Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:42

Azərbaycan jurnalistlərinin Putin-ə sualı var


Vladimir Putin
Vladimir Putin
-
«Yəqin ki, siz yenə Qarabağ haqqında sual verəcəksiniz» – Rusiya prezidenti Vladimir Putin bu sözləri ötənilki ənənəvi mətbuat konfransında Azərbaycan jurnalistlərinə ünvanlamışdı. Onlar Putin-dən sual vermələrinə şərait yaratmasını tələb edirdilər.

Bu il dekabrın 19-da Putin-in keçirəcəyi ənənəvi mətbuat konfransına yenə Azərbaycan jurnalistləri də qatılacaq. Onların öncəlikli sualı yenə Dağlıq Qarabağın taleyi barədə olacaq. Bunu AzadlıqRadiosuna SalamNews-un sözügedən mətbuat konfransında iştirak etmək üçün qeydiyyatdan keçmiş müxbiri Roman Ağayev deyir. O, Putin-in xoşuna gəlsə də, gəlməsə də, ona Qarabağ münaqişəsi ilə bağlı sual verməyi planlaşdırır:

«Bizi maraqlandıran məsələ Azərbaycanla Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Hələ 9 il öncə – Putin-in 2006-cı ildəki mətbuat konfransında da Ermənistanda yerləşən Rusiya hərbi bazaları barədə soruşmuşdum. O vaxtdan bəri vəziyyət dəyişməyib. İndi də soruşmaq istəyirəm ki, Rusiya Qarabağ münaqişəsinin həlli üçün konkret nə təklif edir? Vasitəçi bayrağı altında Ermənistana silah-sursat göndərmək və bir yandan da Azərbaycanı tərəfdaş adlandırmaq, yoxsa həqiqətən də Cənubi Qafqazda bir münaqişənin həllini istəyir?».

Roman Ağayev deyir ki, azərbaycanlı miqrantlar barədə də Rusiya prezidentinə sual ünvanlamağı düşünür. Onun sözlərinə görə, bir rus gəncin ölümündə suçlandırılan Orxan Zeynalovdan sonra Rusiya mətbuatında sanki azərbaycanlılara nifrət aşılanır. O, imkan yaradılsa, mütləq bu məsələni də Rusiya prezidentindən soruşacağını bildirir:

«Hər hansı cinayətkara görə onun mənsub olduğu millət təqib olunmalıdır? Mətbuatın bu yöndə təbliğat aparması nə dərəcədə düzdür?
Putin-in mətbuat konfransı - 20 dekabr 2013
Putin-in mətbuat konfransı - 20 dekabr 2013
Putin-in cavablarında yeni bir nüansın üzə çıxacağına inanmasam da, belə suallarla Azərbaycan-Rusiya münasibətlərindəki problemli məsələləri qabardacağıq».

«SORUŞA BİLƏRİK Kİ...»

apa-nın Moskva müxbiri Fərid Əkbərov da mətbuat konfransına qatılacaq. O da həmkarı kimi, Qarabağ məsələsini ön plana çəkir:

«Münaqişənin həlli üçün Rusiyanın vasitəçiliyində passivlik gözə çarpır. Soruşacağam ki, Medvedev-in vaxtında prezidentlər bir neçə də görüşsələr də, Putin hakimiyyətə gəlincə niyə yenə passivlik müşahidə edilir?».

Fərid Əkbərov deyir ki, şərait yaradılsa, Gömrük İttifaqı ilə də bağlı sualı var. Hələlik, sualı tam dəqiqləşdirməyən Fərid bəzi rusiyalı ekspertlərin Azərbaycanın Gömrük İttifaqına üzvlüyünün rəsmi Moskva üçün o qədər də aktual olmadığını söyləməsinin səbəbləri ilə maraqlanır:

«Soruşa bilərik ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanla Gömrük İttifaqında necə təmsil oluna bilər?».

FACEBOOK-DAN PUTIN-Ə AZƏRBAYCANSAYAĞI SUALLAR

Facebook istifadəçiləri də elə hesab edirlər ki, Putin-in Azərbaycanla bağlı cavablandıracağı xeyli sual var. Məsələn, Fuad Kerimov (Fuad Kərimov) adlı istifadəçi yazır: «Soruşmaq olar ki, nə zamana kimi ermənilərə himayədarlıq edəcəklər? Və maraqlıdır, iqtisadi cəhətdən bu qədər zəif ölkəyə nə üçün himayədarlıq edib silahı, nefti və qazı pulsuz və ya çox ucuz qiymətə verirlər? (hərçənd səbəb məlumdur, amma rəsmi olaraq özündən eşitmək yaxşı olardı)».
Vladimir Putin
Vladimir Putin

Elçin Bayramlı yazır: «Əsas sual budur – Nə etsək, Qarabağın bizə qaytarılmasında yardım əlinizi uzada bilərsiniz? Görək, onun tələblərini bizim hökumət niyə etmir?».

Xaqani Safaroqlu-nun (Xaqani Səfəroğlu) da sualı var: «Azərbaycanın Gömrük İttifaqı ilə bağlı mövqeyinə Rusiyanın münasibəti necədir? 2015-ci ilin yanvarından sonra Avrasiya İqtisadi Məkanı rəsmən qüvvəyə minəcək. Bakı bu sazişə qoşulmasa, onunla münasibətlər necə qurulacaq?».

Shahla Aliguliyeva (Şəhla Əliquliyeva) soruşur: «Cənubi Qafqazdan, nəhayət, nə vaxt qəmişini çəkəcək?».

Eyyubov Ismail-dən (İsmayıl Əyyubov) belə bir sual səslənib: «Putin-dən jurnalist olaraq soruşardım ki, Rusiya dövləti doğrudanmı bu millətçilərlə bacarmır, yoxsa miqrantlara qarşı baş verənlər rəsmi strukturların mövqeyi ilə üst-üstə düşür? Və əlavə olaraq... Əgər Azərbaycanda ruslara qarsı adekvat hərəkətlər edilsə, Rusiyanın mövqeyi necə olar?».

Sedaget Pashayeva-nın (Sədaqət Paşayeva) sualı belədir: «Çox qısa olaraq soruşa bilərlər ki, 70 il bəs etmədi xalqları assimilyasiya etməyə? Nə istəyirsən azad ve demokratik cəmiyyət qurmaq istəyən insanlardan???».

Qizilgul Abdinova (Qızılgül Abdinova) yazır: «Avrasiya İttifaqına qoşulsaq, bizi hansı güzəştlər, imtiyazlar gözləyir?».

Nemet Sahverdiyev (Nemət Şahverdiyev) soruşur: «Niyə Qarabağı tərk etmirsiniz?».

POLİTOLOQDAN MƏSLƏHƏT: «BU MƏSƏLƏNİ SORUŞMAQ OLAR Kİ...»

Politoloq Fikrət Sadıqovun fikrincə, Putin-dən Azərbaycanla bağlı soruşmalı əsas məsələlərin başında Qarabağ münaqişəsi və rəsmi Moskvanın mövqeyi gəlir:
Fikrət Sadıqov
Fikrət Sadıqov

«Rusiya həm Ermənistana, həm də Azərbaycana silah satır, bu məsələni soruşmaq olar ki, münaqişədə olan iki qonşu ölkəyə silah satmaqda məqsədi nədir?».

Fikrət Sadıqov deyir ki, Azərbaycan jurnalistləri Putin-dən Avrasiya və Gömrük İttifaqının postsovet respublikalarına nə verəcəyini də soruşa bilər:

«Bu o deməkdirmi ki, Avrasiya və Gömrük İttifaqına girməklə respublikalar Avropa Birliyi ilə münasibətlərini dondurmalıdır?».

Politoloq miqrantlarla, özəlliklə Rusiyada çalışan azərbaycanlılarla bağlı problemlərə də Rusiya prezidentinin münasibətinin öyrənilməsini vacib sayır:

«Rusiya Federasiyası müxtəlif xalqlardan və kiçik etnoslardan ibarət bir dövlətdir. Amma biz onu da görürük ki, etniklərin nümayəndələrinə qarşı bir nifrət və təqib gözə çarpır. Bu o deməkdirmi ki, Rusiyanın düşünülmüş milli siyasəti yoxdur?».

Rusiya prezidenti Putin hər ilin sonunda geniş mətbuat konfransı keçirir. Bu tədbirə hər il yüzlərcə media təmsilçisi qatılır. Təxminən 4-5 saat boyunca Rusiya prezidenti müxtəlif sualları cavablandırır.

Builki mətbuat konfransına qatılmaq üçün 1300-dən çox xarici və yerli KİV nümayəndəsi qeydiyyatdan keçib. Onların dördü Azərbaycan mediasını təmsil edəcək.
XS
SM
MD
LG