Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:25

Canım ay İblis :)


ABŞ. -- Halloween maskaları New York-dakı dükanın vitrinində, 30 oktyabr 2013
ABŞ. -- Halloween maskaları New York-dakı dükanın vitrinində, 30 oktyabr 2013
-

Halloween bayramı - bir əyləncə, yoxsa cəmiyyət üçün təhlükə?


New York metrosu,

əlbəttə ki nəhəngliyini nəzərə almasaq, bir az Bakı metrosunu xatırladır. Kimi vaqonları gəzib “change”, yəni xırda pul dilənir (qatar gedə-gedə bir vaqondan o birisinə keçmək asandır), kimi kitab satır, kimi də dini təbliğat aparır. “İlahi nəğmələr”dən ibarət CD satanlar bu günlərdə sərnişinlərə həm də o barədə xəbərdarlıq edir ki, Halloween-dən istifadə edib pul qazananlara aldanmasınlar – BU, İBLİSİN BAYRAMIDIR.

Sərnişinlərdən bu xəbərdarlığı edənə qulaq asan da olur, gülümsəyən də, əlindəki telefonda oyununa davam edib başını qaldırmayan da... İndi az qala bütün Amerikada dükanların vitrinləri Yeni ildəki kimi bəzədilib, Halloween-in simvollarından olan balqabaqlar, qorxunc maskalar, əcaib geyimlərlə... Bu bayram dinindən asılı olmayaraq bir çox amerikalılar üçün təkcə əyləncə yox, həm də gündəlik işin stressini atmaq, mənfi enerjini bədəndən çıxarmaq üçün bir fürsətdir.

Bu Amerika...
ABŞ - Prezident Obama və xanımı Mişel Obamanın "balqabaq" obrazı Halloween ərəfəsində Madam Tüsso Muzeyində, New York, 22 oktyabr 2013.
ABŞ - Prezident Obama və xanımı Mişel Obamanın "balqabaq" obrazı Halloween ərəfəsində Madam Tüsso Muzeyində, New York, 22 oktyabr 2013.

Okeanın bu biri tayında - Rusiyada isə... Halloween-ə cəmiyyət üçün çox ciddi təhlükə kimi yanaşanlar var.

Məsələn, Omsk vilayətində Təhsil İdarəsi bəyanat yayıb:

“Ölüm kultu və onun personafikasiyasının təbliği şəklində təzahür edən mistik elementlərin və məzmunun bayram olunması tələbələrin psixoloji və mənəvi durumuna dağıdıcı zərbə vura bilər”.

Təhsil İdarəsi yerli məktəblərdə Halloween-in bayram edilməsinin qarşısının alınmasına çağırıb və “ekstremist meyllər”in yolverilməz olduğunu bildirib.

Bundan əvvəlsə Rusiyanın Pravoslav Kilsəsinin bir neçə yüksək vəzifəli nümayəndəsi Halloween-ə qarşı fikirlər söyləmişdi.

Son illər Rusiyada xüsusən gənclər arasında bu bayrama maraq artır. Bu, özünü ifadə etmək, diqqət çəkmək, həm də əylənmək istəyən yeniyetmə və gənclər üçün ələdüşməz fürsətdir. Vaxtilə SSRİ-də “metallist” paltarı geyib, diskotekalara getmək kimi. Bir zamanlar bu “avara geyim”ə görə də, lap elə uzun saç saxlamağa görə də övladını tənbeh edənlər az deyildi.

"Cəmiyyətin əxlaq müəllimi"

Amma indiki Rusiyada bütün bu mənəviyyat çağırışları təkcə hökumətin yox, həm də kilsənin xeyir-duası ilə ucadan səslənir.

Rusiya hökuməti pravoslav ruhanilərə indiyəcən görünməmiş səlahiyyət, cəmiyyətin “əxlaq müəllimi” statusunda çıxış etmək imkanı verib.
Rusiya - Uşaqlar üçün kreativ "Flora" studiyasında balqabaqdan şamdan düzəldilməsi, Krasnoyarsk, 29 oktyabr 2010
Rusiya - Uşaqlar üçün kreativ "Flora" studiyasında balqabaqdan şamdan düzəldilməsi, Krasnoyarsk, 29 oktyabr 2010

Bir müddət əvvəl Rusiyada “qeyri-ənənəvi cinsi orientasiyanın təbliğini qadağan edən” qanunun qəbulu da kilsənin təşəbbüsü ilə gerçəkləşmişdi.

Bu əxlaq müəllimliyi artıq homoseksuallığa qarşı mübarizə çərçivələrini aşıb. Elə ötən il Omskda yerli məmurlar əvvəl zombi flash-mob-una icazə versələr də, sonradan onu qadağan etmiş, 200-cən gəncin arzusunu ürəyində qoymuşdu.

Yerevanda Halloween, 31 oktyabr 2012
Yerevanda Halloween, 31 oktyabr 2012
İndi də Halloween...

“Əvvəlcə, insanlar şər qüvvələrə zarafat kimi yanaşırlar, amma sonra belə şeylərə ciddi şəkildə maraq göstərirlər” – deyə Rusiya Pravoslav Kilsəsinin aparıcı simalarından olan Vsevolod Çaplin deyir: “Bundan sonra onların ciddi problemləri yaranır: xəstəlik, ruh düşkünlüyü, ümidsizlik”.

Omsk rəsmisi Konstantin Sayenko isə deyib ki, qorxunc maska və geyimlər geyən sakinlər şəhərin digər sakinlərinin haqlarını pozmuş olacaqlar. Çünki belə libaslar insan psixikasına mənfi təsir edir, xüsusən də uşaqların.

Halloween ənənəsi qədim keltlərdən (Avropanın qədim sakinlərindən) gəlir, daha dəqiqi onların məhsul bayramından. Keltlər bu bayramı qışın başlanğıcı saydıqları 1 noyabrda qeyd edərdilər. Bayram ölüm allahının adı ilə bağlı idi. Keltlər inanırdılar ki, həmin gün ölənlərin ruhu öz evlərinə qayıdır.

Katolik kilsəsi bu bayramı 9-cu əsrdə əxz edib. Roma papası 4-cü Qreqorinin vaxtında.

Amma sonda bu, Yeni il şənlikləri kimi həm də dünyəvi bayrama çevrilib.
Azərbaycanlı rəssam Şeirifn Halloween karikaturası
Azərbaycanlı rəssam Şeirifn Halloween karikaturası

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG