Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:26

Azərbaycan xəbərləri

Azərbaycanda sürüşmə təhlükəsi artıb

Azərbaycanın sürüşmə zonalarında intensiv aktivləşmə başlayıb. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin müdiri Elbrus Əlizadə deyib.

O bildirib ki, Bakı daxilində, özəlliklə Zığ massivində, Masazır ərazisində, Azərbaycanın rayonlarından Lənkəran-Lerik yolunun 16-17-ci kilometrliyində aktivləşmə fəallaşıb.

E.Əlizadə qeyd edib ki, Şamaxıdakı Muğanlı kəndi ərazisində, Muğanlı-İsmayıllı yolunda və digər zonalarda da fəallaşma başlayıb:

“Belə getsə, sürüşmə ərazilərində aktivləşmənin sürətlənmə ehtimalı çox böyükdür. Əgər yağıntılar bir neçə gün də davam etsə, sürüşmə sahələrində sürətlənmə artacaq”.

Coğrafiya İnstitutunun şöbə müdiri bu gün üçün ən təhlükəli sürüşmə zonalarının adını da açıqlayıb.

O bildirib ki, hazırda ən çox təhlükə zonalara Bakıdakı sürüşmə sahələri, Şamaxının Muğanlı kəndi, Muğanlı-İsmayıllı şosesi, Ağsu aşırımı, Lənkəran-Lerik yolu, Bakı-Rusiya yolunun Siyəzən, Şabran rayonu ərazisindən keçən hissəsi (Vəlvələ çaya kimi) daxildir.

Bütün xəbərləri izləyin

1477 gündəlik yoluxma aşkarlanıb, 21 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 min 477 yeni yoluxma faktının qeydə alındığı və bu virusa yoluxanlardan 628 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan oktyabrın 25-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 21 nəfər də vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 517 min 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 485 min 232-si sağalıb, 6 min 915-i vəfat edib, aktiv xəstə sayı 25 min 655-ə yüksəlib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Prezident Qubadlıda

İ.Əliyev və M.Əliyevanın Zəngilan və Qubadlıya səfəri. Foto arxiv

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak edib.

O, habelə "Azərenerji" ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarına qatılıb.

Sonra İ.Əliyevin Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdüyü qeyd edilir.

Bu gün, oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsinin bir ili tamam olur.

Xatırlatma

2020-ci il İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Qubadli rayonu daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Toy karvanında cərimələnənlər var

Bakıda Azərbaycan və üzərinə ərəb əlifbası ilə sözlər yazılan müxtəlif rəngli bayraqların qaldırıldığı toy karvanı təşkil edənlərin cərimələndiyi bildirilir. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Sosial şəbəkə istifadəçiləri mərasimi dini bayraqların qaldırıldığı və dini mahnıların səsləndiyi toy karvanı kimi dəyərləndiriblər.

Olayı Daxili İşlər Nazirliyindən (DİN) də "Turan"a təsdiqləyiblər. Nazirliyin Mətbuat xidmətindən verilən açıqlamada qeyd edilib ki, hadisə oktyabrın 24-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Bildirilib ki, karantin rejimi qaydalarını pozan toy şənliyinin təşkilatçıları saxlanıb. (Koronavirus pandemiyası ilə bağlı 2020-ci il martından Azərbaycanda karantindir) Qeyd edildiyinə görə, şənlikdə iştirak edənlərin bir neçəsinin COVID-19 pasportu olmadığı üçün onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin rejiminin pozulması) maddəsinə əsasən, 200 manat cərimələniblər. (Toy şənliklərinə peyvənd edilməsi ilə bağlı pasport və ya əks göstəriş sertifikatı olan şəxslər buraxılır)

16 avtomobil cərimə meydançasına aparılıb

Rəsmi açıqlamaya görə, həmin karvanda olub avtoxuliqanlıq etmiş 16 sürücünün avtomobilləri cərimə meydançasına aparılıb. Habelə bildirilib ki, toy iştirakçılarından birinin axtarışda olduğu məlum olub.

"Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir", - rəsmi açıqlamada vurğulanıb.

Bu açıqlamaya mərasimin təşkilatçıları və məsuliyyətə cəlb edilən şəxslərdən münasibət almaq mümkün olmayıb.

Azərbaycan və İranın xarici işlər nazirləri danışıblar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hossein Amir Abdollahian

Oktyabrın 23-də Azərbaycan və İran xarici işlər nazirləri Ceyhun Bayramovla  Hüseyn Əmir-Abdullahianınin telefon danışığı baş tutub.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, nazirlər ikitərəfli münasibətlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparıblar.

Son həftə ərzində baş vermiş inkişafı müsbət dəyərləndirən nazirlər, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı İranın müvafiq qurumlarının yaydığı xəbərdarlığı, eyni zamanda Azərbaycan tərəfindən 2 İranlı sürücünün buraxılmasını qarşılıqlı müsbət addım kimi vurğulayıblar.

Telefon danışığı zamanı Birgə Hökumətlərarası Komissiyanın, İranın yeni administrasiyası tərəfindən yenilənmiş tərkibdə fəaliyyətinin davam etdirilməsinin əhəmiyyəti ifadə olunub.

Tərəflər bütün fikir müxtəlifliklərinin dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər- deyə nazirliyin yaydığı açıqlamada bildirilir.

Kürdəmirin sabiq icra başçısına hökm oxundu

C.Cəfərov

Oktyabrın 22-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı keçmiş icra başçısının 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə C.Cəfərovu təqsirli bilərək ona 8 il 6 ay həbs cəzası verib. O, həmçinin, 2 il 6 müddətinə dövlət və yerli idarəetmə orqanlarında vəzifə tuta bilməz.

Həmin cinayət işi üzrə təqsirləndirilən başqa şəxslərə isə müxtəlif illər üzrə cəzalar verilib.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı C.Cəfərov ötən il həbs edilmişdi. O, ittihamları qəbul etmirdi.

C.Cəfərov rüşvət və başqa oxşar əməllərdə günahlandırılırdı. O, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı (2014-2020) olmazdan əvvəl də 3 il Tərtər rayonunda eyni vəzifəni tutub.

Azərbaycanda 19 məktəb distant təhsilə keçib

Dərslər başladı. COVID-19 valideynləri qorxudurmu?
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Ölkə üzrə yeni tədrisə başlanılan tarixdən (22 sentyabr) indiyədək 4 min 432 ümumi təhsil müəssisəsindən 19-u, 89 min 674 sinifdən isə 505-i koronavirusla bağlı distant formaya keçirilib.

Bu barədə Təhsil və Səhiyyə nazirliklərinin birgə məlumatında bildirilir.

Məlumata görə, bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib: "İndiyədək 1 milyon 595 min 108 şagirddən 3 min 477-si (0.2 faiz), məktəblərdə çalışan 229 min 871 nəfər heyətdən 2 min 494-ü (1 faiz) COVID-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1 min 755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib".

Rəsmi açıqlamada sonra da bildirilir: "Hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir. Yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır".

Azərbaycanda koronavirusla bağlı 2020-ci ilin martından yeni tədris ilinə qədər dərslər qarışıq formada keçirilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə oktyabrın 22-nə kimi ümumilikdə 509 min 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 min 829-nun vəfat etdiyi bildirilib.

Azərbaycanda problemli kreditlərin həcmi azalıb

Manat

Bu ilin oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 871.1 mln. manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Qurumun hesabatına görə, bu göstərici son bir ayda 3.7 faiz azalıb. Açıqlamaya görə, problemli kreditlər bütöv kredit portfelinin 5.6 faizinə bərabərdir. AMB-dən bildirildiyinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 18.6, ilin əvvəli ilə müqayisədə isə 2.5 faiz azalıb.

Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş verib, manat iki dəfədən çox dəyər itirib. Onda problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərin həlli ilə bağlı fərman verdi. Onda 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə iki dəfə baş vermiş devalvasiyalardan sonra yaranmış fərq dövlət hesabına ödənildi. Bundan sonra problemli kreditlər azaldı. Amma bu ilin əvvəlində yenidən bu kreditlərin artdığı açıqlanmışdı. Bu, onda koronavirus pandemiyasi ilə izah edilirdi.

