Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:44

"Yazıçılar Birliyi Tərcümə Mərkəzini ölü quruma çevirib"


Nəriman Əbdürrəhmanlı
Nəriman Əbdürrəhmanlı
-

Nəriman Əbdülrəhmanlı:

- Acqarına fədakarlıq donkixotluqdan başqa bir şey deyil...



Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı ilə söhbət.


- İndi çoxlu xarici dil öyrənən gənclər var və bunların bir çoxu ədəbi tərcüməylə məşğul olurlar. Ancaq mətnlərə baxanda görürsən ki, bu gənclərin çoxu heç Azərbaycan ədəbi dilini bilmir, o ki qala, məsələn ingilis, fransız dillərini... Necə düşünürsünüz, ədəbi tərcümə üçün hər iki dili hansı səviyyədə bilmək lazımdır?

-Məncə, tərcümənin birinci şərti öz dilini mükəmməl bilməkdi. Əcnəbi dili bir qədər zəif bilərsən, amma fəhmin, çürbəcür sözlüklər vasitəsilə vəziyyətdən çıxa bilərsən. Öz dilinin qatlarına, çalarlarına bələd olmayanda istənilən əsəri şikəst eləmək mümkündü. Haqlısan, indiki tərcümə təsərrüfatımızdakı çatışmazlıqların çoxunun səbəbi bu işə girişənlərin öz dillərini mükəmməl bilməmələridir. Tərcümə təkcə dilbilmə səviyyəsilə yox, həm də ümumi savadla, həyat təcrübəsilə, dil duyumuyla bağlıdır.

- Tərcüməçinin yazıçı olması vacibdirmi sizcə? Çox zaman yazıçılar yaza bilməyəndə formada qalmaq naminə tərcümə ilə məşğul olurlar, bu peşəkarlığa mane olmurmu?
Şərif Ağayar
Şərif Ağayar

-Tərcüməçinin yazıçı olması ikinci şərtdir. Ədəbi təçrübəsi olmayan, dil duyğusu cilalanmamış adamdan normal tərcümə gözləmək absurddur. Hətta yazıçı kimi tanınmasa belə, tərcüməçi dilə hörmət naminə ədəbi yaradıcılıqla məşğul olmalıdır. Mən Qriqori Çxartişvilinin yapon dilindən rus dilinə çevirdiyi əsərləri oxuyanda onun yazıçı olmadığına inana bilmirdim, sonda bildim ki, o... Boris Akunin imzasıyla yazırmış. Nə qədər müqayisə eləsəniz, yazıçıların çevirdikləri mətnlər bədii cəhətdən daha mükəmməldir.

- Sizcə Azərbaycan dilinə tərcümə işi necə təşkilatlanmalıdır. Nəşriyyatlarla, yoxsa Tərcümə Mərkəzinin işinin yenidən və yüksək səviyyədə təşkili ilə? Şəxsən siz nəsə bir iş görə bilərsinizmi bu sahədə? Məsələn, özünüz bir layihə edib maliyyə üçün müvafiq yerlərə müraciət edəsiniz, kurslar, master-klasslar qurasız...

- Bunun ən optimal yolu sintez üsuludur. Yəni dövlət kitab nəşrinə qoyulmuş əlavə dəyər vergisini götürməli, yaxud minimuma endirməlidir, bununla yanaşı, mətbuata olan dəstəyi nəşriyyat işinə də göstərməlidir, nəşriyyatlar da normal qonorar qarşılığında peşəkar tərcüməçiləri işə cəlb etməlidir. Ağlamalı haldır ki, ölkədə imkanlı adamların uşaqlarına yardım haqqında qanun hazırlanır, amma nəşriyyat haqqında qanun yoxdur, varsa, o qanun işəmir. İndiyədək tərcümə standartları, qonorarın məbləği barədə, heç olmasa, Nazirlər Kabinetinin qərarı yoxdur, varsa da tətbiq edilmir, ona görə belə çıxılmaz vəziyyət yaranıb.

Məncə, Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi məhz həmin standartları işləyib hazırlamaqla, tərcümə işini əlaqələndirməklə, tərcüməçilərin hüquqlarını qorumaqla, dövlət sifarişlərini yerinə yetirməklə məşğul olmalıdır. Amma 20 ildən artıqdı ki, Yazıçılar Birliyilə Tərcümə Mərkəzi arasında soyuq müharibə vəziyyəti davam eləyir. AYB Tərcümə və Ədəbi Əlaqələr Mərkəzini öz strukturu hesab elədiyindən oranı da “Ədəbiyyat qəzeti”nin gününə salıb, demək olar, ölü quruma çevirib. Mərkəz də sərbəst olmağa çalışır, dövlətdən kömək istəyir, buna da AYB imkan vermir. Əlbəttə, mənim iki hazır layihəm var, amma kimə müraciət eləyim, kim bununla maraqlanacaq? Məncə, təşkilati məsələlər qaydaya salınmayınca, Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin taleynə aydınlıq gətirilməyincə bütün bunlar arzu olaraq qalacaq...

