sahibkarın ilin sonunda prezidentə yazdıqlarından problemlərin heç də bitmədiyi görünür. Sahibkar İlqar Abdullayevin prezidentə ünvanladığı məktubda deyilir ki, rayonda bayraq meydanının tikintisini aparan «Tikinti-Təchizat-Dizayn» MMC onlardan 9 min 300 manatlıq tikinti materialı götürsə də, bugünədək həmin pulu ödəməyib.

Sahibkarın AzadlıqRadiosuna dediyinə görə, bu barədə əvvəlcə rayon icra hakimiyyətinə yazıb. Ordan səs çıxmadığını görüncə də prezidentə yazıb. Müraciətə hələ də cavab gəlməyib:

«7-8 aydır pulumuzu ala bilmirik. Deyirlər, sizin icra hakimiyyətinizin bizə verəcəyi var. Onu versinlər, biz də sizin pulunuzu verək. Sonuncu dəfə bir-neçə gün əvvəl dedim ki, prezidentə müraciət edəcəyəm, dedilər hara müraciət edirsən-et».

İlqar Abdullayev bir məqamı da heç cür anlamadığını bildirir. Onun sözlərinə görə, bayraq meydanının tikintisinə büdcədən milyon yarım manat ayrıldığı halda sahibkarlardan bu işə pul və tikinti materialı alınmasını anlaya bilmir.

«YERLİ MƏMURLAR PREZİDENTİ DƏ ALDADIBLAR, BİZİ DƏ...»

Eyni problemlə üzləşən başqa bir sahibkar – Mehman Kərimov da prezidentə üz tutaraq, sözügedən şirkətdən 7 min 800 manatın alınmasında ona kömək etməsini istəyib.

«Tikinti-Təchizat-Dizayn» MMC-nin iş icraçısı Ruslan Abbasov sahibkarlardan tikinti materialları aldıqlarını təsdiqləyir. Amma deyir, həmin materialları özləri üçün yox, bayraq meydanına görə götürüblər.
Salyanda Bayraq Meydanının tikintisi
Salyanda Bayraq Meydanının tikintisi
İcra hakimiyyəti gördükləri işin pulunu vermədiyi üçün onlar da sahibkarlara borclu qalıblar:

«Yerli məmurlar prezidenti də aldadıblar, bizi də. Prezidentə məruzə ediblər ki, guya bayraq meydanının layihəsi rayon icra hakimiyyətinə məxsusdur və Venesiyada olan bir parkla eynidir. Halbuki, həmin layihəni bizim sifarişimizlə Moskvada hazırlayıblar».

Bu kimi hallar İmişli rayonunda da baş verib, amma prezidentin fevral xəbərdarlığından sonra sahibkarlardan alınan pullar geri qaytarılıb.

2013-cü ilin 10 ayı boyunca regionlarda abadlıq və quruculuq işlərinin aparılmasına prezidentin ehtiyat fondundan 275 milyon manata yaxın vəsait ayrılıb.

«PROBLEM 2013-CÜ İLDƏ DƏ HƏLLİNİ TAPMADI...»

«Biz iyun ayında yükün buraxılması ilə bağlı məhkəməyə müraciət etdik. Müraciətdən sonra məlum oldu ki, iş istintaqa göndərilib, daha sonra cinayət işi açılıb və araşdırma gedir. Nə fikirləşirsiniz, prezidenti aldadan bizi aldatmayacaq? Bizi də aldadırlar, pullarımızı vermirlər».

Sahibkar Ədalət Abbasov biznes şəriki ilə 2012-ci ilin əvvəlində üzləşdiyi problemi 2013-də də həll edə bilməyib. O, 2012-ci ilin yanvarında Türkiyədən gətirdiyi 5 maşın plastik boruya 2 ildir ki, sahib dura bilmir. AzadlıqRadiosu da bir neçə dəfə bu problemə toxunub. Yarım il boyunca müxtəlif dövlət qurumlarına çoxsaylı müraciətlərinin, get-gəllərin nəticəsiz qaldığını görən sahibkar problemi məhkəmədə çözməyə çalışıb. Amma məhkəmədən də bir nəticə hasil olmayıb.
Foto: Arxiv
Foto: Arxiv

Gömrük Komitəsində boruların qiymətinin sənədlərdə bilərəkdən ucuz göstərildiyi bildirilib. İş əvvəlcə Sumqayıt Baş Gömrük İdarəsində araşdırılıb, sonra Dövlət Gömrük Komitəsinin istintaq idarəsinə verilib:

«Mən hər maşına 7 min 200 manat dövlət rüsumu ödəmişəm, amma deyirlər ki, hər maşın üçün 15 min 600 manat ödəməlisən. Özü də buna görə heç bir rəsmi sənəd verilmir. Mənə rəsmi sənəd verilsə, həmin pulu ödəyərəm. Onlar pulu nağd istəyirlər. Mənim də sənədsiz o pulu vermək fikrim yoxdur. Gömrük Komitəsinin sədri Sumqayıtda şikayətçiləri qəbul edəndə ona bu məsələni çatdırdım, tezliklə həll olunacağını bildirdisə də, məsələ yerindən tərpənməyib».

Ədalət Abbasov deyir ki, qarşı tərəfin istədiyi ödəniş rəsmi sənədlərdə öz əksini taparsa, həmin məbləği ödəməyə razıdır. Sahibkarın sözlərinə görə, vergiyə hesabat zamanı ödənilən artıq pulu geri götürmək mümkün olduğundan o bu məsələdən narahat deyil.

Razılaşma alınmadığından sahibkara məxsus 5 maşın plastik boru iki ildir Xırdalanda açıq havada – mühafizə olunmayan bir ərazidə saxlanır...

Ədalət Abbasov üzləşdiyi problemi bu sahənin inhisara alınması ilə izah edir. Onun fikrincə, bu yolla onları həmin sahədən uzaqlaşdırmaq istəyirlər.

Gömrük Komitəsindənsə hər dəfə işin araşdırıldığı və yekunda məlumat veriləcəyi bildirilir.

Ədalət Abbasov bu işlə bağlı araşdırma aparıldığına da inanmır. O deyir ki, iki il nə onu istintaqa çağıran olub, nə də heç plastik boruların saxlandığı yerə baş çəkən.
İlham Əliyev Tovuz süd emalı zavodunun açılışında
İlham Əliyev Tovuz süd emalı zavodunun açılışında

«ARASH» ÜÇÜN İL UĞURLU KEÇİB

«ARASH» tibb şirkətinin sahibi Cavid Əsədov 2013-cü ildə heç bir problemlə üzləşmədiyini, əksinə, ili uğurla başa vurduğunu söyləyir:

«Biz tibbi avadanlıq satırıq. Bu il ölkədə nə qədər tibbi müəssisə açıldığını, neçə müəssisənin təmir olunduğunu gördünüz. Həmin tibb müəssisələrinə yeni kadrlar cəlb olundu».

Cavid Əsədov nikbindir, hətta çatışmazlıqlara da həyatını maraqlandıran bir element kimi baxır.

Sahibkarlığa Kömək Milli Fondu ölkədə sahibkarlıq mühitini müsbət dəyərləndirir. Fondun internet səhifəsində bildirilir ki, 40 soyuducu, 24 taxıl anbarı, 38 quşçuluq müəssisəsi, 16 heyvandarlıq kompleksi, 7 süd emalı, 12 konserv, 25 çörək zavodu açılıb. Bundan başqa 71 hektar istilikxana yaradılıb.

Fondun məlumatına görə, 2013-cü ilin 9 ayı ərzində sahibkarlara sıfır faizlə 245 milyon 198 min manat kredit verilib.

Qeyd olunur ki, həmin kredit hesabına sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, xidmət sahələrinin inkişafı ilə bağlı 3 min 527 layihə maliyyələşdirilib və nəticədə 10 min 168 iş yeri açılıb.
XS
SM
MD
LG