Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:57

«Gələcəyin alimləri yox, hamballarıyıq»


Arxiv foto
Arxiv foto
-
“Şikayətim ondandır ki, sərvəti başından aşan ölkədə gənc elmi işçilər borcla, bankdan kredit götürməklə elmi-tədqiqat işlərini davam etdirirlər. Hökumət onların işinə diqqət göstərmirlər. Gənc magistrəm və bir kənddə batıb gedirəm. Elmi-tədqiqat işlərimi davam etdirə bilmirəm. Cüzi məvacibim buna imkan vermir”.

“ELƏ BÖYÜK XƏRC DƏ DEYİL...”

AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edən Cəsur Qurbanov Salyanın Qarabağlı kənd orta məktəbində tarix müəllimi işləyir, magistrdir, iki elmi kitabın, 20-dən artıq elmi-tədqiqatyönlü məqalənin müəllifidir. O, Salyanın qədim tarixi ilə bağlı elmi-tədqiqat işinə maliyyə tapmamağından gileylənir:

“Şəxsi mülkiyyətim yoxdur, valideyn himayəsindəyəm. Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə, prezidentə müraciət etmişəm ki, elmi-tədqiqat işlərimi davam etdirmək üçün maliyyə ayrılsın. Elə böyük xərc də deyil, sadəcə Bakıya gedib kitabxanalarda oturmaq üçün yolpulu da tapa bilmirəm.

Yolxərci, kitabın çapı və satışının təşkili üçün xərclərdir, hökumətə görə cüzi bir məbləğdir. Bir magistr kimi öz işlərimi genişləndirə bilmirəm. 2010-cu ildən yüzlərlə məktublar göndərmişəm. Başqa nazirliklərə də müraciət etmişəm. Heç yerdən bir dəstək almamışam”.

Cəsur Qurbanov elm adamlarına belə münasibətin aqibətini də indidən görür: “Biz magistrlər gənc elmi tədqiqatçı kimi kəndlərdə batıb gedirik. Gələcəyin alimləri olmalıyıq, ancaq bu gedişlə gələcəyin hambalları olacağıq. Məcbur olub elmi işlərimizi atıb gedib bazarlarda hambal işləyəcəyik. Mən müəllim adamam, aldığım məvacib aylıq dolanığışımı görmür. O pulla geyinə, qarnımı doydura bilmirəmsə elmi-tədqiqat işlərinə necə çatdırım?”

Cəsur Qurbanov deyir, hazırda başa çatdırmaq istədiyi elmi-tədqiqat işi Salyanın tarixi ilə bağlıdır. O, bu kitabını Salyanın 2800 illik yubileyinədək çap etdirmək istəyir:

DƏSTƏK VERƏN YOXDUR

“Bu kitab Salyanın 2800 illik yubileyi üçün ən gözəl hədiyyə olardı. “Qədim Salyan haqqında” layihəmi rayonda yaradılan komissiyaya da 2010-cu ildə təqdim etdim. Həmin layihəni genişləndirib elmi-tədqiqat əsərinə çevirə bilərəm. Mən tədqiqat aparmaq, belə bir elmi əsəri ortaya qoymaq istəyirəm, ancaq dəstək verən yoxdur”.

Salyan rayon icra Hakimiyyətindən bildirdilər ki, elmi tədqiqat işlərinə maliyyələşdirmək üçün büdcəmizdə vəsait nəzərdə tutulmayıb. Bununla belə, Cəsur Qurbanova bundan əvvəlki kitabının satışında icra hakimiyyəti tərəfindən dəstək olub. Cəsur Qurbanov isə deyir, yerli icra hakimiyyəti ona kömək etməyib, əksinə, zərər vurub:

“Şah Abbas haqqında elmi əsər idi. Arxayın elədilər ki, sən maliyyə tap, kitabı burax, biz xərcini sənə ödəyəcəyik. Borca-xərcə girdim, kitabı çap etdirdim. Düz bir icra hakimiyyətinə gedib-gəldim. Bir ildən sonra kitabları məndən aldılar ki, özümüz satdırıb pulunu sənə verərik.

Ondan sonra daha 1 il də arxalarıyca düşdüm, pulumu qəpik-qəpik verdilər, hələ indiyə qədər də mənə 300 manat borclu qalıblar. Mən də başqalarına borclu qalmışam. Bir sözlə, mənə kömək etmədilər, əksinə, quyunun dibinə saldılar”.

Təhsil eksperti Fəxrəddin Yusifov deyir ki, elmi-tədqiqat işləri üçün hansısa qurumun pul ayırması heç bir əsasnamədə nəzərdə tutulmur. Bu, könüllü xarakter daşıyır:

“Bu, müstəqil elmi araşdırmadırsa, müəllif özü sponsor tapmalıdır. Qeyri-hökumət təşkilatlarına, yerli icra hakimiyyətinə, yerli bələdiyyəyə, belə işlərə maliyyə ayıran müxtəlif fondlara, yerli iş adamlarına müraciət edə bilər. Sadəcə, bu məsələdə tələb yox, qarşındakı adamı gördüyün işin nə dərəcədə zəruri olduğuna inandırmaqdır. Orda söhbət 400-500 manatdan gedir.

Bu, elə də böyük məbləğ deyil. Sadəcə, layihənin vacibliyini, içərisində nə olduğunu tutarlı çatdırmaq lazımdır ki, ona pul da ayrılsın. Heydər Əliyev Fondunun da istənilən layihəni maliyyələşdirməsi könüllülük xarakteri daşıyır”.

Bir sözlə, kənd müəlliminə yaşadığı Salyanın qədim tarixini kitaba çevirmək üçün hələ də qapılar döymək qalır.
XS
SM
MD
LG