Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:24

Rusiya komandiri Azərbaycana hədə-qorxu gəlib


Ermənistanda müştərək hərbi təlimlər, 16 sentyabr 2012
Ermənistanda müştərək hərbi təlimlər, 16 sentyabr 2012
-
«Azərbaycan Dağlıq Qarabağa nəzarətini bərpa etmək üçün hərbi yola əl atarsa, Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi birləşməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi əməliyyatlara müdaxilə edə bilər» – Rusiya Müdafiə Nazirliyinin mətbu orqanı olan «Krasnaya Zvezda» qəzetinə müsahibəsində Ermənistanda yerləşən Rusiyaya məxsus 102-ci hərbi birləşmənin komandiri Andrey Ruzinski belə deyib.

Hökumətlərarası razılaşmaya görə, sözügedən hərbi birləşmə hava hücumundan müdafiə sistemindən yararlanaraq keşik çəkir, Rusiya və Ermənistanın regional sərhəd dəstələrinə bu şəkildə yardım göstərir.

A.Ruzinski deyib ki, 102-ci hərbi bazanın əsasını «S-300» zenit-raket kompleksi, MİQ-29 təyyarələrindən ibarət döyüş eskadrilyası və «Smerç» artilleriya batareyaları təşkil edir.

Rusiyanın Ermənistandakı 102-ci hərbi birləşməsi Gümrü şəhərində yerləşir. 2008-ci ildəki Rusiya-Gürcüstan savaşınadək burada 3500 nəfərdən ibarət rus kontingenti xidmət edirdi. Daha sonra rus əsgərlərinin sayı 5 minə yüksəlib.

ƏSGƏRLƏRİN SAYI ARTIRILACAQ

2009-cu ildə Rusiya Ermənistandakı hərbi qüvvələrinin strukturunu yeniləşdirməyə başlayıb və piyada qoşunları 2 motoatıcı briqada şəklində cəmləşdirilib.

2011-ci ilin iyununda Rusiya Müdafiə Nazirliyi Gümrü hərbi bazasındakı muzdlu əsgərlərin sayını 2 dəfə artıracağını açıqlamışdı.

Müxtəlif mənbələrə görə, Rusiyanın Ermənistandakı silahlı qüvvələri 74 tank, 17 BMP, 148 BTR və 84 artilleriya qurğusundan, 18 MİG-29 təyyarəsindən və S-300 raket batareyalarından ibarətdir.

Buraya Gürcüstandakı Rusiya hərbi bazalarından da 35 tank və 370 zirehli döyüş maşını gətirilib.

Müqaviləyə əsasən, rus ordusu Ermənistanın Türkiyə və İranla quru sərhədlərini və bütün hava sərhədlərini qoruyur. Rusiya hərbiçilərinin Ermənistan ordusunu müasir texnika ilə təmin etmək öhdəliyi də var.

2010-cu ildə imzalanan yeni müqaviləyə görə, Rusiya hərbi bazasının saxlanma müddəti 2024-cü ildən 2044-cü ilədək uzadılıb.

GENERAL VASYAK: «QARABAĞ RUSİYANIN ƏRAZİSİ DEYİL»

Rusiyanın Ermənistandakı 102-ci bazasının komandirinin dediklərinə Azərbaycanın Müdafiə Nazirliyi münasibət bildirib.

Nazirliyin idarə rəisi Aleksandr Vasyak Mediaforum saytına deyib ki, Rusiya hərbi bazası heç bir halda Qarabağda istifadə edilə bilməz:

«Ona görə ki, Qarabağ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan Ermənistan və Rusiyanın ərazisi deyil. Bu barədə başqa fikir ola da bilməz. Kollektiv Təhlükəsizlik Müqaviləsinə Azərbaycan Ermənistanla müharibə aparacağı halda istinad oluna bilər. Qarabağ bizim torpağımızdır, Ermənistanın ərazisi deyil, eyni zamanda bu ərazinin Rusiyaya, bir neçə ölkənin birləşdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına heç bir aidiyyəti yoxdur. Qarabağ bizimdir, ona görə burada nə Rusiya döyüşəcək, nə Türkiyə, nə NATO, nə də başqası. Bu bəyanat heç bir qanunvericilik aktına, hansısa qərara və real vəziyyətə əsaslanmır. Bu, provokasiyadır. Bəlkə də kimsə Ruzinski-ni provokasiyaya çəkib».

HƏRBİ EKSPERT: XİN BƏYANAT VERMƏLİDİR

Hərbi-ekspert Üzeyir Cəfərovun fikrincə, bu məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanatla çıxış etməlidir. Hərbi baza komandiri vəzifə səlahiyyətini aşdığına görə Rusiya qarşısında onun cəzalandırılması məsələsi qaldırmalıdır:

«O, səlahiyyət həddini aşaraq, Azərbaycana hüququ əsası olmayan hədə-qorxu gəlir. Əslində, bu hal ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın işğalçı Ermənistanı dəstəkləməsi deməkdir. Azərbaycan bu məsələ barədə bütün beynəlxalq ictimaiyyəti məlumatlandırmalıdır».

Hərbi ekspert 102-ci hərbi birləşmə komandirinin bu açıqlamasının Ermənistan müdafiə naziri Seyran Ohanyan-ın bu günlərdə səsləndirdiyi başqa bir bəyanatla üst-üstə düşdüyünə də diqqət çəkir.
XS
SM
MD
LG