Sərdar Babayev həbs edilib

Sərdar Hacıhəsənli (Babayev)

Oktyabrın 19-da saxlanan Azərbaycan Ruhanilər Birliyinin üzvü, maide.az saytının baş redaktoru, ilahiyyatçı Sərdar Babayev barəsində həbs-qətimkan tədbiri seçilib.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, S.Babayevə qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Vəkilin vurğulamasına görə, istintaq orqanın təqdimatına əsasən Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ruhanilər Birliyindən saxlananlar var

Oktyabrın 19-da Azərbaycan Ruhanilər Məclisinin üzvləri - Sərdar Babayev, Cəlal Şəfiyev, Qadir Məmmədov Təmkin Cəfərovun saxlanıldığı bildirilir. Onların hamısının maide.az saytının əməkdaşları olduğu da deyilir. (Sərdar Babayev redaktorudur)

Həmin şəxslərin yaxınları bildirib ki, onları dünən, oktyabrın 19-da saat 16:17 radələrində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları saxlayıb, evlərində axtarış aparılıb: "Kompüterlər və telefonlar götürülüb. Səhər saatlarında Cəlal Şəfiyevi və Qadir Məmmədovu sərbəst buraxsalar da, bir neçə saat sonra onları yenidən saxlayıblar".

Bu deyilənlərlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Oktyabrın 19-da ilahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlunun da saxlandığı açıqlanmışdı. Amma gecə saatlarında o, Dövlət Təhlükəsizliyi Xidmətində şahid qismində dindirildikdən sonra sərbəst buraxıldığını açıqlayıb.

Xatırlatma

Azərbaycan Ruhanilər Birliyinin üzvü, maide.az saytının baş redaktoru Sərdar Hacıhəsənli (Babayev) ötən ilin fevralında həbs müddəti başa çatdıqdan sonra sərbəst buraxılmışdı. O, 2017-ci ildə 3 il həbs cəzası almışdı. Ona Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilmişdi. Müdafiə tərəfi ittihamı qəbul etmirdi.

2005 yeni yoluxma aşkarlanıb, 20 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 min 5 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan da 1 min 11 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan oktyabrın 21-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 20 nəfər də vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 509 min 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 481 min 696-sı sağalıb, 6 min 829-u vəfat edib, aktiv xəstə sayı 21 min 337-yə yüksəlib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycan futbolda geriləməkdə davam edir

Futbol

Milli komandaların FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) reytinqi açıqlanıb.

Hesabat dövründə keçirilən Dünya Çempionatı-2022-nin seçmə oyunları və yoldaşlıq görüşləri cədvəldə bir sıra dəyişikliklərə səbəb olub.

Son bir ayda iki qarşılaşmada da uduzan Azərbaycan yığması geriləyib. (İrlandiyaya 0:3, Serbiyaya isə 3:1 hesabı ilə məğlub olub)

1146 xala malik Azərbaycan dünya reytinqində 119-cu yerə düşüb. O, ötən ayla müqayisədə iki pillə geriləyib.

Azərbaycanın qonşuları Ermənistan 89-cu, Gürcüstan isə 93-cü yerdə qərarlaşıb.

Azərbaycanda azarkeşləri olan Türkiyə yığması isə 1460 xalla 39-cudur. "Ay-ulduzlular" iki addım irəliləyib.

Cədvəldə Belçika (1832) və Braziliya (1820) ilk iki pillədəki mövqeyini qoruyub. Fransa (1779) isə ötən ay İngiltərəyə təhvil verdiyi 3-cü pilləni geri alıb.

Siyahıda sonuncu - 210-cu yerdə San-Marino qərarlaşıb.

Azərbaycanın FIFA reytinqində ən yüksək göstəricisi 2014-cü ilin iyununda qeydə alınıb. Onda ilk dəfə Azərbaycan milli futbol komandası reytinqdə 73-cü pilləyə yüksəlmişdi.

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə danışıb

Karen Donfrid

Tərəflər, iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıb və bir sıra istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Bu gün, oktyabrın 20-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Karen Donfrid Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü münasibətilə təbriklərini çatdırıb:

“Tərəflər, iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıb və bir sıra istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.Telefon danışığı zamanı, həmçinin regiondakı münaqişə sonrası vəziyyət müzakirə edilib.”

Bildirildiyinə görə, Ceyhun Bayramov Ermənistan-Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşdırılması ilə bağlı ölkəsinin mövqeyini dövlət katibi köməkçisinin diqqətinə çatdırıb:

“Öz növbəsində Karen Donfrid iki ölkə arasında münasibətlərinin normallaşdırılmasının vacib olduğunu və ABŞ-ın bu xüsusda dəstək verməyə hazır olduğunu qeyd edib.”

