Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:21

«Oğlumun qatili tapılsın»


Arxiv foto
Arxiv foto
-
“Üç il olacaq ki, oğlumu doğrayıb çay kənarına atıblar. Qatil hələ də azadlıqda gəzir”.

Bu, Gəncə sakini Elxan Məmmədovun AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayətidir. O Müşfiqin 3 il əvvəl qətlə yetirildiyini, ancaq istintaq orqanının bu qətlin üstünü açmaqda “tənbəllik” etdiyini deyir:

ƏLİ AYAĞI DOĞRANMIŞ VƏZİYYƏTDƏ TAPILIB

“Mayın 16-dan 17-nə keçən gecə evdən gedib, sabahı gün eşitmişik ki, çay kənarından meyiti tapılıb. Əl-ayağı da doğranmış vəziyyətdə. İdmançı idi, pis adamların çevrəsinə düşdü, nə qədər dediksə, bizə qulaq asmadı, axırı belə oldu. Bu öz yerində. Ancaq bu cinayəti bir törədən var axı. Niyə istintaq orqanı cinayətkarı tapmaq istəmir? O adam sabah da bir başqasının ailəsinə faciə gətirəcək”.

Elxan Məmmədov şübhələri barədə istintaqa məlumatlar verdiyini deyir. Onun iddiasına görə, istintaq onun şübhələrini araşdırmır?

“Konkret demişəm ki, bu cinayəti törədən filankəsdir. Ancaq çağırmırlar, dindirmirlər. Bunlar bir tərəfə, hadisə Gəncədə baş verib, biz də Gəncədə yaşayırıq, ölünü basdırıldığı yerdən – çay kənarından çıxarıb aparıb qəbiristanlıqda basdırıblar, bizə xəbər etməyiblər. Bu ölü yiyəsiz deyildi axı. Ailəsinə xəbər verməməkdə nə maraqları vardı?”

İSTİNTAQA ADI ÇƏKİLƏN ADAMLAR DİNDİRİLİB, ANCAQ...

Gəncə prokurorluğundan “Qaynar xətt”ə bildiriblər ki, 26 yaşlı Müşfiq Məmmədovun qətli ilə əlaqədar Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb. Atası Elxan Məmmədovun istintaqa adını çəkdiyi adamlar dindirilib, ancaq qətllə əlaqələri üzə çıxmayıb. Prokurorluq Elxan Məmmədovun istintaqa bildirdiyi bütün şübhələri araşdırdığını deyir.

Prokurorluqdan onu da bildirdilər ki, Müşfiq Məmmədov əvvəllər həbsdə olub. Həbsdən çıxandan sonra narkotik aludəçisinə çevrilib. Onun çevrəsindəki şübhəli bilinən hər kəs dindirilib, istintaq hərəkətləri aparılıb.

Elxan Məmmədov Müşfiqin əvvəllər dələduzluq cinayətinə görə həbsdə olduğunu və narkotiklərdən istifadə etdiyini təsdiqləyib. O, oğlunu qətlə yetirənin də həmin çevrədən olduğunu iddia edir.
XS
SM
MD
LG