Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:53

Qusarda alpinistlərə yarış keçirməyə imkan verilmədi


Foto: Arxiv
Foto: Arxiv
-
«Kəndirimizi kəsdilər, dedilər yarış keçirməyə imkan verməyəcəyik».

Bunu AzadlıqRadiosuna dekabrın 14-də Qusarın Ləzə kəndi yaxınlığında yarış keçirmək istəyən Alpinizm Federasiyasının üzvləri deyib.

Federasiyanın üzvü Emin Məmmədov bildirib ki, səhər saatlarında yerli icra nümayəndəliyinin işçiləri, bələdiyyə və İdman və Turizm Nazirliyinin işçiləri gələrək onlardan getmələrini tələb ediblər:

«Biz orda draytulinq – qayalara dırmanma üzrə kubok yarışı keçirməyi planlaşdırırıq. Qəfildən gəldilər, dedilər tədbir keçirməyinizə icazə verilmir. Biz dünəndən burada iş aparırdıq. Qayaları təhlükəli daşlardan təmizləmişik, kəndirləri asmışdıq. Hər şeyi alt-üst etdilər, məlum oldu ki, kəndirləri də kəsiblər».

Alpinistlər deyirlər ki, hazırda onları ərazidən uzaqlaşdırmaq üçün 10-dan artıq iri avtomobil gətirilib:

«Qarşımızı kəsiblər, bizi yarışın keçirilməsi üçün nəzərdə tutulmuş qayalıqlara buraxmırlar. Ancaq biz yarışı keçirməkdə israrlıyıq».

İdman və Turizm Nazirliyindən bildirirlər ki, tədbir onlarla əvvəlcədən razılaşdırılmayıb.

Federasiya üzvləri isə deyirlər ki, indiyədək keçirdikləri yarışların heç birini nazirliklə razılaşdırmayıblar və hər hansı maneçilik olmayıb:

«Bu, respublika səviyyəsində bir yarış deyil ki, nazirliklə razılaşdıraq. Federasiya səviyyəsində olan bir yarışdır və daxili bir tədbirdir».

Yerli icra nümayəndəliyi isə tədbirin qarşısının alınmasını İdman və Turizm Nazirliyinin göstərişi ilə əsaslandırıb.
XS
SM
MD
LG