Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:50

Müsəlman tələbələrin siyahısı tutulur


Atyrau Universitetində tələbəni hicabla dərsə buraxmırlar.
Atyrau Universitetində tələbəni hicabla dərsə buraxmırlar.
Oktyabr ayında qazax cihadçılarının Suriyada döyüşə yollandığını göstərdiyi iddia olunan video üzə çıxdıqdan sonra Qazaxıstan hökuməti ölkə gənclərinin radikallaşmasının qarşısını almaq üçün daha ayıq-sayıq olub.

Görünür bu ehtiyatlanmalar elm-təhsil ocaqlarına da sirayət edib və AzadlıqRadiosunun Qazax Xidməti xəbər verir ki, ölkənin ən böyük şəhəri olan Almatıda universitetlər müsəlman tələbələrin siyahısını tutur.

Satbayev Dövlət Texniki Universitetinin bir tələbəsi AzadlıqRadiosuna bildirib ki, universitet nümayəndələri onların yataqxanasına gələrək namaz qılan tələbələrin siyahısını tutublar:

"Məni də namaz qılan tələbələrin siyahısına yazdılar. Onlar mənə “ailəndə daha kimlər namaz qılır?” kimi suallar verirdilər”

Əl-Fərabi adına Qazaxıstan Dövlət Universitetinin və Qazaxıstan Dövlət Aqrar Universitetinin tələbələri də AzadlıqRadiosuna bildiriblər ki, buna bənzər siyahılar onların təhsil aldıqları müəssisələrdə də tutulub.

Almatıdakı Qazaxıstan Dövlət Aqrar Universitetinin inzibati heyətindən adının çəkilməsini istəməyən bir nəfər deyib ki, "rəhbərliyə bu sıyahıları tutmaq tapşırılıb, lakin niyəsini bilmirik”.

AzadlıqRadiosunun soraqlaşdığı başqa universitetlərin də nümayəndələri siyahıların tutulması faktını təsdiq ediblər, lakin səbəb göstərməyiblər.

Hakimiyyəti özündən çıxarmış 20 dəqiqəlik videoda Suriyada cihada hazırlaşan 150 nəfərlik qazax “ailəsinin” iddia edilən görüntüləri əks olunub. AzadlıqRadiosunun Qazax Xidməti onların qohumları ilə əlaqə saxladıqdan sonra videodakılardan bəzilərinin kimliyini müəyyənləşdirə bilib.

Qazaxıstan dini azadlıqlar sahəsində xoşagəlməz reputasiyaya malikdir. Dini haqların beynəlxalq gözətşçisi Forum 18 təşkilatının 2009-cu il hesabatında hüquq pozuntularının uzun siyahısı verilib.

"Dini ədəbiyyatın senzurası; dövlət proqramları və media vasitəsilə adamların dini dözümsüzlüyə həvəsləndirilməsi; din və inanc azadlıqlarına qoyulan süni məhdudiyyətlər; qeydiyyatdan keçmiş və keçməmiş dini icmalar və fərdlərə qarşı reydlər, təhdidlər, dindirmələr və cərimələr; ədalətsiz mühakimələr; hökumət tərəfindən xoşlanmayan bir sıra dindarların məhbəsə salınması; dini icmaların sosial və xeyriyyə işinə qoyulan məhdudiyyətlər; dini icmaların polis və Milli Təhlükəsizlik Komitəsi (KNB) tərəfindən izlənməsi; habelə, dini icmaların öz mülkiyyətlərindən məhrum edilməsi."

Oktyabr ayında Qazaxıstanda 2013-2017-ci illər üçün Dini Ekstremizmə və Terrorizmə Qarşı Mübarizə Dövlət Proqramı qəbul olunub. Bu proqram dini qruplaşmalar üzərində dövlət nəzarətini gücləndirməyi və məktəblərdə din dərslərinin keçilməsini nəzərdə tutur.

Dövlətin tabeçiliyində olan Qazaxıstan Müsəlmanları Dini Şurası da ənənəvi İslamın təbliğ olunmasını nəzərdə tutan proqramın tətbiqinə başlayıb. Hökumət ümid edir ki, bu, Sələfiliyin yayılmasını önləyə biləcək.

Lakin hüquqşünas Kaysar Kantarbaev AzadlıqRadiosuna bildirib ki, siyahıların tutulması insan haqlarının və ibadət azadlığına təminat verən konstitusiyanın pozulması deməkdir, amma çox güman, icazəli müxalifət, dövlətə sədaqətli ruhanilər və ekstremizmdən ehtiyat edən hökumətlə birlikdə buna göz yumacaq.

Almatıda universitet müəllimi işləyən Nurlan Nasyrov isə deyir ki, “belə siyahıların tutulması düzgün addımdır”.

"Ölkədəki hazırkı vəziyyətdən çıxış edəndə, görürsən ki, ibadət edən tələbələrin siyahısının tutulması ehtiyat tədbiridir. Tələbələrin ekstermistə çevrilməsinin qarşısını almaq mühümdür. Eyni zamanda tələbələr üçün dinə həsr olunmuş mühazirələrin sayını artırmaq lazımdır”.

Son həftələrdə paytaxt Astananın kollec və universitetlərində “dini meyllər” barədə mühazirələr oxunub. Bu ayın əvvəllərində Almatının 15 universitetində, Dini Şuranın təbirincə desək, “gəncləri dağıdıcı dini hərəkatlardan qorumaq, onlara vətənpərvərlik hissləri, insanlıq və vətən sevgisi aşılamaq, habelə İslamın mənəvi dəyərlərini təbliğ etmək” məqsədilə görüşlər keçirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG