Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:24

«Microsoft» çəkini azaldan və xərçəngi aşkarlayan smart-büstqalter təklif edir


«Microsoft»un büstqalteri
«Microsoft»un büstqalteri
-
Büstqalteriniz çəkinizi azaltmağı bacarır? Bəs xərçəngi aşkarlamağı necə? Sizə hücum çəkənin qarşısını necə, ala bilər?

Alimlər bütün bunları bacaran «smart büstqalter» hazırlayıblar – telefon applikasiyalarından, Twitter və GPS-dən yararlanmaqla.

DUYĞULU HALLARA NƏZARƏT

Belə smart büstqalterlərdən biri sahibinin əhvalına göz qoyur və emosional durumda çox yeməyi azaltmaq üçün smartfon applikasiyası ilə ünsiyyət yaradır.

Çox yeməklə nəticələnən bütün emosional halları – stress, dilxorçuluq, yaxud darıxmaq kimi halları izləyən iki sensor ürəklə dərinin fəaliyyətinə nəzarət edir. Büstqalterin ön hissəsinin ortasına yerləşdirilən kompüter smartfon applikasiyası vasitəsilə ovqatı barədə məlumatı qadına ötürür – və onu, tutalım, şirniyyatdan uzaq tutur.

ABŞ-ın kompüter proqramları nəhəngi «Microsoft» bu layihə üzərində Amerika və Britaniya universitetlərinin alimləriylə işləyib. Sual oluna bilər ki, onlar niyə məhz büstqalterə üz tutublar? Bu yaxınlarda dərc edilən məqalədə tədqiqatçılar bu alt geyiminin ürəyin yaxınlığında elektrokardioqram siqnallarını toplamaq üçün «ideal» olduğunu bildiriblər.

DAHA BÖYÜK TƏDQİQATIN BİR HİSSƏSİ

Britaniyanın Sauthempton Universitetinin professoru Schraefel AzadlıqRadiosuna deyib:

«Bir məqsəd mövcud geyimlərdən yararlanmaqla sensorları örtməyin yolunu axtarmaq idi. Büstqalterin ön hissəsinə yerləşdirilən, ürək döyüntüsünü ölçən monitorlar var. Biz də bunu sınaqdan keçirmək istədik və «bəlkə biz də bənzər qurğu hazırlayaq?» deyə düşündük».

Bu qurğunu almaq istəyənlərə gəlincə, «Microsoft» bildirir ki, sensorlu büstqalteri satışa çıxarmaq planları yoxdur. Şirkət sözçülərindən biri AzadlıqRadiosuna deyir ki, büstqalter indiki tədqiqatın bir hissəsidir. Daha böyük tədqiqat «insanların əhvalına həssaslıq göstərən və ona uyğun reaksiya verən emosional texnikanın, qurğuların və xidmətlərin hazırlanması»nı hədəf götürüb.

ZORLAMAYA QARŞI BÜSTQALTER

Hindistanda üç tələbə bu ilin əvvəlində başqa bir ciddi mövzuya toxunub, «məişət, sosial və iş yerində qısnama»nın həllinə kömək məqsədilə alt paltarı hazırlayıblar. Beləcə, onlar «zorlamaya qarşı büstqalter» düşünüblər. Daha öncə Hindistanda baş verən zorlama halları ölkədə və bütün dünyada qəzəb doğurmuşdu.

Tvit göndərən büstqalter
Tvit göndərən büstqalter
Sahibi qurğunu işə salınca, təzyiq sensorları və elektrik sxemi işə düşür. Məlumata görə, arzuolunmaz hərəkətə qarşı 82-dək şok yaranır, GPS vasitəsilə rəsmilərə və qohumlara xəbər göndərilir.

Birləşmiş Ştatlardakı şirkətlərdən birinin döş xərçəngini ilkin mərhələdə aşkarlayan qurğunu satışa çıxarmaq planları var. Bu qurğu da idman büstqalterinə bənzər geyimə uyğunlaşdırılıb.

Nevadada yerləşən Reno İlkin Xəbərdarlıq Sistemləri şirkəti qurğunu bazara 200 dollara çıxarmaq fikrindədir. Bu qurğu şişin böyüyərkən qan damarının hüceyrə temperaturunda yaratdığı dəyişiklikləri ölçür.

TVİT GÖNDƏRƏNİ DƏ VAR

Döş xərçəngi ilə bağlı daha bir «smart büstqalter» Yunanıstanda yaradılıb. Burada «Nestle Fitness» və reklam şirkəti Twitter-ə bağlı büstqalter hazırlayıblar. Məqsəd döş xərçənginə dair maarifləndirmə işidir.

Büstqalter açılınca, tvitterə mesaj gedir: «Xanımlar, döşlərinizi yoxlatmağı unutmayın».

Yunanıstanın tanınmış siması Maria Bakodimou oktyabrda deyib ki, iki həftə boyunca həmin büstqalteri geyinəcək. O, reklam videosunda bunun səbəbini belə açıqlayıb:

«Bu büstqalter tvit göndərən ilk geyimdir. Hər dəfə qarmağı açanda, büstqalter tvit göndərərək qadınların yadına salır ki, döşlərini yoxlasınlar. Missiyamız həyatın xilası mesajını hər kəsə çatdırmaqdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG