XİN ABŞ Dövlət Departamentinə cavab verib. Bu barədə apa.az yazır. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-nın sorğusuna cavabında deyib:
“Məhkəmə hakimiyyətinin işinə və istintaqın gedişinə müdaxilə xarakterli bəyanatların səsləndirilməsi, cinayət işinin mahiyyətinin siyasiləşdirilməsi və siyasi fəaliyyətlə cinayət tərkibli əməllərin eyniləşdirilməsi yönümlü addımların atılması və məhkəmə orqanları tərəfindən fərqli qərarlar qəbul edilməsinə dair çağırışların edilməsi ilk növbədə Azərbaycan Respublikasının suverenliyinə hörmətsizlik əlaməti olaraq, tamamilə qəbuledilməz və əsassız hesab olunur və şantaj kimi qiymətləndirilir”.
İCTİMAİ PALATANIN RƏHBƏRLİYİ TOPLANDI
Bu barədə Müsavat qəzetinin 26 dekabr sayı yazır. Toplantı sonrası Müsavat başqanı İsa Qəmbər jurnalistlərə açıqlama verib:
“28 dekabr İctimai Palatanın yaranmasının üçüncü ildönümü tamam olur. Toplantıda ölkədəki və beynəlxalq vəziyyət haqqında fikir mübadiləsi aparıldı. ATƏT-in Azərbaycanda keçirilən 9 oktyabr prezident seçkiləri ilə bağlı yekun rəyi haqqında müzakirələr oldu. Rəydə də seçki sabahı -10 oktyabrda bildirilmiş prinsipial mövqe davam etdirilib. Yəni seçki məntəqələrinin 58 faizindən çoxunda səslərin pis, yaxud çox pis sayılması məsələsidir, digər seçki pozuntularıdır ki, hamısı yekun rəydə təkrar olunub. Bu, o deməkdir ki, beynəlxalq birliyin bu seçkilərə mənfi münasibəti davam etməkdədir”.
«ƏSAS İŞGƏNCƏ FAKTLARI «BANDOTDEL» VƏ MTN-DƏDİR»
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi 2013-cü ildə yol verilən işgəncə faktları ilə bağlı növbəti məlumatlarını açıqlayıb.
Bu barədə “Azadlıq” qəzetinin 26 dekabr sayı məlumat verir. Bildirilir ki, həmin məlumatlar komitəyə daxil olan 115 şikayət əsasında hazırlanıb.
Elçin Behbudov bildirib ki, il ərzində 5 ölüm hadisəsi qeydə alınıb ki, bu faktlar Milli Ordunun hərbi hissələrində baş verib. Bundan başqa, bir nəfərin polis bölməsində ölüm faktı qeydə alınıb. E.Behbudovun sözlərinə görə, əsasən hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində, polis bölmələrində, Nəqliyyat Nazirliyinin və SOCAR-ın təhlükəsizlik idarəsinin işçiləri tərəfindən işgəncələr və qeyri-insani rəftarla bağlı şikayətlər daxil olur.
GÖYGÖL RAYONU 2013-CÜ İL ÜÇÜN SƏNƏTKARLIQ PAYTAXTI ELAN OLUNUB
Bu barədə “Azərbaycan” qəzeti yazıb. Bildirilir ki, Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, ziyalılar, xalq sənətinin biliciləri iştirak edirdilər.
Bugünlərdə rayonda yekun toplantı keçirilib. Toplantıda qeyd edilib ki, dövlət tərəfindən xalq yaradıcılığının inkişafına böyük önəm verilir. Ona görə də mədəniyyət ocaqlarının fəaliyyətində bu istiqamət mühüm yer tutur və gündəlik işlərdə xalq yaradıcılığının inkişafına xüsusi diqqət yetirilir.
BAKI İSTİNTAQ TƏCRİDXANASINDA NİKAH
Bakı İstintaq Təcridxanasında nigah mərasimi gerçəkləşib. Bu barədə azertag.com məlumat verir.
Təcridxanada saxlanan Türkiyə vətəndaşı Sümer Yaşar Yücel ilə Xaçmaz rayon sakini Dilşad Osmanovanın nikahları bağlanılıb. Nikahı Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Bakı Nikah Evinin əməkdaşı qeydə alıb.