Nazirliyin qeyd etməsinə görə, tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti Azərbaycanın Dövlət Müstəqilliyini bəyan edib.

Həmin Konstitusiya Aktinda Azərbaycan Respublikasının 1918-ci il mayın 28-də yaradılan və iki il ömür sürən Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu açıqlanıb.

Azərbaycan 1920-ci ildən 1991-ci ilə qədər əvvəlcə Rusiyanın, daha sonra isə SSRİ-nin tərkibində olub.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü il atəşkəsinə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Prezident Zəngilanda olub

İ.Əliyevin Qubadlı və Zəngilana səfəri. 24 dekabr 2020

Bu gün, oktyabrın 20-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı rayonun Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə və Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub. Habelə onlar "Azərişıq" ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və 110/35/10 kV-luq "Zəngilan" yarımstansiyasının açılışında iştirak ediblər.

Oktyabrın 20-də Zəngilan rayonunun işğaldan azad edilməsinin bir ili tamam olur.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü il atəşkəsinə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Qusar xəstəxanasının direktoru tutulub

Baş Prokurorluq

"Qusar rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru rüşvət iddiası ilə tutulub.

Bu barədə oktyabrın 20-də Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, direktor Mübariz Zeynalov dünən, oktyabrın 19-da xəstəxanadakı xidməti otağında rüşvət alarkən saxlanıb: "Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanaraq, Mübariz Zeynalov şübhəli şəxs qismində tutulub".

Rəsmi açıqlamaya direktor və ya onun yaxınlarının münasibətini almaq mümkün olmayıb.

Qaytarılan əsirləri Yerevanda Rusiya səfiri qarşılayıb

Qaytarılan əsirlər.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Erebuni" aeroportuna enən, içində beş əsir olan Rusiya təyyarəsini qarşılayıb. Bu haqda AzadlıqRadiosunun erməni xidməti (Azatutyun) səfirliyin Facebook-dakı səhifəsinə istinadla yazır.

"Azatutyun" artıq Azərbaycanda qaytarılan əsirlərin sayının 114-ə çatdığını, onların içində həm hərbçilər, həm də mülki şəxslər olduğunu bildirir.

Azərbaycan ötən ilin noyabrında hərbi əməliyyatlar dayananda sonra öz ərazisində saxlanan erməni hərbçiləri "terrorçu-diversant" sayırdı. Ancaq sonradan onların bir qisminə daha yüngül cəza kəsildi və mina xəritələri əvəzində azad olundular.

Ermənistanın isə Azərbaycana 15 nəfəri təhvil verdiyi bildirilir.

Azərbaycan daha 5 erməni hərbçini qaytarıb

AzadlıqRadiosunun erməni xidməti Azərbaycan mediasına istinadən daha beş əsirin Ermənistana qaytarıldığını yazır.

Azərbaycan mənbələrinin verdiyi məlumata görə, bunlar ağır olmayan cinayətlərə görə məhkum edilənlərdir. Rəsmi Yerevan hələ ki bu xəbəri şərh etməyib.

Beləliklə, Azərbaycandan Ermənistana qaytarılanların sayı 113-ə çatıb. Onların arasında həm hərbçilər, həm də mülki şəxslər var.

Erməni tərəfinin dəqiqləşdirilməmiş məlumatına görə, Azərbaycanda hələ də onlarca erməni əsir saxlanır.

Rüstəm Muradov aparıb?

Rəsmi Bakı bütün hərbi əsirləri qaytardığını bildirir. Azərbaycan 10 noyabr üçtərəfli bəyanatından sonra saxlananları hərbi əsir yox, terrorçu hesab etdiyini bildirib.

"Turan" agentliyinin verdiyi məlumata görə, azad olunanları Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı Rüstəm Muradov təyyarə ilə Yerevana çatdırıb.

Prezident Avropadan gələn elçini qəbul edib

Görüş

Prezident İlham Əliyev oktyabrın 19-da Avropa Birliyinin xüsusi nümayəndəsi Toyvo Klaarı qəbul edib.

Rəsmi açıqlamaya görə, görüşdə əməkdaşlıq məsələlərindən bəhs edilib. "Söhbət zamanı həmçinin Şərq Tərəfdaşlığının qarşıdan gələn Zirvə toplantısı barədə fikir mübadiləsi aparıldı", - rəsmi məlumatda vurğulanıb.

