Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:03

Bağçalar 10 il vergidən azad olunur


Milli Məclis
Milli Məclis
Körpələr evləri, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014 cü ilin yanvarın 1 – dən 10 il müddətinə mənfəət və sadələşdirlmiş vergidən azad olunur.

Milli Məclis dekabrın 27-də Vergilər Məcəlləsinə bununla bağlı dəyişiklikləri qəbul edib.

Ziyad Səmədzadə bildirib ki, ölkədəki 1-5 yaşlı uşaqların 15 fazi bağçalara gedir:
“Ölkədə ciddi bağça çatışmazlığı var. Bu dəyişiklik özəl şirkətləri bağça tikməyə həvəsləndirəcək. Hazırda ölkədə 40 özəl bağça var. Sahibkarları bu sahəyə sərmayə qoymağa çağırıram”.

Aytən Mustafayeva bağçalarda vəziyyətin həddən artıq pis olduğunu deyib:
“İstilik bərbad vəziyyətdədir, mən hətta Nəsimi rayonundakı bağçanın birində isti üst geyimi ilə bir saat otura bilmədim, soyuqdan dondum. Ona görə bu məsələyə ciddi nəzarət etmək lazımdır”.

Siyavuş Novruzov da uşaq bağçalarında vəziyyətdən narahatlığını bildirib. O deyib ki, rayonlarda uşaq bağçaları anlayışı ortadan çıxır:

“Amma təhsil qanununa görə, uşaqlar orta məktəbə bağçadan gəlməlidirlər”.
Millət vəkili özəl baxçaların da çox baha olduğunu bildirib:

ƏVVƏLCƏ GÜZƏŞT, SONRA QİYMƏT

“Bağçalara elə bir qiymət qoyublar ki, ailənin bütün üzvləri işləsə belə, uşağını bağçaya qoymaq üçün yetərli deyil. Elə bağçalar var ki, 700 manatdan 1000 manatadək dəyişir. Amma nəzərdə tutulan güzəştlər həmin özəl bağçalara da şamil olunur. Əgər bu güzəştlər kimlərinsə cibinin doldurulmasına xidmət edirsə və bundan sonra qiymətlər enməyəcəksə, onda bu dəyişikliyinin elə bir mənası yoxdur”.

Oqtay Əsədov isə bildirib ki, bu yeni məsələdir və gəlin bağçalara dəstək verək və sonra onlardan qiymətləri endirməyi tələb edək.

İclasın sonunda parlament adından prezident İlham Əliyevə Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni il münasibəti ilə bağlı təbrik göndərilib. Bununla da Parlamentin qış sesiyasının son iclası başa çatıb.

BANK ƏMANƏTÇİLƏRİNƏ YENİ GÜZƏŞTLƏR

Milli Məclisin dekabrın 27-də keçirilən iclasında “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” qanun layihəsini qəbul edib.

Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, layihəni qanunvericilik təşəbbüsü ilə Milli Məclisə prezident İlham Əliyev göndərib.

Layihəyə əsasən banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər 2014-cü ilin yanvarın 1-dən bir il müddətinə gəlir vergisindən azad edilib.

Z.Səmədzadə əhalinin banklarda 6 milyard manatdan çox əmanəti olduğunu bildirib:

“İl ərzində 600 milyon manat gəlir götürülür. Fiziki şəxslərin əmanətləri üzrə ödənilən fazilərin gəlir vergisindən azad edilməsi ilə 50-60 milyon manat vəsait əhalidə qalacaq”.

Milli Məclis layihəni qəbul edib.

----
Milli Məclisin dekabrın 27-də keçirilən iclasında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) müdafiə nazirlikləri arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında saziş təsdiq edilib.

2003-cü ildə ABŞ və Azərbaycan müdafiə nazirləri arasında müqavilə imzalanıb. Bu ilin dekabrında müqavilənin müddəti başa çatır.

Deputatlar müqavilənin daha 5 il uzadılmasına səs veriblər.
-----

Polis tutduğu və ya həbs etdiyi şəxsə onun harda saxlandığı barədə məlumat vermək üçün dərhal yaxın qohumları ilə əlaqə saxlamağa imkan yaratmalıdır.