- Azərbaycan dilindən tərcümə işini necə görürsünüz? Bildiyiniz kimi inkişaf etmiş ölkələrdə, hətta qardaş Türkiyədə türk ədəbiyyatının tərcüməsi və dünyada təbliği ilə bağlı geniş dövlət proqramı və bunu həyata keçirən qurum var.
TEDA-nın saytı
TEDA-nın saytı

-Reallıq budur ki, öz əsərlərimizin xarici dillərə tərcümə edilməsi, beynəlxalq ədəbi arenaya çıxarılması yönümündə hələ ki, fərdi təçəbbüslərdən başqa sevindirici bir şey yoxdur. Bu mənada üzümüzü hələlik ancaq Kamal Abdulla ağardır, hec olmasa, onun sayəsində Avstriyada, Braziliyada, İngiltərədə, Rusiya, Fransa, Türkiyə, Misir, Polşa... (siyahı tam deyil) Azərbaycan ədəbiyyatının varlığından xəbər tuturlar. Bir çox ölkələrdə, eləcə də Türkiyədə bu cür işi xüsusi qurum görür.

Türkiyədə Kültür və Turizm Nazirliyinə bağlı TEDA proqramı var, hər il o qurumun dəstəyilə onlarla ölkədə türk yazıçılarının əsərləri tərcümə və nəşr olunur. Bildiyimə görə, iki il əvvəl bizim nazirlikdən nümayəndələr gedib o proqramla tanış olublar, amma hələ ki, bir nəticəsi yoxdu. Olsa belə, yenə arada nomenklatur yazıçılar qazanacaqlar, Türkiyədə çevrilib, nəşr olunub, alınmadığına görə anbarları doldurmuş imzalar o biri ölkələrin anbarlarını da zəbt eləyəcəklər.

- Başqa dillərə tərcümə işində müxtəlif imkanlı yazıçıların fərdi təşəbbüslərinə necə baxırsız? Bununla nəsə etmək olarmı?

-Fərdi təşəbbüslər ancaq çıxılmazlığın nəticəsidir. Bir də ki əsl ədəbiyyatı ancaq imkanlı yazıçılar yaratmırlar ki. Əksinə, bədbəxtlikdən bizim məmləkətdə istedadlı adamların əksəriyyətinin minimum yaşayış imkanı belə yoxdur. Üstəlik, maddi imkanla ədəbi səviyyə üst-üstə düşməlidir. Bizim tərcüməçilərin qəpik-quruşa işlədiyinə baxmayın, o ölkələrdə tərçüməçinin nüfuzu var. Misal üçün deyim, Orxan Pamukun “Mənim adım Qırmızı” romanı Dublin İMPAC mükafatına layiq görüləndə aldığı 100 min avronun 20 faizi tərçüməçiyə çatdı. Ona görə də bu vəziyyətdə ancaq tək-tük yazıçılar uğur qazana bilərlər.

- Bəlkə də ən məhsuldar tərcüməçisiniz. Kəmiyyət keyfiyyətə təsir etmir ki?

- Məncə, kəmiyyətə təsir göstərən yeganə şey əməyinin dəyərinin səviyyəsidir. Mən orta hesabla ildə təxminən 3 kitab çevirirəm, bu da peçəkar tərçüməçi üçün normal haldır, gündə 5 səhifə hesabıyla hələ azdır da! Amma çəkdiyin zəhmətə qəpik-quruş veriləndə, əlbəttə ki, o həvəslə işləmirsən. Mən səhifəni 3 manata tərcümə eləyən adamlar barədə orda-burda artıq-əskik danışılanda əzab çəkirəm. Başa düşmək lazımdı ki, adam fədakarlıq eləmək üçün maddi cəhətdən təmin olunmalıdır. Acqarına fədakarlıq donkixotluqdan başqa bir şey deyil...

- Son tərcümə işləriniz hansıdır?

-Son tərcümə işim Elif Şafakın “Qara süd” romanıdır, bir neçə aydı ki, işimi bitirib nəşriyyata təhvil vermişəm. Hazırda Əhməd Həmdi Tanpınarın “Saatları ayarlama institutu” romanını çevirirəm. Özümün yeni romanım araya düşdüyündən onu gələn ilin əvvəlində tamamlamağı düşünürəm.

Şərif Ağayar
Qaynar.info
XS
SM
MD
LG