Azərbaycan Avropa Birliyi (AB) ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, Belarus və Azərbaycan) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir.

Laçında komanda-qərargah təlimi başlayıb

Laçın rayonunda Azərbaycan-Türkiyə birgə təlimi. Foto arxiv

Bu gün, oktyabrın 19-da Laçında komanda-qərargah təlimi başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun həyata keçirilir: "Təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur. Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsi ilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır".

Laçın rayonu ötən il 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə keçib. Amma bu rayondan keçən (Laçın şəhərindən) və Ermənistanla Qarabağı birləşdirən eni 5 kilometrlik dəhlizə Azərbaycan yox, Rusiya nəzarət edir. Ümumilikdə, həmin müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Laçın rayonu daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizi yaradılıb, orada və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Xatırlatma

Müasir mərhələdə (kökü 20-ci əsrin əvvəllərinə dayanır) Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bəxtiyar Hacıyev sərbəst buraxılıb

Bəxtiyar Hacıyev

Hacıyev oktyabrın 18-də öz Facebook səhifəsində Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirəcəyini bildirmişdi

İctimai fəal Bəxtiyar Hacıyev oktyabrın 18-də axşam saatlarında Səbail Rayon 9-cu polis bölməsində izahat yazandan sonra sərbəst buraxılıb. Bu barədə Hacıyevin özü məlumat verib.

Məsələyə Daxili İşlər Nazirliyindən isə münasibət almaq mümkün olmayıb.

***

Bundan əvvəl verilən xəbərdə bildirilirdi ki, ictimai fəal Bəxtiyar Hacıyevin bugün, oktyabrın 18-də saxlandığı deyilir.

Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.

Hacıyev oktyabrın 18-də öz Facebook səhifəsində Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirəcəyini bildirmişdi.

Fəalın iddiasına görə, ona qarşı aylardır hüquq-mühafizə orqanları, məhkəmələrin birgə kampaniyası həyata keçirilir.

Rüfət Səfərovun sözlərinə görə, fəal aksiyaya gedərkən saxlandığı ehtimalı var:

"Hazırda onun Səbail rayonun 9-cu polis bölməsində olduğu ilə bağlı məlumat var".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Hacıyevin bir müddət əvvəl ailəsinin və özünün təhqirlərə məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət verdiyi açıqlanmışdı.

Onun bildirməsinə görə, nə həmin, nə də sonradan məhkəməyə şikayətləri təmin edilib.

Xatırlatma

Harvard Universiteti məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında həbs edilmişdi.

Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.

Azərbaycan və Qətər viza rejimini ləğv etdi

Qətərin paytaxtı Doha

"Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında" Saziş imzalanıb.

Sazişi bu gün, oktyabrın 18-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani imzalayıblar.

Qətər-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri Məhəmməd bin Əbdülrəhman Əl-Taninin başçılıq etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.

Azərbaycan bu günlər eyni məsələ ilə bağlı Serbiya ilə də razılıq əldə etmişdi.

Ölkənin bəzi müxalifət partiyaları isə hesab edir ki, Azərbaycan Avropaya inteqrasiya olunmalı, Avropa Birliyinə üzv ölkələrə vizasız getmək imkanı əldə edilməlidir.

Cəbhəçi inzibati qaydada həbs edilib

Polis

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elxan Əliyevin oktyabrın 16-da inzibati qaydada həbs olunduğu bildirilir.

Bu barədə AXCP-dən məlumat verilib.

AXCP-dən vurğulandığına görə, o, oktyabrın 15-də, saat 17:20 radələrində yoxa çıxıb: "Oktyabrın 16-da isə məlum oldu ki, Elxan bəy Xətai rayon 37-ci polis bölməsindədir. Barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib edilib. Ona qondarma polisə müqavimət ittihamı ilə Xətai rayon Məhkəməsində 20 sutka inzibati həbs cəzası verilib".

Bu deyilənlərə Xətai rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

AXCP-nin hazırda 10 civarında fəalı müxtəlif ittihamlarla uzunmüddətli və ya qısa inzibati qaydada həbsdədir. Partiya onların şərləndiyini, siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Rəsmilər isə ölkədə siyasi həbslərin olması ilə bağlı iddiaları, bir qayda olaraq, yalanlayırlar.

Yeni partiya yaranıb

Q.İbadoğlu

Azərbaycan Demokratiya və Rifah Hərəkatının oktyabrın 17-də qurultayı keçirilib. Tədbir onlayn formatda baş tutub.

Bu barədə hərəkatın sədri, iqtisadçı Qubad İbadoğlu AzadliqRadiosuna söyləyib. Onun sözlərinə görə, 88 nəfər qurultay nümayəndəsindən 82-nin iştirak etdiyi tədbirdə həm partiyanın, həm də Ali Məclisin sədri seçilib: "Üç aydan bir toplanacaq Məclis sədr müavini, katibi və İdarə Heyətini seçəcək. Qurultay artıq Nizamnamə və Proqramını qəbul etdi, sədrini, 7 nəfərdən ibarət Mərkəzi Nəzarət Təftiş Komissiyasını seçdi, 64 nəfərdən ibadət Ali Məclisini formalaşdırdı, rəhbər orqanlara seçkini başa çatdırmaq üçün Ali Məclisə səlahiyyət verdi".

Q.İbadoğlu dörd illiyinə sədr seçildiyini vurğulayıb. O, qurultayı onlayn formada keçirmək məcburiyyətində olduqlarını söyləyib. Koronavirus pandemiyası ilə bağlı ötən ilin martından Azərbaycanda karantin rejimidir.

Demokratiya və Rifah Hərəkatının 2015-ci ilin fevralında təsis konfransı keçirilmişdi.

Azərbaycanda 50 civarında siyasi partiya olduğu bildirilir.

Gəncədə anım yürüşü keçirilib

Gəncə şəhəri, Qarabağ müharibəsi dövründə Ermənistan tərəfdən atılan raketlərin dağıtdığı ərazi

Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasının ildönümü ilə bağlı şəhərdə yürüş keçirilib.

Bu barədə AZƏRTAC məlumat yayıb. Məlumata görə, anım aksiyası Gənclər Fondu və Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirililib. Aksiyada 44 günlük müharibə dövründə və atəşkəs dönəmində erməni silahlı biləşmələrinin açdığı atəşlər nəticəsində həyatını itirən insanlar yad edilib.

Rəsmi məlumata görə, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində Ermənistan ərazisindən Gəncə şəhərinə raketlər atılıb. Şəhərin Aida İmanquliyeva (keçmiş Muxtar Hacıyev küçəsi) və Samir Xasıyev küçələrinə düşən raket zərbələri nəticəsində 15 dinc sakin həlak olub, 55-dən çox insan yaralanıb.

Həmin küçələrdə yerləşən 15 fərdi yaşayış evi dağılıb, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəyib. Həlak olan və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar olub.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada onlar yenidən üçtərəfli bəyanat imzalayıblar.

Həmin bəyanat isə əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Hökumətə tapşırıq: sosial müavinət, əməkhaqqı və təqaüdlərin artırılması təklifləri hazırlansın

İlham Əliyev, Bakı, 18 iyul 2021

Prezident İlham Əliyev, əməkhaqqı, təqaüd və sosial yardımların artırılması ilə bağlı Nazirlər Kabinetinə təkliflər hazırlamağı tapşırıb.

Belə bir tapşırıq Prezidentin oktyabrın 16-da „Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında“ verdiyi sərəncam yer alıb.

Bu barədə prezidentin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Sərəncamda ölkə əhalisinin rifahın yaxşılaşdırılmasının aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən olduğu bildirilir. Qeyd olunur ki, bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilib, müavinət və təqaüdlərin məbləği orta hesabla 92%, əmək pensiyasının minimum məbləğinin 72%, minimum əməkhaqqının 92%, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta hesabla 50% artırılması təmin edilib.

„Görülmüş tədbirlər nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39%, əmək pensiyalarının orta məbləğində 60%, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artım əldə olunmuşdur.“

Sənəddə vurğulanır ki, 2021-ci ildə ölkə COVID-19 pandemiyasının yaratdığı sarsıntıları geridə qoyaraq, inamlı şəkildə iqtisadi bərpa yoluna qayıdıb.

„Bununla yanaşı qeyd olunmalıdır ki, dünya iqtisadiyyatında bərpa meyillərinin güclənməsi müşahidə olunmaqdadır. Lakin dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaratmışdır“.