Milli Məclis dekabrın 27-də “Polis haqqında” qanununda dəyişiklikləri qəbul edib.
Qanunun 23-cü maddəsinin 5-ci bəndinə edilən dəyişikliyə görə polis tutduğu və ya həbs etdiyi şəxsə onun harda saxlandığı barədə dərhal yaxın qohumları ilə əlaqə saxlamağa imkan yaratmalıdır.

“Polis haqqında” qanuna edilən digər dəyişikliyə görə, Cinayət-Prosessual Məcəlləsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunda müəyyən edilmiş hallarda və müddətlərdə tutulmuş və ya həbs edilmiş şəxs müvəqqəti saxlama yerində saxlanmalıdır.

HƏBS VƏ CƏZAÇƏKMƏ YERLƏRİNDƏ ƏMƏLİYYAT-AXTARIŞI KİM KEÇİRƏ BİLƏR?

Milli Məclis “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna edilən dəyişiklikləri də qəbul edib.

Dəyişikliyə görə, həbs və cəzaçəkmə yerlərində əməliyyat-axtarışı həmin müəssisələrinin müdiriyyəti həyata keçirir. Bundan başqa müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə əməliyyat-axtarış fəaliyyətini həbs yerləri və ya cəzaçəkmə müəssisələrinin müdiriyyəti ilə birgə həyata keçirirlər”.

Bu qanunlara edilən dəyişikliklərdən irəli gələrək Cinayət-Prosessual Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsində də dəyişiklik edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, həbs yerdə saxlanılanlarla bağlı xüsusi qanun var.

“Bütün postsovet ölkələrində tutulma, həbsə alma xüsusi problemdir. Artıq 2 ildir ki, Azərbaycanın Avropa standartlarına cavab verən qanunu mövcuddur. Bu qanunun hazırlanması zamanı ATƏT məsləhət versə də, qanun milli ekspertlərimiz tərəfindən hazırlanıb”.

“POLİS SÜBUT EDƏ BİLMİRDİ Kİ...”

Əli Hüseynli daha sonra deyib ki, indiyə qədər həbslər həyata keçiriləndə bəzən iddia olunurdu ki, şəxsə işgəncə veriblər, təzyiqlər göstərilib:

“Polis isə işgəncə vermədiyini sübut edə bilmirdi. Ancaq bu dəyişiklik imkan verəcək ki, şəxs saxlanıldığı andan vəkillə təmin olunsun, eləcə də onun həkim müayinəsindən keçirilməsi təmin ediləcək. Belə bir müayinə də gələcəkdə əsassız işgəncə iddiaların qarşısını alacaq”.

Deputat Zahid Oruc deyib ki, burada söhbət hansısa dövlət orqanlarının səlahiyyətinin azaldılmasından və başqasına verilməsindən getmir.

Son qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

-----
Dekabrın 27-də Milli Məclis “Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna edilən dəyişikliyə baxılıb. Və bu vəsiqələrin verilməsi müddəti bir qədər uzadılıb.

Dəyişiklik 2011-ci il dekabrın 30-da qəbul edilib.

Parlamentin Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən 2014-cü ilin yanvarın 1-dən Azərbayacvanda Avropa standartlarına uyğun yeni pasportların verilməsinə başlanılmalı idi. Amma bəzi texniki məsələlər yarandığından müddət uzadılıb.

“Hazırda Daxili İşlər Nazirliyi bu məsələ üzərində işləyir. Amma bir sıra maddi və texniki problemlər olduğundan DİN qanunun 2014-cü ilin yanvarın 1-dən deyil, 2015-ci il dekabrın 1-də qüvvəyə minməsini təklif edib. Bəzi məsələlərin həlli üçün bu vaxtın uzadılmasına ehtiyac var”.
Müzakirələrin yekunu olaraq qanuna dəyiliklik barədə qərar qəbul edilib.

-----
“Fikrimcə, ATƏT Minsk bürosu nədirsə, Varşva bürosu da odur. Mən açıq deyirəm ki, onlar casus şəbəkəsidirlər”.

Bunu dekabrın 27-də Milli Məclisdə çıxışı zamanı deputat Zahid Oruc ATƏT-in Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı yekun hesabatına münasibət bildirərkən deyib.

Millət vəkili Azərbaycan dövlətini ATƏT-in Varşa bürosu ilə əməkdaşlıqdan imtina etməyə çağırıb:

“Bu bizə ziyan gətirməyəcək, əksinə mən deyirəm bunun bizə xeyri olacaq”.

BİNƏDƏ FEODAL QAYDALARI

Deputat Binə ticarət mərkəzində yanğınlara da toxunub. O, bu yanğınların texniki məsələyə oxşamadığını deyib:

“Bu cür qurumlarda açıq-aşkar hüquqsuzluq, sanki feodal qaydalar hökm sürür. Heç bir qanun işləmir. Buradakı iş şərtləri, az qala, gündəlik dəyişir. İqtisadi İnkişaf Nazirliyi həmin mərkəzdə araşdırma aparsın və cənab prezidentə məlumat versin”.

“DÜNYANIN HEÇ YERİNDƏ BELƏ QİYMƏT YOXDUR”

Çingiz Qənizadə şəhərdə tıxac probleminin həlli üçün yeraltı dayanacaqlar tikilməsinə toxunub:

“Bu dayanacaqlar tıxacların aradan qaldırılmasına yönəlsə də, bu dayanacaqlarda qiymətlər çox bahadır. Şəhər mərkəzində 6 saatdan yuxarı saxlamaq üçün 6 manat ödəmək lazımdır. Deməli, ayda 150 manat yalnız maşın dayancağına pul verilməlidir. O ərazidə yaşayan insanlar, ümumiyyətlə hər günə 10 manat, ayda 300 manat ödəməli olacaqlar. Dünyanın heç yerində belə qiymətlər yoxdur. Dövlətin siyasəti nəticəsində dayanacaqlar tikilib istifadəyə verilib. Amma kimlərsə bundan qazanc yeri kimi istifadə edir”.

“DAYANACAQLAR BOŞ QALANDA...”

Oqtay Əsədov isə dayanacaqların idarə olunmasının özəl qurumlarda olduğunu bildirib:

“Dayanacaqlar boş qalanda, məcbur olub qiyməti aşağı salacaqlar, bu, özü tənzimlənməlidir”.

“HƏMRƏYLİYİ ƏMƏLLƏ GÖSTƏRMƏK LAZIMDIR”

İqbal Ağazadə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı fikir səsləndirib:

“Siyasi məhbuslar Qurban Məmmədov 3 il azadlıqdan məhum olunub. Onun üzünə duran şəxs guya əlil idi. Amma jurnalistlər araşdırıblar, video çəkiblər ki, o, əlil deyil. Yadigar Sadıqov guya kiməsə fiziki işgəncə verdiyinə görə 7 il iş verdilər. İşdə heç bir həkim rəyi yox idi. Yaxud İsmayıllı hadisəsinə görə həbs olunanlar, NİDA-çıların işləri də eyni vəziyyətdədir. İsmayıllı hadisələrində yanğının qarşısını alan bir şəxi də həbs edib iş veriblər. Halbuki həbsdən əvvəl polisə yardım etdiyinə görə ona təşəkkür edilib. Dünya Azərbaycanlılarının həmrəylik günü ilə bağlı bu insanalar əfv olunsa yaxşı olar. Sözdə həmrəylikdən danışılıq, bunu əməldə də göstərmək lazımdır”.

“BİR AZ ÖZÜNÜZ DƏ HƏMRƏY OLMALISINIZ”

Oqtay Əsədov İqbal Ağazadəni həm vəkil, həm prokuror, həm də hakim kimi danışmaqda ittiham edib:

“Sən həmrəylikdən danışırsan, amma hansı müxalifət qəzetini açırsan, yalnız qızışdırıcı yazılar olur. Bir az özünüz də həmrəy olmalısınız”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG