Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:27

Naxçıvanda yeni qaydalara əməl etməyən tələbələr dərsə buraxılmır


 Arxiv foto
Arxiv foto
-
NAXÇIVAN UNİVERSİTETİNİN PROREKTORU: "TƏLƏBƏLƏR ÖZLƏRİNİ HANSISA ARTİSTƏ, REPÇİYƏ OXŞADIRLAR."

Naxçıvanda yenə qadağalarla bağlı şikayətlər var. Bu dəfə muxtar respublikadakı ali məktəblərin oğlan tələbələrinə saqqallı və uzadılmış saçla dərsə girməyin qadağan olunduğu bildirilir. Naxçıvan Özəl Universitetinin adlarının çəkilməsini istəməyən bəzi tələbələri deyirlər ki, yeni qaydalara əməl etməyən tələbələr dərsə buraxılmırlar. Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən tələbələrdən biri bildirir ki, daha müasir görünmək üçün saçlarını uzatmağı xoşlayır. Onun sözlərinə görə, belə getsə ya saçlarından olacaq, ya da ki, oxuduğu təhsil müəssisəsindən qovulacaq:

“XƏBƏRDARLIQ EDİBLƏR Kİ, KİMİN UZUN SAÇI, SAQQALI VARSA QIRXDIRMALIDIR.”

“Mən özüm saç uzatmağı, saqqal saxlamağı xoşlayıram. Bir həftə olar xəbərdarlıq ediblər ki, kimin uzun saçı, saqqalı varsa qırxdırmalıdır. Yoxsa, dərsə buraxılmayacaqlar. İndi də bir neçə gündür buraxmırlar . Mənim kimiləri çoxdur universitetdə. Bizim də qırxdırmaq fikrimiz yoxdur. Necə olacaq bilmirik? Biz dərsə gedə-gedə içəri buraxmayıb “qayıb” yazırlar. Bizim hüququmuzu pozurlar. Biz əsgərik, yoxsa polis? Hansı təlimatda yazılıb bu? Qoy göstərsinlər, biz də qırxaq”.

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bu haqda danışa bilməyəcəklərini dedilər.

Naxçıvan özəl universitetinin prorektoru İbrahim Kazımbəyli isə bildir ki, tələbələr arasında maarifləndirmə işləri aparırlar. Ancaq prorektor tələbələrin saçı uzun və saqqalı halda dərsə buraxılmaması ilə bağlı deyilənləri təkzib etdi:

“BİZ MAARİFLƏNDİRİCİ SÖHBƏTLƏR EDİRİK.”

“Tələbələrlə söhbət aparılır ki, dərsə səliqəli gəlsinlər, özlərini kiməsə oxşatmasınlar. Milli mentalitetimiz var. Tələbəyə demirik ki, get saqqalını qırxdır gəl dərsə. Biz maarifləndirici söhbətlər edirik. Naxçıvandakı universitetlərin hər birinin özünün geyim qaydaları var, hər kəs də buna əməl etməlidir. Təmiz halda gəlməlidirlər. Bizim tələbələr özlərini hansısa artistə, repçiyə oxşadırlar. Biz deyirik ki, özünüzü bu hala salmayın. Universitetimizdə yüksək nizam intizam və yüksək təhsil səviyyəsi vardır. Dövlət universitetində də xarici görünüşlə bağlı tədbirlər görülür, maarifləndirilmə aparılır. Biz Şərq mədəniyyətinin adamlarıyıq. Biz Avropalı deyilik ki, “şortik” geyinək. Bizim xalqımızın milli mentaliteti var. Qoy, Avropa özünü bizə oxşatsın. Biz niyə pis ünsürləri özümüzə sırımalıyıq”?

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu isə ali təhsil müəssisələrində tələbələrə xarici görünüşlə bağlı hər hansı qaydanın tətbiq edilməsini düzgün saymır:

“BİZİM TƏHSİL QANUNUNDA MİLLİ MENTALİTETLƏ BAĞLI BƏND YOXDUR, ƏKSİNƏ...”

“Konstitusiyada və təhsil haqqında qanunda belə bir məhdudiyyət yoxdur. Kim necə istəsə geyinə bilər. Düzdür, hansısa daxili qayda ola bilər. Bu da tam demokratik şəkildə. Hamının fikri öyrənməlidir. Yoxsa, kiminsə göstərişi ilə ola bilməz. Yalnız o geyimə qadağa qoymaq olar ki, həmin geyim cəmiyyətdə mənfi rezonans yaratsın. Məsələn, alt paltarında dərsə getmək olmaz. Mən saqqal saxlayıram, bu mənim öz işimdir. Rektorun buna qarışmağa haqqı yoxdur. Bu insan haqlarının pozulmasıdır. Xarici ölkələrdə “şortik”lə dərsə gedirlər. Bizim təhsil qanununda milli mentalitetlə bağlı bənd yoxdur, əksinə orada Avropaya inteqrasiya ilə bağlı xüsusi qeyd var”.

Bundan əvvəl isə Naxçıvanda büdcədən maliyyələşən təşkilatlarda çalışan insanlara işə qısa qol köynəkdə gəlməyə icazə verilmədiyi söylənirdi.
XS
SM
MD
LG