Sərəmcanda vurğulandığına görə, bu vəziyyət ölkəyə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir.

Sərəncamda bunun beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi daşıdığı vurğulanır.

Nazirlər Kabinetinə tapşırılır ki: „Əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin“ deyə sərəncamda qeyd olunur.

Britaniyada 700 milyon dollarlıq əmlak prezident ailəsinə məxsusdur
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Azərbaycan Ermənistan kəndinə atəş açmadığını bildirir

Nazirliyin Twitter hesabından yazılan postda bildirilir ki, Ermənistan tərəfinin yaydığı bu məlumat həqiqətə uyğun deyildir

Azərbaycanın Müdafiə Nazirliyi oktyabrın 15-də Azərbaycan silahlı qüvvələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə erməni tərəfinin verdiyi məlumatı təkzib edib.

Nazirliyin Twitter hesabından yazılan postda bildirilir ki, Ermənistan tərəfinin yaydığı bu məlumat həqiqətə uyğun deyildir.

Bundan əvvəl AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun Ermənistan Müdafiə Nazirliyinin məlumatına əsasən yazırdı ki, Azərbaycan silahlı qüvvələri oktyabrın 15-də yerli vaxtla gündüz saat 15:00-da Ermənistanın Ararat vilayətindəki Yerasx (Arazdəyən-red) kəndi və bu ərazidəki erməni mövqeləri istiqamətində atəş açıb.

Bu da bildirilirdi ki, atəş nəticəsində sakinlərdən birinin tövləsi və ot bağlamaları yanıb.

Məlumatda deyilirdi ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri və mülki əhali arasında tələfat olmayıb.

Respublika Günü Müstəqillik Günü oldu

Azərbaycan bayrağı

Bu gün, oktyabrın 15-də Milli Məclisdə "Müstəqillik Günü haqqında" qanun layihəsi üçüncü (sonuncu) oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunur.

Layihə üçüncü oxunuşdan da keçib.

İndiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

1918-ci il mayın 28-də iki il ömür sürən Azərbaycan Cümhuriyyəti yaranıb. 1991-ci il oktyabrın 18-də isə Müstəqillik haqqında Konstitusiya Aktı qəbul edilib. Orada yazılıb ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisidir. AXC devriləndən sonra Azərbaycan SSRİ-nin tərkibində olub.

Bu layihə ilə bağlı məlumatlar yerli saytlarda yayıldıqdan sonra bəzi sosial şəbəkə istifadəçiləri və müxalifət öz narazılıqlarını bildiriblər. Onlar, əsasən, Respublika Gününün adının dəyişdirilməsini tənqid ediblər. Hətta bəzi narazılar "əlvida Respublika" kimi ifadələr də işlədiblər. Onlar hesab edirlər ki, hazırkı hakimiyyət reallıqda, respublika dəyərləri kimi, onun adından da imtina etməkdədirlər.

İnvestisiya qoyuluşu azalıb

Manat

Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 9 milyard 560.2 milyon manat vəsait yönəlib.

Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.7 faiz azdır.

DSK bildirib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9.7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 8 faiz azalıb.

Qiymətlər nə qədər qalxıb

Komitədən vurğulandığına görə, hesabat dövründə istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən 5.2 faiz bahalaşıb. Bunun ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 6, qeyri-ərzaq məhsulları üzrə 4.4, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 4.6 faiz təşkil etdiyi açıqlanıb.

Sentyabrda bahalaşmanın əvvəlik aya nisbətən 1.8, əvvəlki ilin sentyabr ayı ilə müqayisədə isə 8.5 faiz təşkil etdiyi vurğulanıb.

Amma Azərbaycanda müstəqil iqtisadçılar hesabat dövründə inflyasiyanın ikirəqəmli olduğunu düşünürlər. Onların fikrincə, rəsmi məlumat reallıqdan çox uzaqdır.

ÜDM 4.8 faiz artıb

DSK-nın bu gün, oktyabrın 15-də yaydığı açıqlamada habelə bildirilir ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 62 milyard 877.4 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bunun da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.8 faiz çox olduğu qeyd edilir.

"İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.4 faiz, qeyri neft-qaz sektorunda isə 6.2 faiz artmışdır", - açıqlamada deyilir.

Davamı

XS
SM
MD
LG