Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:28

Oqtay Əsədov: «Parisdən başlamış, bütün şəhərlərdə velosiped sürürlər...»


Foto: Arxiv
Foto: Arxiv
-
Benzinin bahalanması motorsuz nəqliyyat vasitələrini yada salıb. Dekabrın 3-dən bəri sosial şəbəkələrdə avtomobilini at arabasına qoşan sürücünün rəsmlərinə, piyada yeriməyin faydası haqqında söhbətlərə rast gəlmək olar. Hətta Milli Məclisin sədri velosiped sürməyə heç də pis baxmadığını dilə gətirib.

SPİKER: «VELOSİPED SÜRMƏK PİS ŞEY DEYİL Kİ...»

Qanqaraldıcı yanacaq, daha doğrusu, benzinin bahalanması söhbəti parlamentdən də yan ötməyib. Milli Məclisin dünənki (dekabrın 3-dəki) toplantısında deputat Fazil Mustafa vətəndaşların yaşayış minimumuna toxunaraq, 125 manatın bir avtomobil saxlamağa yetmədiyini söyləyib:

«Belə çıxır ki, Azərbaycanda artıq yolların, körpülərin tikintiləri dayandırılmalıdır. Velosiped yolları çəkilməlidir, piyada yolları genişləndirilməlidir. Çünki bundan sonra bu qiymətlərlə avtomobil idarə etmək böyük problem olacaq».

Spiker Oqtay Əsədov təklifi bəyənib:

«Ziyanlı təklif deyil. Velosiped sürmək pis şey deyil ki. Dünyanın hər yerində sürürlər. Parisdən başlamış, bütün şəhərlərdə velosiped sürürlər. Bunu bir az məzə kimi dedi, ancaq bu da pis məsələ deyil».

PREZİDENT: «BİZ İNDİ VELOSİPED ZOLAQLARINI YARADIRIQ»

Prezident İlham Əliyev velosiped mövzusunu yanacağın qiyməti artmazdan azı 4 ay öncə – avqustda İsmayıllı rayonunda olarkən gündəmə gətirib. Yerli icra başçısı İsmayıllıda velosiped zavodunun tikintisi barədə xarici şirkətlə danışıqlar apardığını prezidentə xəbərlərkən, o bu təklifi bəyənmişdi:

«Biz indi velosiped zolaqlarını yaradırıq. Bakıda – Yeni Bulvar hissəsində bir neçə zolaq var. Bilirəm ki, səhər-axşam uşaqlar, bəzi hallarda isə yaşlı insanlar velosiped sürürlər. Çox yaxşı idmandır. Yəqin ki, burada da velosiped zolaqları olmalıdır. Əvvəllər bizdə o qədər də geniş yayılmamışdı. Həm çox gözəl idman növüdür, həm də nəqliyyat vasitəsi. İndi bir neçə ölkədə bundan istifadə edirlər».

Bakıda velosipedçi
Bakıda velosipedçi
Yeni Bulvarı çıxsaq, havanın təmizliyindən ötrü də çox faydalı sayılan velosipedə Bakıda yol yoxdur. Velosiped həvəsliləri ayrıca yol olmadığından elə avtomobil yolundan yararlanırlar. Mayda «Tour d’Azerbaidjan» beynəlxalq velosiped turu keçiriləndə də paytaxtın yarış sahəsinə düşən küçələri hərəkətə qapadılmışdı.

«VELOSİPED VAR, AMMA YOL YOXDUR»

Bakıda velosiped yollarının yoxluğu velosiped sürmək istəyənlərin qanını qaraldır. Velosipedçi Tahir Bayramlı deyir ki, uyğun yolların olmaması ona bu nəqliyyatdan daha çox istifadəyə imkan vermir:

«Hər bir inkişaf etmiş ölkədə belə yollar var. Velosipedçilər təhlükəyə düşmür. Ancaq bizdə yoxdur, olsa yaxşı olar».

Paytaxtın bir başqa sakini – Kəmalə Babayeva da tıxaclar və benzinin bahalığı ucbatından işə velosipedlə gedib-gəlmək haqqında düşünür. Düşünməyinə düşünür, amma təhlükələri də göz önünə alıb deyir:

«Çox istərdim ki, işə velosipedlə gedib-gəlim. Ancaq velosipedləri saxlamaq üçün yol yoxdur, bu da təhlükəlidir».

QANUNA GÖRƏ VELOSİPEDÇİ DƏ SÜRÜCÜDÜR

Yol Hərəkətinə dair qanunun 38-ci maddəsində deyilir ki, mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir.
Kamran Əliyev
Kamran Əliyev
Velosiped sürən şəxs texniki baxımdan saz və lazımi təchizatlı velosipeddən yararlanmalı, velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyir ki, yolların olmaması o demək deyil ki, onların təhlükəsizliyi təmin edilmir:

«Onlar avtomobil yollarında yolun kənarı ilə hərəkət edə və ya yol çiyinlərindən də yararlana bilərlər. Velosiped də nəqliyyat vasitəsidir. Onu sürənlərin də avtomobil yollarından istifadə etmək hüquqları var».

Velosiped İdmanı Federasiyasının məlumatına görə, baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüş respublika velotrekinin bərpası gedir. Yeni Bulvar ərazisində velosiped zolaqları salınıb. Şıx çimərliyi ilə üzbəüz dağlıq ərazidə velosiped parkı yaradılıb. Bakının yenidən qurulan hissələrində, şəhər və rayonlarda da velosiped yollarının və zolaqlarının salınması gündəmdədir.
XS
SM
MD
LG